Gündəm

Türkiyə ilə vahid ordu – niyə də olmasın?

17-11-2016, 18:25
  

İrəvan-Moskva hərbi əməkdaşlığının yeni formata keçməsi iki qardaş ölkəni analoji addım atmaq zorunda qoyur... 

 

Qarabağ konfliktinin həllində daha bir illik fürsət əldən çıxdı. Ötən illərdəki kimi, yenə başlıca səbəb əlbəttə ki, aparıcı güclərin məsələyə ikili standart prizmasından baxması, Ermənistana işğalçı kimi yanaşmaması ilə bağlıdır. Son olaraq, bu barədə bir daha Azərbaycan prezidenti Ilham Əliyev Bakıda Dünya Xəbər Agentlikləri V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimindəki çıxışı zamanı danışıb.

Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu bir daha xatırladan ölkə başçısı deyib: "SSRİ dövründə Azərbaycanın muxtar vilayəti olan Dağlıq Qarabağ və 7 rayon işğal edilib, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan tərəfindən etnik təmizlənmə aparılıb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində işğalçı erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması tələbi qoyulub. Ancaq Ermənistan bu tələbləri vecinə almır. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində yerinə yetirilir, amma bizim məsələ ilə bağlı 20 ildən çoxdur uzanır. Bu, Azərbaycana ikili standartların tətbiqindən xəbər verir. Təhlükəsizlik Şurasının qətnamələrinin icrası ilə bağlı mexanizmlərə baxılmalıdır...
İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Avropa strukturları da oxşar qərarlar qəbul edib. Lakin Ermənistan həmin sənədlərə də məhəl qoymur. İşğal olunmuş ərazilərdə məscidlər, abidələr dağıdılır. ATƏT-in göndərdiyi iki faktaraşdırıcı missiyanın hesabatları da bunu təsdiqləyib. Bakıda isə erməni kilsəsi mühafizə olunur".

Image result for Türkiyə ordusu ilə birgə

Dövlət başçısı bir daha vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: "Çünki Azərbaycanın ərazi bütövlüyü digər ölkələrin ərazi bütövlüyü qədər dəyərlidir. Keçmiş sovet məkanında münaqişələrin ərazi bütövlüyü çərçivəsində həlli prinsipi Dağlıq Qarabağ münaqişəsinə də tətbiq edilməlidir”.

*****  
Bu arada Ermənistanla onun əsas havadarı Rusiya arasında vahid ordu yaradılması ilə bağlı məsələ Azərbaycanda da ciddi müzakirə mövzusudur. Söhbət öncəliklə belə bir hərbi qruplaşmanın hansı zərurətdən doğmasından, regiona və Dağlıq Qarabağ məsələsinə nə vəd eləməsindən gedir. Bu xüsusda şərh və rəylər müxtəlifdir.      

    Image result for Zahid Oruc

"Rusiya və Ermənistanın vahid ordu birləşmələrinin yaradılması ilə bağlı qərar xeyli müddətdir aparılan danışıqların nəticəsidir”. Deputat Zahid Oruc axar.az-a belə deyib. Onun sözlərinə görə, aprel döyüşlərindən sonra Rusiya belə mövqe tutmaqla ermənilərin etirazlarını neytrallaşdırmağa çalışır və bu addım Ermənistanın təhlükəsizliyinin bütövlükdə Rusiyanın əlinə keçməsi, şimal bölgəsindəki 66-cı ordunun böyük kontingentinin hər an Ermənistan üçün ayağa qalxması ilə bağlı suallara aydınlıq gətirib.

"Sözügedən qərarı az qala vahid dövlət anlamında qəbul etmək çox yanlışdır. Bu gün Rusiyanın Ermənistan üzərində güclü nəzarəti var və təkcə Gümrüdəki hərbi baza deyil, oradakı hərbi təhsil, siyasi elitaya bütövlükdə nəzarət bu ölkənin bütün hərəkətlərini diktə etməyə imkan verir. Ermənilər hər zaman çalışıblar ki, ruslar onların əvəzindən Qarabağda vuruşsunlar. Bunun üçün də sözügedən sənədi Rusiya-Azərbaycan münasibətlərini korlamaq üçün yetərincə təbliğ edəcək, böyük ehtimalla, bu mənada Azərbaycan və Türkiyəni oxşar addımlar atmaq üçün stimullaşdırmağa çalışacaqlar” - deputat qeyd edib.

Onun fikrincə, Azərbaycan üçün önəmli olan Rusiya ilə hazırkı dövrdə formalaşan yüksək səviyyəli əlaqələrin qırılmamasıdır: "Ermənilər məhz bunu arzulayır. Onlar yenidən Bakı ilə Moskva arasında siyasi konfrontasiyadan istifadə edib, Qarabağda Rusiya ordusunu yerləşdirməyə və bununla da azərbaycanlıları səngərdə ruslarla üz-üzə qoymağa cəhd edəcəklər. Bu yolverilməzdir. Rusiyanın sözügedən qərarı qəti şəkildə Azərbaycan ərazilərinin işğalda saxlanılması üçün ermənilərə hərbi yardım və ya onların yerinə vuruşmaq anlamına gəlmir. Ruslar bu dönəmdə Qarabağda ermənilərinin əvəzindən savaşmayacaqlar”.

Zahid Oruc bu kontekstdə Azərbaycan və Türkiyə arasındakı hərbi razılaşmaların nə dərəcədə rol oynaya biləcəyinə də münasibət bildirib: "Əgər Rusiyanın atdığı addımlar daha böyük hədəflərə yönəlibsə, yəni təkcə Türkiyə deyil, eyni zamanda NATO əleyhinə prosesdirsə, bu, regionda hərbiləşmə prosesini daha da gücləndirəcək və ayrı-ayrı ölkələri alternativlər axtarmağa vadar edəcək. Türkiyə və Azərbaycan arasında ortaq ordunun yaradılması məsələsi parlamentdən də səsləndirilib. Bu, bir tərəfdən qabaqcıl bir NATO dövlətinin təcrübəsini əxz etməyə imkan verəcək, başqa bir tərəfdən isə Türkiyə və Azərbaycan vahid təhlükəsizliyi yönündə birgə addımlar atmaq imkanında olacaq. Türkiyənin bölgədə xüsusi olaraq hərbi maraqları var və bu, inkarolunmazdır. Hətta Gürcüstan və Azərbaycan Ermənistanın bu addımı qarşılığında başqa ölkələrlə oxşar hərbi birləşmələr yarada bilərlər”.

***** 
Ermənistanda isə müstəqil ekspertlər vahid ordu (qruplaşma) məsələsini daha çox bu ölkənin Rusiyadan artan asılılığı kontekstində şərh etməkdədirlər. O sırada Lragir.am-ın siyasi şərhçisi İqor Muradyan yazır:"Son illər Ermənistan Rusiya vassallığının çoxlu şərtləri ilə, xüsusən də hərbi sferaya aid şərtləri ilə razılaşıb. Ermənistan hətta öz silahlı qüvvələrinin Rusiya ordusu tərkibinə daxil edilməsinə razılıq verib. Bununla da qəti olaraq öz suverenliyini itirib”.

Image result for NATO

Erməni təhlilçinin sözlərinə görə, Ermənistan indi təkcə NATO-nun deyil, həm də ABŞ-ın rəqibi qismində olacaq: "Erməni hökuməti və hərbçiləri hələ özləri üçün təsəvvür edə bilmirlər ki, NATO və ABŞ-ln rəqibi statusunda olmaq nə deməkdir”. O əmindir ki, bundan sonra Ermənistan təkcə ABŞ-ın deyil, alyansın digər üzvlərinin də maliyyə və ya hərbi-texniki köməyinə ümid bəsləyə bilməyəcək: "Ermənistana təklif edilən imkanları hələ uzun müddət və böyük təəssüflə xatırlamalı olacağıq”.

Muradyanın fikrincə, Dağlıq Qarabağ məsələsi ilə bağlı ABŞ hər iki münaqişə tərəfinə dinc birgə mövcudluqla bağlı birdəfəlik layihənin gerçəkləşməsinə girişəcək: "Əgər bu dəfə də şərtlər rədd edilsə, Azərbaycan və Ermənistan seçdikləri şərtlər daxilində qalacaq. Ermənistan qarşısında isə olduqca konkret bir şərt qoyulacaq: ya o, Rusiyaya tabe olmaqda davam edir, ya da Şimali Atlantika alyansının rəqibi olur. Özü də bu mövzuda amerikanlar uzun müddət danışmayacaqlar,  hər şey iki-üç görüşlə bitəcək. Amerikanın Ermənistana iqtisadi yardımı nəinki məhdudlaşacaq, o tamamilə dayanacaq. Rusiya vassalının Qərbə, bütövlükdə Qərb toplumuna ümid etməsinə dəyməz. Bu şərtlər altında ehtimal eləmək olar ki, ABŞ üçün regionda Gürcüstan və Azərbaycanın tərəfdaş olması kifayət edəcək. Ermənistan isə yazıq rus müstəmləkəsi olmaq nəsibi ilə kifayətlənməli olacaq - hansı ki, dünya siyasətində ən yaxşı halda unudulacaq”.

Image result for İqor Muradyan

Erməni ekspert sonda sual edir: "Ermənistan öz taleyini seçmək üçün şansa malikdirmi? Belə təəssürat yaranır ki, artıq yox. Ermənilər göstərdilər ki, onların iradəsi və talantları yoxdur. Ermənistan NATO-nun rəqibidir. Demək, demokratik, sivil dünyanın da rəqibidir”.

***** 
Ermənistanın birmənalı şəkildə Kremlin vassalına çevrilməsi, o sırada "vahid ordu” adı ilə işğalçı ölkənin silahlı qüvvələrinin xeyli dərəcədə Rusiya tabeçiliyinə verilməsi əslində heç bir bloka qoşulmayan Azərbaycan üçün də yeni bir fürsət yaradır. Söhbət ən əvvəl qardaş ölkə ilə ortaq silahlı birləşmələrin yaradılmasından gedir. Bir millət - iki dövlətiksə, niyə də bir ordu - iki dövlət olmayaq ki? 

Bunu həmçinin region və onun ətrafında gedən və getdikcə mürəkkəbləşən təhlükəli proseslər diktə edir. Vahid ordu olmasa da, ən azından, ortaq təhlükəsizlik məsələsi Türkiyə və Azərbaycana hərbi əməkdaşlığı yeni səviyyəyə qaldırmağı diktə edir. Həm də ləngimədən. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]