Foto Fakt

Yasamalda nə baş verir? - İcra başçısının qəribəlikləri (FOTO)

26-02-2016, 22:04
Yasamalda nə baş verir? - İcra başçısının qəribəlikləri (FOTO)
Yasamal rayonunda son günlər geniş vüsət alan qanunsuz torpaq alveri ilə bağlı Qaynar.info-nun apardığı araşdırmalara təəssüf ki, hələ də aidiyyatı qurumlar biganə yanaşır.
Bu mövzuda son iki həftədə dərc etdiyimiz çoxsaylı yazılar və ortaya çıxardığımız faktlar havadan asılı qalıb. Təkcə Həsən Zərdabi küçəsi ilə bağlı iki faktı təkrar diqqətinizə çatdırırıq.

Belə ki, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 89 ünvanındakı 13X36 metrlik ərazi 2 il öncə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən sahibkar Ramiz Cəbrayıllıya verilib. Məlumatlara görə, sahibkar torpağı 500 min manata alb. Hələ iki il əvvəl ərazidə çoxillik ağacların kəsilməsinə başlanıldıqda isə yaxınlıqdakı binanın sakinləri Prezident Administarsiyasına, Səhiyyə Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər dövlət orqanlarına müraciət ediblər. Nəticədə ərazidə aparılan işlər dayandırılıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə iş adamını 14 400 manat cərimə edib. Şikayətçilərə də bildirilib ki, bu ərazidə ağaclar kəsilə və tikinti işləri aparıla bilməz. 

Lakin ərazini satın almış Ramiz Cabbarlı təxminən iki həftə əvvəl yenidən peyda olaraq polislərin müşayiəti ilə bu dəfə həm də daha böyük bir ərazini hasara aldırıb. Hasarlanmış ərazidə isə 20-yə yaxın ağac var. Məqsəd onları kəsərək yerində tikinti işləri aparmaqdır. Sakinlərin etirazlarına baxmayaraq, polis onları ərazidən uzaqaşdırmağa nail olub.

Qaynar.info mövzu ilə bağlı apardığı araşdırma isə şübhəli bir mənzərənin ortaya çıxmasına səbəb oldu. 

Sayta açıqlamasında Yasamal rayon İcra Hakimiyyətindən bildirdilər ki, torpağın satışı ilə Yasamal Rayon İcra Hakimiyyəti məşğul olmayıb. Yasamal rayon Bələdiyyəsi də məsuliyyəti boynundan atdı. Əmlak Məsələləri Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov isə bildirdi ki, komitə bu ərazidə tikintiyə qadağa qoyub. O, torpağın Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən istifadəyə verildiyini qeyd edib. Deyib ki, ərazi icra hakimiyyətinin sərəncamı ilə istifadəyə verilib. 

Saytın araşdırmaları dərc olunandan və torpağın qanunsuz satıldığı və ya zəbt olunduğu ortaya çıxandan sonra, gözləmək olardı ki, əraziyə cavabdeh olan dövlət qurumları heç olmasa bu dəfə hərəkətə keçəcək, dövlətin qanunlarının bu cür açıq-aşkar çeynənməsinə göz yummayacaqlar. Amma tərsinə oldu. Hasarı sökmək əvəzinə qanunsuz zəbt olunmuş və ya "satılmış" torpağın "qanundan qorunması" üçün əraziyə gözətçi postu qoydular. 

Bu azmış kimi cəmi 3 gün sonra həmin ərazidən 20-30 metr aralıda - Həsən Zərdabi 81 ünvanında daha böyük bir ərazi eyni ssenari ilə hasarlandı. Bu dəfə hasarlanan ərazi həm də beşmərtəbəli yaşayış binaların birbaşa həyətidir. Yenə hasarlanan ərazidə çoxsaylı ağaclar var. Yenə eyni ssenari, eyni taktika. 


Qeyd edək ki, Yasamal rayonu İcra başçısı kreslosunda hələ də İbrahim Mehdiyev oturur.  Bu həmin İbrahim Mehdiyevdir ki, adı bu cür qalmaqallarda birinci dəfə çəkilmir və bir növ vərdişkardır.

Hələ ötən il Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan araşdırma zamanı "Lake Residence” MMC tərəfindən tikinti işlərinin aparılması üçün müvafiq icazə sənədi alınmadığı müəyyən edilmiş, Yasamal rayonu, 593-cü məhəllə, General Akim Abbasov küçəsi, 25 saylı ünvanda tikinti işlərinin qanunsuz aparıldığı müəyyən edilmişdi. 

Araşdımalar nəticəsində tikintiyə müvafiq icazə sənədi olmadan aparılan tikinti işlərinin qarşısının vaxtında alınmaması və bu istiqamətdə işlərin yüksək səviyyədə həyata keçirilməsində nöqsanlara yol verdiyinə görə Yasamal icra başçısı İbrahim Mehdiyevə töhmət verilmişdi.


Bir neçə gün əvvəl isə Xətai rayonu S.Vəzirov 11 ünvanında, "KAT” MTK şəhərciyində Xətai RİH-in əməkdaşları tərəfindən Sevinc Oqtay qızı Hacıyevaya məxsus avtomobillərə xidmət məntəqəsi ("moyka”) sökülüb və yüngül konstruksiyalı tikilinin bütün avadanlıqları müsadirə edilərək aparılıb. Lakin Sevinc Hacıyevanın sözlərinə görə, bu söküntü işi ilə bağlı ona heç bir rəsmi sənəd göstərilməyib. İlk baxışdan qəribə görünsə də, bu dəfə də işin altından İbrahim Mehdiyevin adı çıxıb. Amma yada düşəndə ki, İbrahim Mehdiyevin evi də burada yerləşir və Yasamaldan əvvəl Xətainin icra başçısı olub, o zaman heç nə qəribə görünmür. Üstəlik həmin avtoyuma məntəqəsinin tikilməsinə icazəni bu rayona başçıqlıq edərkən İbrahim Mehdiyevin özü 2005-ci ildə verib.

Ümumilikdə isə İbrahim Mehdiyevin personası doğrudan da qəribədir. Zarafat günü- 1 apreldə dünyaya gələn İ. Mehdiyev "töhmət"i "hörmət" kimi başa düşür, adı falçılara böyük maraq göstərməkdə hallanır, şəxsi biznesinin və varidatının əsas hissəsni oğlunun əliylə Avropada idarə edir, Yasamalı isə daha çox söküntüsü, zibillikləri, sosial problemləri ilə zəngin olan yaşayış məntəqəsinı çevirib. Təsadüfi eyil ki, haqqında ən çox şikayət daxil olan rayonların siyahısında da Yasamal "lider"lərdən biridir.

Məsələ ilə bağlı başqa bir vacib məqam: Əslində, icra orqanları hər hansı tikintiyə icazə verməzdən əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi alınmalıdır. Nazirlik müsbət rəy verəcəyi halda, tikintiyə icazə verilməlidir. Hətta Nazirlər Kabinetinin 42 saylı qərarında da bildirilir ki, tikinti üçün torpaq ayrılmazdan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyindən razılıq alınmalıdır. Amma bu qaydaya heç kim əməl etmir.

Bununla bağlı müraciət etdiyimiz ekologiya üzrə ekspertlər də eyni faktı təsdiqlədi. Onların fikrincə, nazirliyin rəyi alınmdığından təbiətin mühafizəsi də əksər hallarda mümkünsüz olur. "Ekologiya və Təbii Sərvətlər Nazirliyi güc strukturu deyil ki, gedib tikintini dayandırsın, kimisə həbs etsin. Bu barədə məlumatlar daxil olanda nazirliyin əməkdaşları gedir, əraziyə baxış keçirir və müvfiq qaydada cərimə kəsir. Daha sonra isə protokollar icra olunmaq üçün icra şöbəsinə göndərilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bundan artıq səlahiyyəti olmadığından, həmçinin icra orqanları Nazirlər Kabinetinin qərarına əməl etmədiyindən bugünkü vəziyyət yaranır" deyə müraciət etdiyimiz ekspert bildirdi.

Həsən Zərdabidəki problemə gəlincə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi burda qanunsuz şəkildə ağac kəsən Ramiz Cabbarlını 11400 manat cərimə edib. Lakin İcra Hakimiyyətinin dəstəyinə güvənən iş adamı nazirliyin qadağasına baxmayaraq yenidən ağac kəsməyə cəhd edib. Yalnız Qaynar.info-nun dövlət orqanlarına müraciətindən sonra o, məqsədini həyata keçirə bilməyib.

Həsən Zərdabidəki torpaq məsələsinə gəlincə, dəfələrlə qeyd etdiyimiz kimi burada ağacların kəsilməsinə və qanunsuz tikintiyə cəhdə görə birbaşa məsuliyyəti Yasamal rayon İcra Hakimiyyəti və onun başçısı İbrahim Mehdiyev daşıyır. Hər halda, tikintiyə icazə vermək və ya dayandırmaq hüququ nə Ekologiya və Təbii Sərvətlər Nazirliyində, nə də Əmlak Məsələləri Dövlət Komitəsində var. Torpağı İcra Hakimiyyəti satıb və tikintinin dayandırmalısının qarşısını da yalnız İcra Hakimiyyəti ala bilər.

Qaynar.info

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]