Foto Fakt

Günün fotosu - Şəkkak cangüdən

21-12-2016, 14:33
Bu foto Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin Sankt-Peterburqda keçirdikləri görüşdə çəkilib.

Göründüyü kimi, obyektivdə nazirlər və diplomatlardır. Amma bu şəklin fonu daha maraqlıdır. 

Orada qırmızı haşiyəyə alınmış şəxslər mühafizəçilərdir - soldan sağa duranlar türk, rus və iranlıdır. Onlardan ikisi polemika gedən masaya, qonaqlara baxır. Yalnız biri - iranlı mühafizəçi gözünü türk cangüdənə zilləyib. Sanki türk mühafizəçi bu saat belindəki tapançanı çıxaracaq və bunun nazirini vuracaq. 

Əslində elə hesab etmək olardı ki, fotoqraf yalnız bir anı çəkib və həmin an iranlı mühafizəçi təsadüfən türk bodiqarda baxırmış. Amma elə deyil. Bu görüşdə çəkilmiş digər şəkillərdə də iranlı cangüdənin gözləri məhz türk qoruyucuya zillənib.


Hiss olunur ki, o, bu görüşdən bir gün əvvəl Ankarada Rusiya səfirinin arxasında dayanan polis Altıntaşın sonradan səfiri güllələməsi hadisəsinin təsiri altındadır və güman edir ki, burada da bənzər hadisə baş verə bilər. 

Bəlkə də bu qədər şəkkak olmaq yaxşıdır. Amma adam bilməliydi ki, yüksək təhlükəsizlik tədbirləri çərçivəsində keçirilən bir görüşdə hər şey çoxdan ölçülüb-biçilib və nəzarətdədir. Bu baxımdan onun nümayişkaranə şəkildə gözünü türk həmkarına zilləməsi yersiz canfəşanlıqdır. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]