Elm

Azərbaycan universitetləri niyə dünya reytinqində yer ala bilmir? - Açıqlamalar

23-09-2016, 21:36
Azərbaycan universitetləri niyə dünya reytinqində yer ala bilmir? - Açıqlamalar

Londonda nəşr olunan nüfuzlu "Times Higher Education” jurnalı 2016-cı il üçün dünya universitetlərinin reytinq cədvəlini dərc edib. 

Qaynarinfo.Az xəbər verir ki, dünyada ən çox baxılan və nəzərə alınan cədvəldəki minədək təhsil ocaqlarının yer aldığı siyahıya Azərbaycanın heç bir universiteti düşməyib. 

Siyahıda Türkiyənin 18, Gürcüstanın isə 1 universitetinin adı var. 

Tarix elmləri doktoru, professor Altay Göyüşov bu xəbəri öz "Facebook” səhifəsində "bizdə normal metodologiyalı reytinq cədvəlinə düşə biləcək universitet yoxdur. Bunun üçün adekvat şərait mövcud deyil” deyə şərh edib.

Təhsil üzrə ekspert Vurğun Əyyub Qaynarinfo.Az-aaçıqlamasında deyib ki, Azərbaycanda az sayda universitet var ki, hansısa sorğularda və ya reytinq cədvəllərində yer alır:"Başqa sorğularda Azərbaycandan bir neçə Xəzər və ya Qafqaz kimi özəl universitetlərin, bəzilərində Bakı Dövlət Universitetinin, bəzilərində İqtisad Universitetinin adları çəkilib. Amma təbii ki, Azərbaycanda təhsilin bütövlükdə aşağı səviyyədə olması heç kimə sirr deyil. Bizim təhsil işçiləri, alimlər adətən televiziyada, mətbuatda müsahibə verərkən Türkiyəni bəyənmirlər. Orada təhsilin guya çox aşağı səviyyədə olduğunu deyirlər. Amma istənilən bir sorğuda və reytinq cədvəlində Türkiyədən xeyli universitet təmsil olunur. Azərbaycanda isə ən çoxu 2-3 universitet təmsil olunur və adları da bəllidir".

Vurğun Əyyub bunun əsas səbəbinin Azərbaycanda yeni təhsil strategiyasının olmaması ilə izah edib:"Köhnə sovet tədris sistemi daha bərbad bir şəkildə davam etdirilir. Ümumiyyətlə, Azərbaycanda professor, müəllim heyəti əsasən baloniya sistemindən xəbərsizdir, bu sistemin mahiyyətini anlamır. Anlamadığından da onu təhrif olunmuş bir şəkildə tətbiq edir hər zaman da əleyhinə təbliğat aparır". 

Ekspert deyib ki, ölkəmizdə savada qiymət verilməməsi də bu məsələdə rol oynayır:"Azərbaycanda təhsilin qiyməti yoxdur. Ali məktəbi əla qiymətlərlə bitirən məzun işsiz gəzib dolaşır, onunla bərabər oxuyan və ondan çox zəif oxuyan tələbə müxtəlif yollarla yaxşı vəzifə tutur. Buna görə də Azərbaycanda təhsilə yalnız diploma sahib olmaq vasitəsi kimi baxırlar. Əlbəttə ki, istisnalar da var".

Vurğun Əyyubun sözlərinə görə, Azərbaycan ali təhsil ocaqlarında müasir səviyyə ilə ayaqlaşa bilən mütəxəssislər azdır: "Müəllimlik xüsusi bir peşədir-ola bilər sən gözəl bir alim ola bilərsən, amma pedoqoji ustalığın, istedadın olmaz. Yaxud hansısa elm sahəsi üzrə professor, doktor adı qazanmaq o demək deyil ki, sən yaxşı müəllimsən. Baxmayaraq ki, öz sahənin yaxşı bilicisisən. Ümumiyyətlə, Azərbaycanda ali məktəb müəllimlərinə verilən maaş elə bir səviyyədədir ki, o ailəni dolandırmağa yetərli deyil. Müəllimlər bir neçə yerdə işləməli olur. Sözsüz ki, bu, təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Müəllim bir neçə yerdə işlədiyindən, sadəcə olaraq gününü keçirməklə məşğul olur. Tutaq ki, Türkiyədə bir dosent həftə ərzində ən uzağı 10 saat dərs deyir. Aldığı maaş isə Azərbaycanda professorların aldığı maaşdan qat-qat üstündür və təbii ki, ondan keyfiyyət tələb olunur. Həftədə on saat dərs deyən adamın kifayət qədər vaxtı olur ki, yeni ədəbiyyatı izləyə bilsin, ən yeni buraxılan tədris vəsaitləri ilə, yeni texnologiyalarla tanış olsun. Bizdə hələ də müəllimlər var ki, 70-ci illərdə yazdığı mühazirə mətnini auditoriyada höccələyə-höccələyə uşaqlara yazdırır. Mən professor tanıyıram ki, ona deyirsən ki, imael adresini ver, sənə filan materialı göndərim. Deyir, mən elə işlərlə məşğul olmuram. Bu təfəkkürdə adamlar ali məktəbblərdə dərs deyir". 

Vurğun Əyyub Azərbaycan təhsilinə kifayət qədər pul ayrılmadığını da bildirib:"Bu, hakimiyyətin uydurmasıdır. Azərbaycana təhsilə ayrılan maliyyə kifayət deyil. Amma ayrılan maliyyənin özü də məqsədəuyğun və optimal şəkildə xərclənmir. Təhsilə qoyulan pullar havaya sorulur. Məsələn, Azərbaycanda orta təhsil, orta məktəb demək olar ki, funksiyasını itirib. Orta məktəbləri repetitorlar, hazırlıq kursları əvəz etməkdədir. Belə görünür ki, o sahəyə ayrılan pul o qədər çox olmasa da, o da təyinatı üzrə xərclənmir".

Təhsil Nazirliyinin mətbuat xidməti Cəsarət Valehov isə Qaynarinfo.Az-a açıqlamasında bu məsələ ilə bağlı universitetlərdən açıqlama almağı məsləhət görüb. 

Qızılgül

Administratorla əlaqə

077 611-55-22

[email protected]