Elm

Qeydiyyat başa çatdı:universitetlərdən imtina edənlər var

28-08-2016, 01:36
Qeydiyyat başa çatdı:universitetlərdən imtina edənlər var

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müsabiqənin I mərhələsində qəbul olunan gənclərin universitetlərdə qeydiyyatı avqustun 26-sı saat 17:00-də başa çatıb.

Xeberman.com bildirir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib. Qeyd edilib ki, tələbə adı qazanmış şəxslər göstərilən vaxta qədər tələb olunan sənədləri qəbul olduqları təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməliydilər. Həmin vaxtdadək qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri ali məktəbə göndərilmir.

Bəs qeydiyyatdan keçməyənlər varmı?

TQDK-dan bildirilib ki, tələbə adını qazanmalarıma baxmayaraq xeyli abituriyent qəbul olunduqları ali məktəblərdə qeydiyyatdan keçməyib. Dövlət Komissyası hazırda həmin şəxslərin sayı ilə bağlı dəqiqləşdirmə aparır. Onların sayının növbəti həftə açıqlanacağı gözlənilir.

Universitetlərdə qeydiyyatdan keçməyən abituriyentlər əsasən özəl ali məktəblərə qəbul olunan gənclərdir. Təhsil haqqının yüksək olması və maddi imkansızlıq bəzi gəncləri özəl ali məktəblərdə oxumaqdan çəkindirib.

Bununla yanaşı, dövlət təhsil müəssisələrinin ödənişli ixtisaslarına qəbul olunanlar arasında da tələbə adından imtina edənlər var.

Qeydiyyatdan keçməyən gənclərin bir qismi özəl ali məktəblərin rektorluğuna müraciət edərək, təhsil haqqı ilə bağlı güzəştlər istəyiblər. Özəl ali məktəblərdən verilən məlumata görə, belə müraciətlərdə gənclər təhsil haqqının hissə-hissə (3-4 ay ərzində) ödənilməsinə şərait yaradılmasını  xahiş olunub. Hazırda rektorluqlarda həmin müraciətlərə baxıldığı bildirilir.

Qeyd edək ki, ali təhsil müəssisələrinin  boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı isə davam edir. Bu mərhələdə qəbul olunan abituriyentlər avqustun 31-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]