Dünya

“İran və Səudiyyə qarşı-qarşıya savaşmayacaqlar, amma...”

15-01-2016, 10:17

Yaxın Şərq mütəxəssisi Ziya Abbasa görə, İraq və Suiryada bu il savaşlar daha da şiddətlənəcək, hətta "İslam koalisiyasının” Suriyaya ordu yeritməsi mümkündür

 

İran və Səudiyyə Ərəbistanı arasında gərginlik bölgənin siyasi-diplomatik gündəmini zəbt edib. Ərəb Dövlətləri Liqasının İrana təpki göstərməsi böhranın daha da dərinləşəcəyini göstərir. Bölgənin iki qüdrətli dövləti olan İran və Səudiyyə Ərəbistanı arasındakı bu gərginliyi ekspertlər region üçün ciddi təhdid hesab edirlər.

Krallıq İrana qarşı az qala bütün ərəb dünyasını, o cümlədən Türkiyə və Pakistan kimi güclü dövlətləri də səfərbər etməyə çalışır. Bu səfərbərliyin, gərginləşən münasibətlərin son hədəfi nədir? İki ölkə arasında savaş ehtimalı varmı? 

Aksaray Universitetinin əməkdaşı, Yaxın Şərq üzrə mütəxəssis Ziya Abbas deyir ki, iki dövlət arasında uzun illərdən yığılıb qalan düşmənçilik indi özünü kəskin şəkildə büruzə verir: "Doğrusu, ərəb dünyasında uzun illərdir daxili problemləri "Məcusi”, "Pers imperatorluğu xəyalı” kimi şüarları İran ve şiələr üzərindən xaricə yaymağa çalışır. Bu qavrayış ərəb dünyasında cəmiyyətlərdə böyük dəstək qazanmaqdadır. Daha doğrusu, Səudiyyə Ərəbistanı mərkəzli ərəb rejimləri bu qavrayış əməliyyatlarında böyük ölçüdə uğur qazanıblar. 

İslamiyyətin ilk əsrindən bəri davam edən maraq mübarizələrinin məzhəb qarşıdurmaları şəklində görünməsi xüsusən də son illərdə geniş yayılıb”.

Ancaq Z.Abbas bu gərginliyin savaşa çevriləcəyinə inanmır: "Təbii ki, Səudiyyə Ərəbistanı təkbaşına İranla savaşa girməyəcəyi kimi, İran da Səudlarla birbaşa müharibəyə başlamaz. Yəni,  iki ölkə arasında vəkalət savaşı davam edəcək, üçüncü ölkədə savaşacaqlar”.

Bu mənada ekspert hər iki tərəfin dəstəklədiyi qüvvələrin olduğu Suriyada və İraqda savaşların daha da şiddətlənəcəyini düşünür. Hətta Suriyaya hərbi müdaxilə də gözləniləndir: "Böyük ehtimalla Səudiyyə Ərəbistanı lazımı dəstəyi ala bilsə "İslam İttifaqı” çərçivəsində İranın bölgədəki nüfuzunu zəiflətmək üçün Suriyaya "sülhyaratma qüvvələri” adı altında ordu yeridəcək”. 

Eyni zamanda Yəmən savaşı da dərinləşəcək. Z.Abbasın fikrincə, bölgənin mürəkkəb coğrafi relyefi, üstəlik, yəmənli husilərin sərt müqaviməti, hətta Ərəbistanın içərilərinə doğru hərəkət etmələri Səudiyyə hakimiyyətini çətin duruma salıb. Bu səbəbdən də Ər-Riyad Yəməndə savaşı davam etdirmək üçün müsəlman ölkələrindən, o cümlədən Latın Amerikası kimi regionlardan militanlar cəlb etməklə Yəməndə savaşı davam etdirməyə çalışır.

Ziya Abbas deyir ki, bir sıra ərəb dövlətləri, o cümlədən körfəz dövlətləri İran və şiəlik fobiyası səbəbindən indiki vəziyyətdə İrana qarşı cəbhədə yer alır. Bu səbəbdən də ekspert yaxın zamanlarda Suriyada və İraqda savaşın bitəcəyini güman etmir: "Həm Suriyada, həm də İraqda savaşlar davam edəcək. İraqda Bağdad, Samirra kimi bölgələrə nəzarət uğurunda mübarizə güclənəcək. Şiələrin bu şəhərlərdən imtinası, sünniləri vaz keçməsi mümkün deyil. Bir tərəfdən də kürdlər yaranmış vəziyyətdən istifadə edərək İraqın şimalında kürd bölgələrində xəndək qazmaqla faktiki olaraq yaratmaq istədikləri kürd bölgəsinin sərhədlərini cızdıqlarını nümayiş etdirirlər. 

Hazırda İŞİD-in əlində olan Mosul əhalisinin 40 faizini sünni ərəblər təşkil edir. Yerdə qalan hissəsini isə fərqli etnik və dini qruplar təşkil edir. Bura şiə türkmənlər, yezidilər, süryani keldenilər və sair kimi qruplar var. Bu qruplar öz torpaqlarına geri dönmək istəsələr də sünni ərəblər buna imkan vermir. Enerji məsələsi isə bölgənin üzərində ağırlığını saxlayır. Məlum olduğu kimi, hazırda Kərkük nefti kürdlərin nəzarətindədir. Ancaq eyni zamanda yerli ərəblər və türkmənlər bu durumu qəbul etmirlər. İŞİD problemi həll olunduqdan sonra şiələr bu bölgəyə yenidən geri dönəcəklər”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]