Dünya

Türkiyə ABŞ-a nota verdi: Gərginlik böyüyür - Video

22-05-2017, 22:35

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın keçən həftə Vaşinqtona səfəri zamanı ABŞ təhlükəsizlik xidmətinin qeyri-peşəkar fəaliyyəti ilə əlaqədar amerikalı səfir Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona həm yazılı, həm də şifahi qaydada etiraz bildirilib.

Axar.az xəbər verir ki, Türkiyənin xarici siyasət idarəsi ABŞ hökumətindən diplomatik insidentin tam təhqiq olunmasını və lazımi izahatın verilməsini rəsmi şəkildə tələb edib.

Xatırladaq ki, mayın 16-da Türkiyə səfirinin Vaşinqtonun mərkəzində yerləşən iqamətgahı yaxınlığında PKK terror təşkilatının tərəfdarları ilə Ərdoğanın təhlükəsizlik xidmətinin əməkdaşları arasında qarşıdurma baş verib. Hadisə nəticəsində 9 nəfərin yaralandığı, onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Xarici KİV-lərin məlumatına əsasən, ABŞ Konqresinin nümayəndələr palatasının xarici məsələlər komitəsinin sədri Ed Roys insidentlə əlaqədar Türkiyə liderinin təhlükəsizlik xidmətinin əməkdaşlarını məsuliyyətə cəlb etməyə çağırıb.

21:55

Türkiyə hökuməti, Ankaradakı ABŞ səfirini Xarici İşlər Nazirliyinə çağıraraq nota verib.

“Cənab prezident Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda səfərdə olarkən, Türkiyə əleyhinə olan bir qrup insan etiraz aksiyası keçirib. Bu sırada ABŞ-ın hüquq-ümahfizə orqanlarının əməkdaşları Ərdoğanın yaxın mühafizəçilərinı qarşı kobudluq nümayiş etdirdilər. Bu diplomatik qanunlara ziddir. Bu əməl iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərini sarsıda bilər. Bu səbəbdən də, ABŞ-ın güc orqanlarının bu addımı Türkiyə hökuməti tərəfindən şiddətlə qınanılır və etirazla qarşılanır. Türkiyə hökuməti rəsmi Vaşinqtondan məsələni araşdırmağı və nəticələr barədə açıqlama verməyi tələb edir”, - deyə etiraz notasında bildirilib.

Qeyd edək ki, Ərdoğan ABŞ-da səfərdə olarkən, bir qrup PKK tərəfdarı Türkiyə prezidenti əleyhinə çirkin ifadələr işlədərək onu "uşaq qatili" adlandırmışdı. Bunun üzərinə Ərdoğanın mühafizəçiləri PKK-çılara qarşı hücuma keçərək onlara ağır xəsarət yetirmişdi. ABŞ polisi də mühafizəçilərə qarşı kobudluq nümayiş etdirmişdilər.

Hadisədən sonra Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Reks Tillerson baş verənləri "türk şiddəti" adlandırıb.

“Türk şiddəti ən sadə deyimiylə qəbul edilə bilməz”, - deyə Tillerson bildirib.

Onun bu açıqlaması Türkiyə hökumətində birmənalı qarşılanmayıb və hiddətə səbəb olub (Olkə.az)

Administratorla əlaqə

077 611-55-22

[email protected]