Dünya

Türkiyədə qanlı terrorun baş verdiyi “Reina” gecə klubu ilə bağlı bilinməyənlər

3-01-2017, 23:29

Şort geyinənləri, qadınsız gələnləri, pulu az olanları.... içəri buraxmırlar - Milyonların xərcləndiyi gecə klubuna daxil olmağın və orda əylənməyin qızıl qaydaları 

 


Yeni il gecəsində Türkiyədə baş verən terror aktı ilə "Reina” əyləncə məkanı ilə bağlı suallar da artmağa başladı. Bu məkanın məşhurluğu ölkənin sərhədlərindən də kənara yayılıb. Musavat.com bununla bağlı bir dosye hazırlayıb. 

MƏKANA KİÇİK QIZININ ADINI QOYUB: "BURDA SƏHVƏ YOL VERƏ BİLMƏRƏM, QIZIMIN ADI VAR”

Öncə onun sahibi barədə. "Reina”nın sahibi Mehmet Koçarslandır. Bu məkan onun ən kiçik qızının adıdır. M.Koçarslan evli və 3 qız atasıdır. Koçarslanın evliliyində ilginc olan detal isə həyat yoldaşı ilə ilin 6 ayı birgə yaşayıb, 6 ay ayrı olmasıdır. M.Koçarslan "Reina” ilə yanaşı, "Qalatarasay adası” olarak da bilinən "Su adası”nın da rəbəridir. O, əslən Tuncelidəndir. Onun həyatı ilə bağlı ən ilginc məqamlardan biri isə atasının bütün mirasını oğluna yox, qeyri-rəsmi münasibətindən olan övladına verməsidir. Koçarslanin ən kiçik qızının adı Reinadır. O da gecə klubuna məhz balaca qızının adını verib. Müsahibələrindən birində isə bu mövzu ilə bağlı aşağıdakıları deyib: "Mən həyatım boyunca bu adı təmiz saxlamaq zorundayam. "Reina”nı riskə ata bilmərəm. 'Tutmazsa batar' kimi bir lüksüm yoxdur mənim. İnsanlar mənə deyir ki, sən bu məkanda səhvə yol verə bilməzsən, qızının adını vermisən. Haqlıdılar! Gecə-gündüz "Reina” markası üçün çalışıram”. 


M.Koçarslanın məkana adını verdiyi qızına Reina adını isə bir dostu qoyub. Reina ispan dilində kraliça deməkdir. 1958-ci il təvəlüdlü Mehmet Koçarslan 25 il boyunca İstanbulda kömürçülük işində çalışıb. Ailə şirkətindəki bir mədənçilik işinin xaricində daha sonra ixracatla məşğul oldu. Daha sonra o, heç bir aidiyyatı olmayan bir sektora daxil olub və məşhurgecə klubu "Laila”nın yanında "Reina” gecə klubunu açıb. 

CÜTLÜK İLİN YARISINI BİRGƏ, DİGƏR YARISINI İSƏ AYRI YAŞAYIR 

Koçarslanın həyatı isə hər zaman medianın müzakirəsindədir. Yuxarıda da qeyd etdiyimiz kimi, ər-arvad ilin yarısını birgə yaşayır, qalan yarısında isə xanımı uşaqları da götürüb Londondakı evlərinə köçür. O, bu mövzu ilə bağlı aşağıdakları deyib: "Çox xoşbəxtik. Daha az dalaşırıq. Bir-birimizdən ötrü çox darıxırıq. Halımızdan məmnunuq. Hər kəsə tövsiyə edirik. Mən klassik mənada ailə həyatı yaşaya bilmirəm. Hər zaman subay kimiyəm. Evlənmədən öncə uzun müddət tək yaşadığım üçün çətinlik də çəkmirəm”. 

Cütlüyün evliliyi də ilgincdir. M.Koçarslan həyat yoldaşı Müge Koçarslanla sonuncu stüardessa işləyəndə tanış olub. Cütlük bir dava nəticəsində ayrılanda isə qadın izini itirib və ortadan qeyb olub. Bu zaman M.Koçarslan onu tapmaq üçün qayınanasının telefonlarını qeyri-rəsmi yollarla dinlətdirməyə başlayıb və sevgilisinin izini tapıb. 


"REİNA”YA GİRMƏYİN QIZIL QAYDALARI – GEYİM, QADIN VƏ PUL… 

İnternet məlumatlarına əsasən, gecə klubunun iş prinsiplərindən biri içəri xanımsız kişiləri buraxmamaqla bağlıdır. Əslində bu, Türkiyədəki bir çox gecə klublarının qaydasıdır. Bunun da özəl səbəbi var. Yanında sevgilisi olmayan kişilər başqalarının sevgilisinə, nişanlısına söz ata və bu zaman da dava çıxa bilər. İnsidentin yaranmaması üçün belə şərt qoyulub. Amma "Reina”ya giriş şərtləri bununla yekunlaşmır. Geyim-gecim və bahalı, lüks maşın sahibi olmaq da içəri girmənin yazılmamış şərtlərindəndir. Belə ki, içəridəki içkilər, yeməklər, təamlar normadan 5-6 qat baha qiymətə satılır. Bunu ala bilməyib, dava çıxaran, demaqoqluq edən müştəriləri isə bəri başdan içəri buraxmırlar. Təsəvvür edin ki, məkanın qabağına bahalı maşınla gəlib, onun açarını dayanacağın xüsusi geyimli işçilərinə təhvil verən şəxslər çıxışda onlara dayanacaq xidməti ilə yanaşı, 50-60 lirə bəxşiş verirlər. 
"Reina”nın qaydalarından biri də burudr ki, müştəri içəri şortik, kapri, şəp-şəplə girə bilməz. Bu, imic məsələsidir və bunu qapının girişində dayanan mühafizəçilər müəyyənləşdirirlər. Hətta yazılmamış qanunlardan biri də budur ki, İstanbulun bir çox pleyboyları, eləcə də oliqarx övladları o mühafizəçilərlə can bir qəlb dost olurlar. Bu da onların maneəsiz  (bəzi hallarda yanlarında qadın olmasa belə) içəri girmələrinə səbəb olur. Bundan başqa, müştərilərin təhlükəsizliyi baxımdan sərxoş müştərilərə növbəti dəfə bilet satılmır. Dava çıxaranlar, incident yaradanlar, qızlara söz atıb, əxlaqsızlıq edənlər… gecə klubunun "qara siyahısı”nda yer alır. Onları bir daha içəri qoymamaqla bağlı administratorların tapşırığı olur. 

Bu günə qədər tanınmış aktyorlar, müğənnilər belə dəfələrlə "Reina”nın qapısından geri qaytarılıblar. Buna səbəb onların ya geyimləri, ya da şöhrətlərinə güvənib, içəridəki qadınlara söz atması olub. 


AXŞAM 7-DƏN SƏHƏR 4-Ə QƏDƏR –REZERVASİYASIZ  GİRİŞ MƏBLƏĞİ 80 LİRƏ (40 AZN )

Ağıllı gənclər rezervasiyasız "Reina”nın qapısına gəlmirlər. Çünki əks halda qapıdan geri qayıtmaq ehtimalı yüksəkdir. Qələbəlik qruplar üçün gecə klubunun içindəki loja biletinin qiyməti isə 4 min lirədir. 

Rezervasiya ilə məkana giriş edənlərdən hər hansı pul alınmır. Məkan daha çox cümə, şənbə və bazar günləri aşıb-daşır. Boğazın parlayan incisi adlandırılan bu məkanın qapıları isə axşam saat 19.00-da açılır, ta səhər saat 4-ə qədər işləyir. Burada ən çox araq, viski və şərab içkiləri satılır. Səs yasağının qarşısını almaq üçün "Reina” sahibi Almaniyadan özəl olaraq gətrirtdiyi səs pərdəsindən istifadə edir. İtaliyadan xüsusi olaraq gətirilən yeni səs sistemi ilə səs orta tempdə tutulur və qanuni desibel normasını keçmir.

Türkiyə mediasında isə bu günlərdə "Reina” ilə bağlı ciddi tənqidi yazılar yer alır. Yazıların birinin başlığı öldürücüdür: "Qadınsız içəri girmək olmaz, amma terrorçu girə bilər?” Bu isə sözügedən məkanın təhlükəsizlik sisteminə atılmış böyük bir daşdır. Bundan başqa, yazarlar məkanın sahibini də tənqid atəşinə tutublar. Yazılarda qeyd olunur ki, içəridə bəzən 15-17 yaşlı qızlar da olur, eskort qızlar da. Bəzən insanlar göstəriş naminə həmin məkana girmək üçün "Audi”, "Mercedes” kimi maşınlar da kirayələyirlər. Bundan başqa, insanları siniflərə bölmək, imkansızları aşağılamaq üçün bu məkanın "əvəzsiz” olduğu da yazılanlar sırasındadır. 

Sevinc Telmanqızı, 

Administratorla əlaqə

077 611-55-22

[email protected]