Avto

Bakı avtovağzalında böyük gərginlik

23-12-2015, 21:21

Adamlar saatlarla bilet növbəsinə durur.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin bilet satışı kassalarının qarşısında sıxlıq yaranıb.

ANS PRESS-in məlumatına görə, hazırda avtovağzalda qarşısında ən böyük sıxlıq yaranan kassa dekabr ayının 31-i üçün bilet satışını həyata keçirən kassadır. Yaranan sıxlıq insanlar arasında bəzən narazılığa, bəzən də əsəblərin tarıma çəkilməsinə səbəb olurdu. Sakinlər də bayram günü üçün sadəcə bir kassanın fəaliyyət göstərməsindən narazılıq edirdilər.

Bilet almaq istəyən Elçin Səlimov deyir ki, bir saatdan çoxdur ki, bilet almaq üçün növbə gözləyir: «Hazırda burada 10-dan çox kassa var. Onlardan ancaq biri dekabrın 31-i axşam tərəfinə qədər olan biletləri satır. Qalan kassalarda özümüz də görürük ki, hazırda boşluqdur. Düşünürəm ki, daha çox kassada bilet satılsaydı, daha rahat olardı. Nəzərə alsaq ki, bayrama hələ 8 gün var və vətəndaşlar qarşıdakı günlərdə də bilet almaq üçün gələcəklər, onda burada hansı mənzərənin yaranacağını düşünmək çətin deyil», - deyə şəhər sakini bildirdi.

Kassanın qarşısında yaranan sıxlıq

Məsələ ilə bağlı avtovağzalın mətbuat xidmətindən bildirdilər ki, hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksində 12 kassa fəaliyyət göstərir. Onlardan biri onlayn bilet satışı, 3-ü əvvəlcədən alınan bilet satışları üçün ayrılıb. 12 nömrəli kassanın qarşısında yaranan sıxlığa səbəb isə həmin kassanın daha çox satış həyata keçirməsidir.

Xatırladaq ki, dünən səhər saatlarında Bakı Beynəlxalq Avtovağzal Kompleksində bilet satışında problem yaranıb. Səhər saat 11:00-dan başlayaraq vətəndaşlara bilet satılmayıb.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətindən də fakt təsdiqlənmiş və bildirmişdilər ki, buna səbəb sistemdə yaranan nasazlıqdır: «Qabaqcadan bilet satışı biraz çətin prosesdir. Ona görə çalışmaq lazımdır ki, satılan biletlər üst-üstə düşməsin və əlavə problemlər yaranmasın. Bunun üçün sistemdə yeniləmə işləri aparılır. Bu səbəbdən də bilet satışı dayanıb. Bu gün bilet satışı olmayacaq. Ona görə də vətəndaşlara evə getmələrini elan etdik. Problem aradan qalxan kimi satış yenidən bərpə ediləcək».

Dünən səhər saatarında Avtovağzal Kompleksinin saytında yaranan problem aradan qaldırılıb. (ANS PRESS)

Administratorla əlaqə

077 611-55-22

[email protected]