Analitika

Deputatdan hökumətə təcili tədbirlər görmək çağırışı

7-09-2016, 23:30

Vahid Əhmədov: "Ağıllı, normal hökumət olsaydı...”

 

Bankların qarşısında dollar almaq üçün uzun növbələr yaranıb. Bir neçə gündür ki, dərman depolarından idxal mənşəli preparatların satışı da dayandırılıb. Rəsmən elan edilməsə də, yerli istehsallı az saylı dərmanlardan başqa şəbəkəyə heç nə buraxılmır. 

Devalvasiya gözləntisi, daha sadə ifadə etsək, manatın aqibətinin qeyri-müəyyənliyi depolardan buraxılan məhsulların dayandırılmasına səbəb olub. Eyni vəziyyət ərzaq məhsullarının topdansatış mərkəzlərində də hökm sürür. Ölkədə manatın ucuzlaşmaqda davam etməsi, ərzaq və digər əmtəə mallarında hər gün müşahidə olunan bahalaşma sosial narazılıq yaratmaqdadır. 

Bir sıra ekspertlər hesab edir ki, hökumət yaranmış duruma təcili müdaxilə etməsə, hansısa ciddi addımlar atılmasa, sosial gərginlik daha da arta və ölkə heç də yaxşı olmayan situasiya ilə üz-üzə qala bilər. 

Bəs hökumət təcili hansı addımları atmalıdır? 

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, baş nazirin sabiq birinci müavini Vahid Əhmədov öncə bildirdi ki, dünya bazarında neftin qiyməti kəskin aşağı düşdüyü və idxal-ixrac əməliyyatlarında mənfi saldo yarandığı üçün Azərbaycanda manatın ucuzlaşması, əmtəə məhsullarında bahalaşmanın getməsi labüd idi. Manat iki dəfə devalvasiya oldu, lakin yenə də manat gəlib öz bazar dəyərini almayıb: "Mən əvvəldən yumşaq devalvasiyanın tərəfdarı olmuşam. Manatı buraxmaq lazım idi ki, manat yava-yavaş gəlib öz bazar dəyərini alsın. Necə ki, Rusiyada, Qazaxıstanda bunu etdilər. Azərbaycanda isə buna gedilmədi. Mərkəzi Bank və digər hökumət qurumları kəskin devalvasiyaya getdilər. İndi gedən yumşaq devalvasiya isə müəyyən müddət davam edəcək. O vaxta qədər davam edəcək ki, manat gəlib bazarda öz həqiqi dəyərini alacaq. Bu da lazımdır. Çünki hər il manatı saxlamaq üçün Mərkəzi Bank öz ehtiyatlarından maliyyə bazarına xeyli vəsait buraxırdı. Bu vəsaitlərlə manatı müəyyən qədər qoruyub saxlayırdılar. Buna görə təxminən keçən müddət ərzində 12 milyard manata yaxın Mərkəzi Bankın ehtiyatından vəsait azalıb. Amma ağıllı, normal hökumət olsaydı, həmin vəsaitləri ayırardı real sektora, manatı da buraxardı tələb və təklif arasında formalaşan rəqabətə. Buna gedilmədiyi üçün indiki proses davam edəcək.

Mərkəzi Bank hökumətlə bir yerdə əhaliyə məlumat verməlidir ki, belə bir proses gedir. Çox təəssüflər olsun ki, Mərkəzi Bankın rəhbərliyi heç bir izahat vermir və hökumət də susur. Bu da əhali arasında təşvişi bir az da artırır. Hökumət mütləq reaksiya verməlidir".
Vahid Əhmədov qeyd etdi ki, Azərbaycanda yaranmış bu vəziyyətə görə ölkəyə və əhaliyə ziyan vurulmasının qarşısını almağın yolları var. İki ən vacib məsələ həllini tapmalıdır: "Bahalaşmanın qarşısını inzibati yollarla almaq qeyri-mümkündür. İlk növbədə iki məsələni həll etmək lazımdır. Birincisi, bank sisteminin sağlamlaşdırılması çox vacibdir. Bu gün bank sistemində çox ciddi problemlər var. Buna hökumət, dövlət qarışmalıdır. İkinci vacib məsələ qeyri-neft sektorunun inkişafına nail olmaqdır. Düzdür, bu uzun yoldur. 2004-cü ildə cənab prezident Regionların iqtisadi inkişafı proqramı çərçivəsində hökumətin qarşısında qoyduğu məsələlərdən biri qeyri-neft sektorunun inkişafı idi. 11 ildən artıq keçib, ancaq təəssüf ki, qeyr-neft sektorunda ciddi inkişafa nail ola bilməmişik. Amma indi də gec deyil. Konkret proqramlar hazırlanmalı və həyata keçirilməlidir. Qeyri-neft sektorunda ciddi inkişaf olmadan büdcəyə istənilən səviyyədə vəsait daxil olmasına nail olmaq çətindir. Kənd təsərrüfatı sahəsinin inkişafı üçün cənab prezident və Prezident Administrasiyası addımlar atır, müəyyən qədər inkişaf gözlənilir. Amma kənd təsərrüfatı ilə yanaşı sənayedə də inkişafa nail olunmalıdır. Azərbaycanın öz ehtiyaclarını ödəyə bilən məhsulları xaricdən gətirməyə ehtiyac yoxdur. İdxalın tərkibinə baxmaq lazımdır ki, hansı məhsulu Azərbaycanda istehsal etmək mümkündürsə, təcili surətdə onun istehsalını bərpa eləmək lazımdır”.

Deputat onu da vurğuladı ki, Azərbaycanda struktur islahatlarına da çox böyük ehtiyac var: "Struktur islahatları bütün idarəetmə sistemini əhatə eləməlidir. Düzdür, 26 sentyabrda referendumdan sonra ölkədə vitse-prezidentlik institutu idarəçilikdə tətbiq olunacaq. Bu, problemlərin həllinə müəyyən qədər müsbət təsir göstərə bilər. Nazirlər Kabinetinin bir müddət sonra buraxılmasına, ümumiyyətlə, strukturların dəyişməsinə ehtiyac var. Siyasi islahatlar da aparılmalıdır ki, problemlər öz həllini tapsın. Yəqin ki, referendumdan sonra dövlət başçısı siyasi islahatlara da start verər”.

Etibar SEYİDAĞA

Administratorla əlaqə

077 611-55-22

[email protected]