Analitika

Lənkəranski və “Qoca”nın eyni gündə qətli təsadüfdürmü?

18-08-2016, 23:45
Bu gecə İstanbulda güllələnərək qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranski ilə bağlı diqqətçəkən məlumat açıqlanıb. 

Teleqraf.com "Praym Kraym”a istinadən xəbər verir ki, R.Lənkəranski digər azərbaycanlı kriminal avtoritet – "Qoca Bakinski” ləqəbli Əlibalaba Həmidovun İstanbulda vəhşicəsinə qətlə yetirilməsinin üçüncü ildönümü günündə - avqustun 18-də güllələnib.

Qeyd edək ki, Əlibala Əlisəftər oğlu Həmidov ("Qoca Bakinski”) 1972-ci ildə Bakıda anadan olub. 1992-ci ildə Azərbaycan məhkəməsi tərəfindən 14 il müddətinə azadlıqdan məhrum edilib. 1997-ci ildə azadlığa buraxılıb. 1998-ci ildə keçirilən "sxodka”da Mirseymur Abullayev ("Seymur Nardaranski”) tərəfindən "qanuni oğru” adı alıb. Sonrakı illərdə Moskvada, Ukraynada dəfələrlə həbs olunub, müxtəlif müddətlərə azadlıqdan məhrum edilib.
2013-cü ilin avqustun 18-də odlu silahdan açılan atəş nəticəsində İstanbulun Baxçaşəhər rayonunda qətlə yetirilib. Avqustun 21-də Yasamal qəbristanlığında dəfn olunub.

Həm Rövşən Lənkəranski, həm də "Qoca Bakinski”nin eyni gündə - avqustun 18-də qətlə yetirilməsi təsadüfdürmü? Suala birmənalı cavab vermək olmasa da, bəzi detalları qeyd etmək istərdik.

İstanbulda 40 yaşlı azərbaycanlı "qanuni oğru” Əlibala Həmidovun ("Qoca Bakinski”) öldürülməsinə səbəb kimi həmin gecə İstanbul restoranlarından birində gürcü "qanuni oğru”ların iştirakı ilə baş verən dava göstərilirdi. Məlumata görə, kriminal aləmdə artıq 2013-cü ilin yanvarından "Lotu Qoca”ya qarşı münasibətin dəyişdiyi bildirlirdi. Bu nə ilə bağlı idi? Qocanın aradan götürülməsinin əsas səbəbi "Ded Xasan”ın öldürülməsindən sonra onun mövqeyini dəyişərək Rövşən Lənkəranskinin tərəfinə keçməsi idi. Onun son "səhv”i isə Vaje Biqanişvili tərəfindən iyunda təşkil olunan "tacqoyma” mərasimində iştirakı göstərilirdi. 

"Qoca Bakinski”nin Ded Xasanın klanı və Rövşən Lənkəranskinin tərəfdarları arasındakı mübarizənin qurbanı olduğu əsas versiya idi. Bildirilirdi ki, qətldən öncə İstanbulda Ded Xasan tərafdarlarının "sxodka” keçirərək bir neçə nəfəri "taclandırması” R.Lənkəransi tərəfdarlarını qəzəbləndirib.

"Taclandırılanlar” arasında hazırda "Lotu Quli" ləqəbli Nadir Səlifovun qardaşı Namiq Səlifov da vardə. Bu "sxodka”dan sonra R.Lənkəranski özü də daxil olmaqla bir qrup "sxodka”nı keçirən Ded Xasan tərəfdarları ilə əlbəyaxa olmuşdu. Hadisədən bir gün sonra isə R.Lənkəranskinin tərəfdarı kimi tanınan Əlibala Həmidov güllələndi. Əvvəllər Ded Xasan tərəfdarı kimi tanınan Əlibala Həmidov o öldürüldükdən sonra Rövşən Lənkəranskinin tərəfinə keçmişdi. Bundan sonra isə İstanbulda R.Lənkəranski və Ded Xasan klanı arasında münasibətlərin gərginləşməsi fonunda "Qoca Bakinski” ilk qurban kimi seçilmişdi.
O da bildirlirdi ki, "Lotu Qoca” öldürüldüyü gün İstanbuldakı kafelərin birində avtoritet Adəm Avarski, sinif yoldaşı, avtoritet Hacıbaba və başqa bir nəfərlə çörək yeyərkən qəfildən ona zəng gəlib. Zəng edən şəxs onu küçəyə çağırıb. "Qoca”nın küçəyə çıxması ilə güllələnməsi isə cəmi bir neçə saniyə çəkib.

Xəbərə görə, "Lotu Qoca” küçəyə çıxdıqdan 3-4 saniyə sonra 3 nəfər onu güllələyərək qaçıb. Lakin "Qoca”nın adamları onları təqib edərək sui-qəsdçilərdən birini yaxalamağı bacarıb. Məlumata görə, azərbaycanlı avtoritetin adamları killerlərin başının üstündən atəş açmaqla onlardan birini dayanmağa məcbur ediblər. Ələ keçən killer "Qoca”nın adamlarına deyib ki, sifarişçi onlara öldürəcəkləri şəxsin biznesmen olduğunu, 3 milyon pul atdığını bildirib və onu öldürməyin müqabilində 100 min ABŞ dolları nağd pul ödəyib.

Əldə etdiyimiz məlumatda o da bildirilir ki, "Qoca”nın ölümündən sonra hüzr mərasiminə yığışan Rusiya və digər ölkələrdən olan bir neçə avtoritet onun Məcnun adlı əmisinin evində "sxodka” keçiriblər.

Məlum olub ki, Rusiya kriminallarının "atası” Ded Xasan öldürüləndən sonra "Lotu Qoca” onun 15 obyektini ələ keçirib. Bu isə "Ded Xasan”ın "varisi” sayılan bacısı oğlunun narazılığına səbəb olub. Sayt yazır ki, "sxodka”da avtoritetlər "Lotu Qoca”nın ölümünün sifarişçisinin kimliyi ilə bağlı bir neçə versiya üzərində dayanıblar. Əsas versiyaya görə, "Lotu Qoca”nı "Ded Xasan”ın bacısı oğlu öldürtdürüb.

"Sxodka” zamanı, həmçinin, qərar qəbul olunub ki, mərhum "Lotu Qoca”nın "sağ əli” və qaynı avtoritet Binnət təcili Moskvaya "Ded Xasan”ın varisi olan bacısı oğlu ilə məsələni araşdırmağa getsin.

Bundan başqa, "Lotu Qoca”nın ölümündə "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun da adı hallandırıldı ki, onun da Ded Xasan klanına daxil olduğu və Rövşən Lənkəranski ilə konfliktdə olduğu yeni xəbər deyil. Beləliklə, Rövşən Lənkəranski və Qoca Bakinskinin eyni kriminal qruplaşma tərəfindən qətlə yetirildiyi ehtimal edilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]