Analitika

İran ətrafında baş verənlər Azərbaycana nə vəd edir?

8-06-2017, 09:31
Elxan Şahinoğlu: “Rəsmi Bakı proseslərə qarışmamalıdır”

Cənub qonşumuz İran ətrafında son zamanlar gedən proseslər Azərbaycanı da ciddi narahat edir. Rəsmi Tehranın Qərblə münasibətlərinin soyuqlaşmasının ardından Ər-Riyad sammitində İransız koalisiyasının formalaşdırılması təhlükənin getdikcə artmasından xəbər verdi. Tehranda baş verən terror da qonşu ölkədə vəziyyətin kifayət qədər qəlizləşdiyini göstərir.


Ekspertlər qıcıqlanan İranın ərəb dünyasında son günlərdə yaranan konfliktlərə qoşulacağı təqdirdə region dövlətlərini, o cümlədən, Azərbaycanın ciddi təhlükə ilə üz-üzə qala biləcəyini qeyd edirlər. Bu prosesdə daha çox 40 milyona yaxın soydaşımızın yaşadığı Cənubi Azərbaycan önə çəkilir. Doğrudur, fars rejiminin müharibə ilə üz-üzə qalacağı təqdirdə Şimali və Cənubi Azərbaycanın birləşmə ehtimallarından söz açanlar da var. Amma istənilən halda regionun güclü dövlətlərindən birinin müharibə təhlükəsi ilə üzləşməsinin xoş heç nə vəd etmədiyi vurğulanır. Mövcud situasiyada rəsmi Bakının sərgiləməli olduğu siyasət də daha çox önə çəkilir. Habelə sosial baxımdan əgər İranda ara qarışarsa, oradakı milyonlarla soydaşımızın Azərbaycana gələ və bunun da Azərbaycanda humanitar fəlakət yarada biləcəyi iddiası da ortadadır...


Siyasi baxımdan isə əksəriyyət Azərbaycanın ənənəvi balans qoruma siyasətini davam etdirməyi ən uyğun variant sayır.


Səudiyyə Ərəbistanı-Qətər münasibətlərində Azərbaycanın hansı mövqeyi sərgilməsi də İranla bağlı məsələlərin fonunda müzakirə edilir.


Politoloq Elxan Şahinoğlu cərəyan edən proseslərin çoxları üçün gözlənilməz olduğunu qeyd etdi: “Uzun illərin müttəfiqləri arasında münasibətlərin gərginləşməsi çoxları üçün gözlənilməz oldu. Səudiyyə Ərəbistanı Qətəri terrorçulara dəstək verməkdə və İranla məxfi münasibətlərdə ittiham edir. Əsas səbəb ikincidir. Çünki Qətərin müxtəlif terrorçu qruplaşmalara dəstək verməsinə dair xəbərlər illərdir dolaşır. Ancaq buna görə Səudiyyə Ərəbistanı Qətəri ittiham etmirdi, əksinə əməkdaşlığına davam edirdi. Qətər müstəqil oyunçu kimi İranla əlaqə qurmaq istəyib. Bu isə Ər-Riyadın narahatlığına səbəb olub. Çünki Səudiyyə Ərəbistanı kral ailəsinin yanaşmasına görə, onunla müttəfiq olan, müxtəlif əməliyyatlarda birgə iştirak edən dövlətin İranla gizli təmaslara başlaması ərəb-sünni ittifaqının maraqlarına ziddir. Səudiyyə Ərəbistanı Qətərə dəhşətli zərbə vurdu. Özü ilə bərabər müttəfiqlərini də Qətərlə diplomatik əlaqələri kəsməyə vadar etdi. Səudiyyə iqtisadi və siyasi əlaqələri də kəsir Qətərlə. Doğrudur, Qətər zəngin qaz ölkəsidir, ancaq təkbaşına və ətraf aləmlə mühasirə şəklində necə inkişaf edəcək? İranla təmaslara genişləndirmək naminə ərəb dünyasından təcrid olunmaq Qətərə baha başa gələ bilər. Hələ üstəlik 2022-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək Qətər bu yarışmanı da təhlükə altına atır. Digər tərəfdən Ər-Riyadın “Qətər terrorçulara dəstək verir və İranla gizli əlaqələr qurur” iddiasına Qərb dünyası da şərik çıxa bilər. Bu halda Qətərin vəziyyəti daha da ağırlaşacaq. Doğrudur, Amerikanın Qətərdə hərbi bazası var. Ancaq Amerikanın Səudiyyə Ərəbistanındakı maraqları daha vacibdir. Gərginləşən Səudiyyə Ərəbistanı – Qətər münasibətlərində iki sual aktualdır. Birinci sual: Vəziyyətin bu həddə çatmasında ABŞ prezidenti Donald Trampın bir neçə gün əvvəl Səudiyyə Ərəbistanına səfərinin rolu oldumu? Çətin. Həm Səudiyyə, həm də Qətər Vaşinqtonun bölgədəki müttəfiqləridir və Ağ Ev iki müttəfiqi arasında münasibətlərin gərginləşməsini istəməzdi. Sadəcə, Ər-Riyad hiyləgər gediş etdi. İndi aydın olur ki, niyə Ər-Riyad Trampın iştirakı ilə “İslam, ərəb, Amerika” sammiti keçirdi? Ər-Riyad həmin sammitdə Ağ Ev sahibinin nə deyəcəyini əvvəlcədən təxmin edə bilərdi və Səudiyyənin təxminləri doğru çıxdı. Tramp birincisi dedi ki, beynəlxalq terrorçulara dəstək verməyin, onlardan uzaq dayanın, ikincisi bildirdi ki, İran bölgənin başlıca düşmənidir. Elə Ər-Riyadın Qətərə qarşı irəli sürdüyü iki iddia Trampın söylədiyi iki əsas tezisə əsaslanırdı. Tramp bəlkə də özü də anlamadan Ər-Riyadın Qətərə qarşı arqumentini gücləndirdi. İkinci sual: İran bu vəziyyətdən istifadə edərək ərəb ittifaqında çatın dərinləşdirilməsinə, Qətəri daha çox öz tərəfinə çəkməyə çalışacaqmı? Əgər Tehranda bu alınsa, Qətər Suriyadan sonra ikinci ərəb ölkəsi olacaq ki, İranla müttəfiq olacaq. Tehran artıq Qətər hakimiyyətinə müraciət edərək, gərəkən ərzaq göndərəciyini açıqlayıb. Bəllidir ki, Qətər varlı dövlət olsa da, iqlim şəraitinə görə özünün yetişdiridi məhsullar çox azdır. Ancaq Qətərin sünni-ərəb dünyasından üz döndərərək, İranla müttəfiq olacağını zənn etmirəm. Bu Qətərin sonunu yaxınlaşdırar. Ona görə də Qətər tədricən Əl-Kaida, DAİŞ, Müsəlman Qardaşları kimi qruplaşmalara dəstəkdən əl çəkəcək, İranla yaxınlaşmaqdan vaz keçəcək. Bunu etmədən Qətərin təhlükəsizliyi sual altında qalacaq”.


Politoloq Türkiyə və Azərbaycanın Qətərlə münasibətlərinə də toxundu: “Ər-Riyadın qərarı Ankara və Bakı üçün əsas deyil. Buna rəğmən, Azərbaycan Ərəb İttifaqında baş verən fikir ayrılığına diqqət yetirməlidir. Bir il əvvəl Azərbaycanda ən çox səslənən sual bu idi: “Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi Azərbaycan üçün hansı təhlükələr yarada bilər?” İki ölkə barışdı, mövzu aktuallığını itirdi. Daha sonra bu sual aktullaşdı: “Rusiya-Amerika münasibətlərinin gərginləşməsi Azərbaycan üçün hansı təhlükələr yarada bilər?” İndi isə başqa sual aktuallaşıb: “Səudiyyə Ərəbistanı-Qətər münasibətlərinin gəginləşməsi Azərbaycana hansı təhlükələr yaradır?” Azərbaycan o qədər həssas bölgədə varlığını sürdürür ki, ətrafda istənilən gərginlik Azərbaycana da təsir edə bilər. Rəsmi Bakı Səudiyyə Ərəbistanı-Qətər gərginlikdə tərəf seçə bilməz. Azərbaycanın hər iki dövlətlə yaxşı münasibətləri var. Ona görə də rəsmi Bakı bu iki dövlətin tez barışmasında maraqlıdır ki, çətin seçim qarşısında qalmasın. Rəsmi Bakı proseslərə qarışmamalıdır. Biz nə Səudiyyə Ərəbistanı, nə də Qətərlə münasibətləri soyutmalıyıq. Onsuz da bir müddət sonra Qətər geri addım ataraq ərəb qonşuları ilə münasibətləri nizamlamağa çalışacaq”.


Cavanşir ABBASLI

Administratorla əlaqə

077 611-55-22

[email protected]