Analitika

Vüsal Novruzovu diqqət mərkəzinə gətirən müdhiş faktlar - Dövlət marağına vurulan CİDDİ ZƏRBƏ

20-05-2017, 23:21
Vüsal Novruzovu diqqət mərkəzinə gətirən müdhiş faktlar - Dövlət marağına vurulan CİDDİ ZƏRBƏGömrükdə monopoliyanın məhvinə start verildi

Dünyada hökm sürən iqtisadi böhrandan ölkəmizi minimum itki ilə çıxarmaq üçün dövlət başçısı tərəfindən proqram xarakterli qərarlar qəbul edilib, inqilabi addımlar atılıb. Məhz bu müdrik siyasətin nəticəsində hətta ən iri dövlətlər belə böhrandan ciddi fəsadlara uğrasa da Azərbaycan bu gərgin şəraitdə çətin də olsa öz iqtisadi sabitliyini qoruyub saxlaya bildi.

Prezident İlham Əliyev dəfələrlə indiki şəraitdə azad iqtisadi mühitin formalaşdırılmasının, sahibkarlara hərtərəfli qayğının göstərilməsinin və nəhayət bütün sahələrdə monopoliyanın aradan qaldırılmasının vacibliyini vurğulayıb. Bu istiqamətdə müvafiq qərarlar da qəbul edilib. Lakin, bütün bunlara baxmayaraq iqtisadiyyatda öz monopolist mövqeyini qoruyub saxlayan, sahibkarlara hər sahədə süni maneələr yaradan qüvvələr hələ də mövcuddur.

Sirr deyil ki, sahibkarları hər zaman incik salan, azad rəqabət mühitini boğan strukturlardan biri Gömrük orqanları olub. Sahibkarlarin “qorxulu yuxusuna” çevrilən Bakı şəhər Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov öz fəaliyyəti ilə bu gün də ölkədə monopolistlərin maraqlarının qorunmasına, qanunların tapdalanmasına xidmət edir. Özü ölkənin əsas monopolistlərindən biri olan Vüsal Novruzovdan monopoliyaya qarşı mübarizə gözləmək ən azından sadəlövlük olardı.

Rubrika.az bildirir ki, verilən məlumatlara əsasən Vüsal Novruzovun nəzarətində mərmər biznesi, ölkəyə gətirilən malların gömrük qeydiyyatından qeyri-leqal keçirilməsi üçün nəzərdə tutulmuş «Aqroazerinvest» şirkəti, habelə daha bir neçə iri biznes sahələri var. Gömrük rəisinin əsas monopoliyasında olan sahələrdən biri də dekorativ bitkilərin ölkəyə gətirilməsidir. Bu gün bütün ölkə boyunca parkları, xiyabanları, yol kənarlarını bəzəyən dekorativ bitkilər məhz V. Novruzovun sayəsində yurdumuza yaraşıq verir.

Prezident İlham Əliyevin sahibkarlara yaradılan maneələrə qarşı sərt çıxışları son dövrlər gündəmin əsas mövzusudur. Amma V.Novruzov tabeliyindəki sahədə nə dövlət rəhbərinin tapşırıqlarına məhəl qoyur, nə də sahibkarlardan aldığı qeyri-leqal rüsumları azaldır. Rubrika.az-a verilən məlumata görə, əksinə son dövrlər V. Novruzov sahibkarlardan tələb etdiyi rüşvəti o qədər artırıb ki, heç bir sahibkar ölkəyə mal gətirmək istəmir.

Əgər hansısa sahibkar xarici ölkədən Azərbaycana istənilən məhsulu gətirirsə, əvvəlcə ona maneələr yaradılır. Daha sonra Vüsal Novruzovun komandası dövriyyəyə girir və sahibkarın “işini asanlaşdırmaq” məqsədilə ondan rüşvət istənilir. Bu da dövlət rüsumunun 10 qatı qədərdir. Misal üçün, 2000 dövlət rüsumu olan məhsula 20000 rüşvət tələb olunur. General- mayorun nəzarətində olan “Aqroazerinvest” haqda yayılan məlumatlara görə, bu şirkət maklerlik edir. Yəni gömrükdə buraxılmayan malların keçirilməsi üçün qeyri-leqal işi həyata keçirir. Təbii ki, dövlət rüsumunun 10 qatı hesabına.

Bu il yanvarın 10-da ölkə başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. Ölkədəki real iqtisadi durumdan və gələcək planlardan geniş söhbət açan ölkə başçısı ad çəkmədən bəzi məmurları ciddi formada tənqid edərək onlara fəaliyyətlərindəki qüsurları aradan qaldırmaq üçün ilin sonuna kimi vaxt verdi. Lakin, kifayət qədər vaxt verilsə də indiyə qədər V. Novruzov fəaliyyətində zərrə qədər də dəyişiklik etməyib.

Rubrika.az-a daxil olan məlumata görə birbaşa dövlət maraqlarına zidd olan əməlləri ilə ölkədə narazılıq formalaşdıran V. Novruzovun fəaliyyəti ciddi təftiş olunur. Əldə olunan faktlar sadəcə bir korrupsiya əməli, rüşvət faktı deyil. Söhbət dövlət maraqlarına vurulan ciddi zərbədən gedir. Bunu isə heç kimə bağışlamırlar.

Nicat Mahmudov

Administratorla əlaqə

077 611-55-22

[email protected]