Analitika

“Azərbaycan Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünə inteqrasiya mövqeyinə yenidən baxmalıdır”

6-04-2017, 23:34
Dünən Azərbaycan Respublikası prezidenti “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.

Xeberman.com xəbər verir ki, MSŞT-dən çıxmağa dair yalnış qərarın korrektəsinə yönəlib. Fərmanla Azərbaycan MSŞT üzrə standartların bir qisminin yerinə yetirilməsi öhdəliyi yaradıb və onu yeni yaradılmış hökümət komissiyasının üzərinə qoyub.
“Azərbaycan Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünə inteqrasiya mövqeyinə yenidən baxmalıdır”

Qubad Ibadoğlu
Eyni zamanda Komissiyaya taprşırılıb ki, hasilat sənayesində şəffaflığın təmin edilməsinə dair normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlasın. Fərmandan məlum olur ki, Azərbaycan dövləti hasilat sənayesindən əldə olunan gəlirlərin idаrə olunması ilə bağlı vətəndаşlаr qаrşısındа hеsаbаt açıqlayacaq, şəffaflığın tətbiqində dövlət orqanları, hasilat sənаyеsində fəaliyyət göstərən şirkətlər, beynəlxalq təşkilаtlаr, mаliyyə qurumları, investorlar və qеyri-hökumət təşkilаtlаrı da dахil оlmаqlа, bütün mаrаqlı tərəflərin iştirakını təmin edəcək.

Fikrimcə, bu fərman da bir daha göstərdi ki, Azərbaycan hökümətinin martın 10-da yaydığı təşəbbüsü tərk etmək haqqında bəyanatı tələsik, emosional və reallığı nəzərə almayan mövqenin nümayiş etdirilməsinin nəticəsi olub. Düşünürəm ki, son fərman bu yalnış mövqenin korrektəsinə yönəlib. Çünki, bu təşəbbüs yalnız hökümətə məxsus deyil, onunla bərabər səviyyədə mədən sənayesi şirkətləri və vətəndaş cəmiyyətinin bu prosedə iştirakı nəzərdə tutulur. Azərbaycan hökümətinin isə tərəfdaşları ilə məsləhətləşmədən verdiyi qərar sonradan narazılıq yaradacağı əvvəlcədən də gözlənilirdi. Nəzərə almaq lazımdır ki, Azərbaycan mədən sənayesində BP, Total, Statoyl kimi dünyanın aparıcı transmilli şirkətləri fəaliyyətini davam etdirir. Qlobal səviyyədə şəffaflığın və hesabatlılığın əsas tərəfdarları olan bu şirkətlərin Azərbaycanda da mövqeləri nəzərə alınmalı idi.

Digər tərəfdən də fərman göstərir ki, Azərbaycan yalnız MSŞT hesabatlarına fokuslaşmaq istəyir. Belə olan halda MSŞT-non tətbiqinə dair proqres hesabatının, kontraktların və lisenziyalrın, xammal ticarəti ilə bağlı məlumatların açıqlanması, eləcə də ən vacibi mülkiyyət sahiblərinin açıqlanmasına dair yol xəritəsinin icrası ilə bağlı götürülmüş öhdəliklərin taleyinin necə olacağı da sual doğurur.
Pezident fərmanında həmçinin nəzərdə tutulur ki, hökümət komissiyası hesabatlılığın təşkil olunmasının bütün mərhələlərində qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və müstəqil ekspertlər ilə əməkdaşlıq etməlidir. Burda da maraq doğuran məqam əməkdaşlığa hansı mövqedə olan qeyri-hökumət təşkilatları və müstəqil ekspertlərin cəlb edilməsidir.

Nəhayət onu bidlirmək istərdim ki, Azərbaycan MSŞT üzrə beynəlxalq təşəbbüsdən çıxsa da hökümətin şəffaflıq və hesabatlığa sadiqliyini nümayiş etdirməsi istənilən halda təqdir olunmalıdır. Amma bir şeyi nəzərə almaq lazımdır ki, bu mövqedə olan bütün ölkələrin toplaşdığı “klub”u tərk edib, özünə ayrıca “turnir” yaradaraq kənarda oynamaq perspektivli yanaşma deyil və onun davamlılığı hər zaman şübhə doğuracaq. Çünki, MSŞT üzrə beynəlxalq təşəbbüs dinamikdir, onunla ayaqlaşmaq üçün içəridə olmaq və qaydalara uyğyn fəaliyyət göstərmək lazımdır. Bu isə bir daha göstərir ki, Azərbaycanın beynəlxalq səviyyədə “Mədən sənayesində şəffaflıq təşəbübsünə” qayıtmaqdan başqa alternativi yoxdur. Ola bilər ki, prezidentin son fərmanı MSŞT-yə yenidən qayıtmağa hesablanıb.
Qubad İbadoğlu, MSŞT üzrə beynəlxalq idarə heyətinin üzvü, Azərbaycanın “Mədən sənayesində şəffaflığın artırılması” QHT Koalisiyasının əlaqələndiricisi

Administratorla əlaqə

077 611-55-22

[email protected]