Analitika

MÜSBƏT SÖZ DEMƏK ÜÇÜN İNTELLEKT, MƏNFİ SÖZ DEMƏMƏK ÜÇÜN MƏSULİYYƏT KASADLIĞI...

9-01-2017, 14:36
  MÜSBƏT SÖZ DEMƏK ÜÇÜN İNTELLEKT, MƏNFİ SÖZ DEMƏMƏK ÜÇÜN MƏSULİYYƏT KASADLIĞI...

Görmüşük, parlament oz fəaliyyəti ilə bu cür çətin, böhranlı gündə xalqla hökumət arasında anlaşma körpüsü olar. Deputat ağıllı-müdrik davranışı- danışığı ilə xalqın ruhunu rahatlayar və dövlətinə, həyatına inam yaradar. Bəzi deputatlarımız isə, sanki planlı olaraq ara-sıra çıxış və hərəkətləri ilə insanlarda qıcıq və mənfi emosiya yaradan qızışdırıcı katalizator olur.

Özü də, birisinin qalmaqal yaratdığı çıxışın yüksək hərarəti soyumamış, o birisi başlayır. Beləcə, neçə müddətdir ki, bütün ölkə, deputatların qaş düzəltdikləri yerdə gözü də xarab edən yersiz ifadələri, camaatın buna mənfi reaksiya verməsi və sonra da, bu ifadələrin yanlış çatdırılması və ya, düzgün başa düşülməməsi kimi yumşaldıcı izahlarla məşğuldur. Onsuz da, bu problem yaşanan dövrün üstünə əlavə problem gətirmək lazımdırmı?

Adətən, belə böhranlı dövrlərdə deputatlar xalqın qabağına çıxır, çıxış və müsahibələri ilə hökumətin plan və tədbirlərini izah və təqdir edib, ümumi stimul yaradırlar. Dövlət hakimiyyəti millət vəkillərini millətin içinə göndərir. Bizdə isə, iş elə gətirib ki, hörmətli parlament sədri deputatlara deyir sakit oturun, müsahibə filan verməyin qoyun görək neynirik. Çünki bəzilərində müsbət söz demək üçün intellekt, mənfi söz deməmək üçün məsuliyyət kasadlığı hiss olunur.

Hər kəsin ölkənin, dövlətin yaranmış böhrandan çıxışı və inkişafı üçün nə düşündüyünə hörmətlə yanaşıram. Mənim düşündüyüm budur ki, bu yeni şəraitdə reformalar proqramına, Konstitusiyada dəyişiklikdən istifadə olunmaqla, parlamentin buraxılmasının salınması əhəmiyyətli olardı. Yeni, növbədənkənar seçkilərlə, hazırkı parlamentdə olan işlək, bacarıq-qabiliyyətli, intellektli deputatların sırası tamamlanardı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]