Xəbərlər

Müəllim tələbəni məhkəməyə verdi

17-04-2017, 18:51

Müəllim tələbəni məhkəməyə verdi
BDU-nun dekan müavini 4-cü kurs tələbəsinin ona böhtan atdığını iddia edir.

Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini, dosent Nigar İsmayılzadə həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevi məhkəməyə verib.

Oxu.Az xəbər verir ki, bu barədə Report-a N.İsmayılzadənin müdafiəçisi Kamandar Nəsibov bildirib.

Onun sözlərinə görə, Yasamal Rayon Məhkəməsinə müraciət edən dekan müavini tələbənin Cinayət Məcəlləsinin (CM) 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini istəyir. N.İsmayılzadə məhkəməyə müraciətində göstərib ki, Z.Mirağayev ona böhtan atıb, ağır cinayət törətməkdə ittiham edərək təhqir edib.

Müdafiəçi qeyd edib ki, N.İsmayılzadənin iddia ərizəsinə əsasən, bir müddət öncə KİV-də müvəkkili haqqında bir neçə məqalə dərc olunub. Həmin məqalələrdə dekan müavininin ünvanına təhqiredici ifadələr və böhtan xarakterli məlumatlar əks etdirilib.

K.Nəsibov 14 fevral 2017-ci il tarixdə mətbuatda N.İsmayılzadə haqqında dərc olunan “BDU-nun İlahiyyat fakültəsində nələr baş verir - Şikayət var” başlıqlı yazı BDU-nun İlahiyyat fakültəsinin tələbələrinin adından yazılıb və ona qarşı rüşvət almaq, tələbələri təhqir etmək, alçaltmaq kimi ağır böhtan atılıb. Vəkilin sözlərinə görə, bundan başqa, həmçinin İlahiyyat fakültəsinin bir qrup tələbəsinin adından N.İsmayılzadə haqqında tədbir görülməsi barədə şikayət ərizəsi ilə BDU-nun rektoru, professor Abel Məhərrəmova 10.03.2017-ci il tarixli müraciət olunub.

K.Nəsibov həmiçinin bildirib ki, 2 mart 2017-ci il tarixdə digər mətbuat orqanlarında “BDU-nun tələbəsi universitetdəki rüşvətə etiraz edir” başlıqlı yazılar dərc olunub: “Eyni məzmunlu yazıda Zəka Mirağayevin sayta ünvanladığı şikayət məktubunun dərc edildiyi qeyd edilib.

Vəkilin sözlərinə görə, Z.Mirağayevin mətbuatda “BDU-nun tələbəsi universitetdəki rüşvətə etiraz edir” başlıqlı yazısında heç bir sübuta istinad etmədən böhtan atmaqla N.İsmayılzadəyə qarşı rüşvətxor kimi ağır ittiham irəli sürüb: “O, heç bir aidiyyəti olmadığı halda müvəkkilimin qardaşı Gürsel İsmayılzadənin adını hallandıraraq, onun guya intihar etmiş keçmiş MTN zabiti İlqar Əliyevlə münasibətlərinin olduğunu bildirərək və qəsdən bunu kəskin formada qabardaraq hər iki insanın şəxsi və işgüzar nüfuzunu zədələməyə çalışıb. Məlumat üçün onu da bildirirəm ki, Zəka Mirağayev tərəfindən sosial şəbəkələrdə səsləndirilən böhtanların həqiqətə uyğunluğunun araşdırılması məqsədi ilə BDU-nun rektoru, professor Abel Məhərrəmovun sərəncamı ilə Komissiya yaradılıb.

Komissiyanın araşdırmasında Nigar İsmayılzadənin müxtəlif neqativ hərəkətlərlə məşğul olması ilə bağlı irəli sürülən iddialar və səsləndirilən fikirlər öz təsdiqini tapmayıb.

Qeyd edək ki, N.İsmayılzadə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin bacısıdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]