Xəbərlər

Hacı Surxay yayılan videosundan DANIŞDI: “Bəzi məmurlar ölkə rəhbəri ilə dindarları üz-üzə qoyur”

16-04-2017, 12:19

Xeberman.com xəbər verir ki, axund unikal.org-a açıqlamasında bildirib ki, yayılan video-sujetin kimlər tərəfindən çəkilməsindən xəbərsizdir. S.Məmmədli İçərişəhər "Cümə” məscidində məmurlarla bağlı səsləndirdiyi fikrləri sonadək müdafiə edəcəyini və səsləndirdiyi fikirlərdən onu heç kimin çəkindirə bilməyəcəyini deyib:

"Əvvəla qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyev Yasamal rayonu Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən "Hacı Cavad" məscidinin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq verdi. Prezident qəti şəkildə məscidin sökülməsinin əleyhinə çıxdı. Sağ olsun ölkə rəhbəri. Dindarların heysiyyatı ilə oynayanlar arasında xüsusi olaraq məmurlarımızın da olduğunu hesab edirəm. Bu məmurlar İlham Əliyevi dindarlarla üz-üzə qoyurlar. Belə məmurları qınayıram. Onlar Allahdan qorxmadan addım atırlar. Onlar istəyirlər ki, insanların olan-qalanını da əllərindən tutub alsınlar. Prezidentə onlar barədə düzgün məlumat verilmir. Əgər düzgün məlumat verilirsə, ölkə başçısı dərhal bütün neqativ halların qarşısını alır və ciddi göstəriş verir”.

H.Surxay Məmmədli məmurlara haqlı suallar da ünvanlayıb: "Bakıda hər tində salınan "şərab evləri”ni bağlamırlar? Gedib onları bağlasınlar da? Səhv deyirəm? Bu gün aprel döyüşlərində şəhid olanlar və eyni zamanda, Mübariz, Fərid kimi şəhidlərimizi məscidlər yetişdirib. Onları restoranlar, əxlaqsızlıq yuvaları yetişdirməyib. Bu gün Azərbaycan müstəqilliyini qanıyla, canıyla əldə edənlərdən bir qrupu da bizim məscid möminlərimizdir. Onlar gedib vətən yolunda şəhid oldular. Niyə camaatın heysiyyatıyla oynayırsınız? Mən bu şəkildə moizəmdə demişəm və çəkinmədən də deyirəm. Hər cümə günü mən öz moizələrimi edirəm. Müxtəlif məsələlərə öz münasibətimi bildirir və Quran prizması ilə yanaşıram”.

"Məlum videonuzdan sonra sizə hər hansı bir təzyiqlər varmı?” - sualımıza isə Hacı Surxay belə cavab verib: "Kim təzyiq edə bilər? Mənə bu məsələ ilə bağlı heç bir halda təzyiq eləmək mümkün deyil. Çünki mən dövlətin, prezident İlham Əliyevin xəttini ortaya qoymuşam. Ölkə başçısı da Azərbaycanda stabillik, rahatlıq və ən əsası asayiş istəyir. Mən də bu asayişin tərəfdarıyam. Eyni zamanda bir dindar, insan, Azərbaycan vətəndaşı və ən əsası ilahi dinin doktoru olaraq, dini məbədgahların sökülməsinin əleyhinəyəm”.

Hacı Surxay həmçinin, bildirib verib ki, prezidentin tapşırığından sonra "Hacı Cavad" məscidi tarixi abidə kimi qalacaq və heç vaxt sökülməyəcək: "Başqa yerdə məscid tikiləcək. Bütün möminlər təzə məsciddə öz dini ayinlərini yerinə yetirəcəklər. Amma "Hacı Cavad" məscidi isə tarixi abidə kimi saxlanılacaq”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]