Xəbərlər / Siyasət

Ukraynada içərisində Azərbaycan şirkətlərinin yükü olan avtomobillər oğurlanıb – FOTO

4-04-2017, 16:49

[i][/i]Ukraynanın Poltava, Xmelnitski və Vinnitsa vilayətlərində içərisində Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu daha 3 ağır tonnajlı maşın oğurlanıb.

Oxu.Az-ın xəbərinə görə, yük maşınlarından birinin daşıyıcılığını həyata keçirən “Sufaris-Transport” şirkətinin rəhbəri Sübhan Sarıyev APA-ya bildirib ki, yükü kərə yağı olan yük maşını Poltava ərazisində yoxa çıxıb.

Yük Azərbaycan investisiyalı “Dapra LTD” şirkətinə məxsusdur. S.Sarıyev qeyd edib ki, yük avtomobilinin sürücüsü Oleksandr Simishko tapılıb və polisə ifadə verib: “Onun ifadəsindən maraqlı faktlar üzə çıxıb. Sürücü bildirib ki, yola salınan zaman yük maşınında nasazlıq olub, maşının sahibi Sergey Mixayluk xaricdə səfərdə olduğu üçün ona nəzarət üçün təhkim olunmuş Kiril adlı şəxsə zəng edib. Kiril yük maşınının ona verməsini və gözləməsini bildirib. Lakin sonradan nə Kirildən, nə də maşından xəbər çıxıb”.

Digər Azərbaycan şirkətinə göndərilən konserv üçün xammallardan ibarət yük maşınlarından birinə cavabdehlik daşıyan Dmitri Mixaylus isə APA-ya bildirib ki, onlara məxsus bir yük maşını Xmelnitski, digər eyni yüklü (Azərbaycana göndərilən) maşın isə Vinnitsa vilayətində oğurlanıb. Onun sözlərinə görə, yüklərin maşınların sahibi olduğu ukraynalılar tərəfindən “yoxa çıxarıldığı” ehtimal olunur: “Hər yük maşınında yük təxminən 300000 ABŞ dolları dəyərindədir”.

APA-nın əldə etdiyi məlumata görə, son günlər Ukraynanın Kiyev də daxil olmaqla müxtəlif vilayətlərində içərisində Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu daha 5 yük maşını oğurlanıb.

“Azərsun Holding”in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov bildirib ki, oğurlanan yük maşınlardan birindəki yük onların şirkətinə məxsusdur. A.Səfərov yükün nədən ibarət olması barədə məlumata malik olmadığını bildirib. O, içərisində digər Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu maşınların Ukraynada oğurlanması barədə onlarda məlumat olduğunu da deyib.

Bir müddət əvvəl Ukraynada içərisində Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu oğurlanan 10 maşından 2-dəki yüklərin çatdırılmasına cavabdehlik daşıyan azərbaycanlı iş adamı, İvano-Frankovsk vilayəti Azərbaycanlıları Konqresinin sədri Mətləb Nəcəfov APA-ya bildirib ki, onun cavabdehlik daşıdığı yüklərin oğurlanmasında maşınların məxsus olduğu yerli “Transimpeks LTD” şirkətinin əli olduğu ehtimal edilir: “Çox təəssüf ki, yerli hüquq-mühafizə orqanları bu işlə ciddi məşğul olmur və nəticə yoxdur. Ehtimal edirik ki, yük maşınlarının oğurlanmasında şübhəli bilinən maşın sahibləri ümumi şəbəkəyə xidmət edir. Bu, biz azərbaycanlı iş adamlarını ciddi narahat edir. Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyinə müraciət etsək də, heç bir nəticə yoxdur”.

Qeyd edək ki, bir müddət əvvəl Ukraynada Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu 10 ağır tonnajlı yük maşını oğurlanıb. Maşınlar yükləri ilə birdə Ukraynanın Xmelnitski və Çerniqov vilayətlərində yoxa çıxıb.






vaqif abdullayev



////// Xeberman.com




Administratorla əlaqə

077 611-55-22

[email protected]