Əsas Səhifə / Ölkə

II qrup əlil Tovuz Gömrük İdarəsindən şikayətçidir

20-12-2015, 08:09
II qrup əlil Tovuz Gömrük İdarəsindən şikayətçidirDünən bizimdovr.az-a Tovuz Gömrük İdarəsinin fəaliyyəti ilə bağlı daha iki şikayət ərizəsi daxil olub. Ərizələrdən biri Tovuz şəhəri, Şəhidlər xiyabanı 14 ünvanında yaşayan II qrup əlil Namazov İsfəndiyar, digəri isə, Ağstafa şəhər sakini, 20 Yanvar küçəsi 37 ünvanında yaşayan Elmir Rüstəmov tərəfindən təqdim olunub. Hər iki şikayətçi öz müraciətlərində bildirirlər ki, onlar ailələrinin dolanışıqlarını təmin etmək məqsədilə, qonşu Gürcüstandan ölkəmizə meyvə-tərəvəz məhsulları gətirirlər. Lakin, Tovuz Gömrük İdarəsinin “Qırmızı körpü” keçid-məntəqəsində bu vətəndaşlara qarşı qanun pozuntularına yol verilir. İsfəndiyar Namazov öz ərizəsində bildirir ki, Gömrük İdarəsinin rəisi Mehman Sadıqovun qohumu, keçid məntəqəsində növbə rəisi kimi çalışan Kamilin göstərişi ilə ondan hər dəfə dövlət tərəfindən müəyyən olunmuş məbləğdən iki dəfə artıq rüsum alırlar. Həmçinin İsfəndiyar Namazov məntəqədə Mehman Sadıqovun digər qohumlarının, tərəziyə nəzarət edən xalası oğlunun və “broker”lik edən əmisi oğlunun da müxtəlif özbaşınalıqlar etdiklərini bildirir. Şikayətçinin sözlərinə görə, bir müddət əvvəl, bütün bu baş verənlərə etirazını bildirmək üçün Tovuz Gömrük İdarəsinə gəldiyi zaman o, rəisin sürücüsü Yaşar və idarənin maliyyə işlərinə nəzarət edən qaynı Toğrul tərəfindən döyülərək qovulub. Elmir Rüstəmov isə deyir ki, qanunsuz müsadirə olunmuş mallarını geri istəmək üçün idarəyə gələrkən, həmin əməkdaşlar onun üzərinə burada saxladıqları iti (rotfeyler cinsindən) qısqırdıblar. Həmçinin bu şikayətçilər də xüsusi olaraq vurğulayırlar ki, Vəzir Həsənovun Tovuz Gömrük İdarəsinə rəhbərlik etdiyi dönəmdə bu kimi hallara qətiyyən yol verilə bilməzdi. Yeri gəlmişkən, qəzetimizin ötən saylarında dərc etdiyimiz “Mehman Sadıqovun yarıtmaz kadr islahatları” və “Vəzir Həsənov Tovuza qayıdır” sərlövhəli materiallarda da Tovuz Gömrük İdarəsinə Mehman Sadıqovun rəis təyin olunmasından sonra burada vəziyyətin olduqca gərginləşdiyinə dair aldığımız açıqlamalardan bəzi çıxarışlar təqdim olunmuşdu. Bu xüsusda aldığımız məlumatlarda qeyd olunmuşdu ki, ölkədə korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir vaxtda bu idarənin də fəaliyyətində bəzi müvəqqəti dəyişikliklər həyata keçirildi. Lakin bu dəyişikliklərin yeganə məqsədi rüşvətin tamamilə yığışdırıldığı barədə görüntü yaratmaq. Buna görə də bu “mütərəqqi islahatlar” sadəcə bir neçə gün davam etdi. Qısa bir müddətdən sonra isə, gömrük işçilərinin ölkəyə mal gətirən sahibkarları soyub-talamaq əməliyyatları yenidən bərpa olundu. Göründüyü kimi, bu gün də bizimdovr.az-a daxil olan məlumatlarda Tovuz Gömrük İdarəsinin tabeliyində olan gömrük keçid məntəqələrində ciddi korrupsiya hallarının baş verdiyi bildirilir. Həmçinin aldığımız açıqlamaların bir çoxunda vətəndaşlar bu idarənin keçmiş rəhbərliyinin, eləcə də, Vəzir Həsənovun dövründə burada çalışan kollektivin peşəkarlıq xüsusiyyətlərini də yüksək qiymətləndirirlər. Bir çox mənbələrin deməyinə görə, hazırda Tovuz Gömrük İdarəsinin yarıtmaz fəaliyyətini şərtləndirən əsas amillərdən ən başlıcası da məhz Mehman Sadıqovun buraya rəis təyin olunduqdan sonra həyata keçirdiyi uğursuz kadr islahatlarıdır. Aldığımız digər bir məlumatda isə bildirirdi ki, Tovuz Gömrük İdarəsinə Mehman Sadıqovun rəhbərlik etdiyi müddət ərzində sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun, eləcə də Azərbaycan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin malları idarənin gömrük məntəqələrindən heç bir rüsum ödənilmədən ölkəyə buraxılırdılar. Bir müddət sonra isə, idarənin fəaliyyəti araşdırılmış və bu zaman bir çox ciddi nöqsanlar aşkarlanmışdır. İndi isə, aldığımız məlumata görə, bu nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi planlaşdırılır. Bu xüsusda mənbə bildirir ki, Tovuz Gömrük İdarəsinin fəaliyyətinin sağlamlaşdırılması istiamətində atılacaq ilk addım idarənin keçmiş rəisi, hazırda Sumqayıt Gömrük İdarəsinə rəhbərlik edən general Vəzir Həsənovun yenidən keçmiş vəzifəsinə qaytarılması olacaq. Ən azından belə bir qərarın bölgə sakinlərinin ürəyincə olacağını indidən demək olar.

Məqalədə adı keçən bütün tərəflərin məsələyə münasibətini qəzetimizdə dərc edə bilərik.

Administratorla əlaqə

077 611-55-22

[email protected]