Əsas Səhifə / Siyasət

“Rusiya Azərbaycanı hədələmək taktikasını seçib” - EKSPERT

10-12-2015, 20:12
“Rusiya Azərbaycanı hədələmək taktikasını seçib” - EKSPERTƏrəstun Oruclu: “Bu, həm də Rusiyanın bütövlükdə Cənubi Qafqazda öz təsirini gücləndirməsi üçün lazımdır”

“Rusiyanın regionda güclənməsi istənilən halda Azərbaycan üçün təhlükədir. Xüsusən Rusiya bu məqsədlə Ermənistan ərazisindən istifadə edirsə, bu, daha təhlükəlidir. Rusiya ilə Ermənistan arasında hərbi tərəfdaşlıq haqqında müqavilə də var”.

Ekspert Ərəstun Oruclu bunu Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasını gücləndirmək üçün bu ölkəyə əlavə aviasiya texnikası cəmləşdirməsi xəbərinə münasibət bildirərkən belə deyib.

Ə.Oruclu musavat.com-a açıqlamasında qeyd edib ki, bütün bu qoşun yığmaq və sair addımlar bir neçə məqsədə xidmət edir: “Onlardan biri Azərbaycana təzyiqdir. Rusiyada nəzərə alırlar ki, indiki yaranmış şəraitdə bölgədə gərginliyi artırmaq, hərbi vəziyyəti aktiv fazaya keçirmək və bundan sonra həmin silahlı qüvvələrdən Azərbaycana qarşı istifadə etmək və ya Azərbaycana qarşı istifadə etməklə hədələmək kimi bir taktika uğurludur. Bu, həm də Türkiyəyə qarşıdır. Rusiyanın hazırda Suriyada keçirdiyi hərbi əməliyyatların genişləndirilməsi və eyni zamanda, Rusiyanın bütövlükdə bölgədə, Cənubi Qafqazda öz təsirini gücləndirməsi üçün lazımdır”.

Xatırladaq ki, Rusiya Ermənistandakı 102-ci hərbi bazasını gücləndirmək üçün bu ölkəyə əlavə aviasiya texnikası cəmləşdirməyə başlayıb. Bir neçə gün əvvəl Rusiya ordusunun Cənub Hərbi Dairəsinin yaydığı açıqlamaya əsasən Ermənistana əlavə olaraq, 7 zərbə və nəqliyyat vertolyotu göndərilib. İlin sonuna qədər daha bir neçə vertolyotun göndəriləcəyi bildirilir. Və bu hadisə Türkiyə ilə Rusiya arasında münasibətlərin kəskinləşməsi, eyni zamanda Türkiyənin Qarabağ məsələsində Azərbaycana dəstəyini növbəti dəfə ifadə etməsi fonunda baş verir.

Bundan əvvəl Rusiya mənbələri prezident Vladimir Putinin Müdafiə Nazirliyinə təcili olaraq, Ermənistandakı hərbi qruplaşmanı gücləndirmək və Türkiyə-Ermənistan sərhədinə S-400 zenit-raket sistemləri, “Krasuxa” radioelektron mübarizə vasitələri və digər döyüş texnikasını yerləşdirmək barədə əmr verdiyini bildirmişdi. İndi Ermənistana əlavə döyüş vertolyotlarının göndərilməsi bu əmrin icrasının başlamasını göstərir. Bildirilir ki, Rusiyanın İrəvan yaxınlığındakı Erebuni hərbi hava bazasına artıq Mi-24P, Mi-8T vertolyotları çatdırılıb, ancaq ilin sonuna qədər vertolyotların növbəti partiyası da göndəriləcək.

“Vertolyotlar Rusiyanın aviasiya birləşməsinin MiQ-29 qırıcılarının yanında xüsusi dayanacaqlarda yerləşdirilib. Bu ay ərzində aviasiya vasitələrinin cəmləşdirilməsi davam edəcək, daha sonra pilotlar planlı uçuşlara başlayacaqlar”, - deyə Cənub Hərbi Dairəsindən bildirilib. Erebuni hərbi bazası 1995-ci ildən fəaliyyət göstərir, orada Rusiyanın 18 MiQ-29 qırıcısı cəmləşdirilib.

Rusiyanın Ermənistana əlavə hərbi qüvvələr cəmləşdirməyə başlaması həm də Qarabağ münaqişəsi zonasında vəziyyətin növbəti dəfə kəskinləşdiyi bir vaxtda baş verir. Ehtimal olunur ki, Rusiya Ermənistana əlavə qüvvələr cəmləşdirməklə Türkiyəyə güc nümayiş etdirmək istəyir. Eyni zamanda mesaj verir ki, Türkiyənin regiondakı müttəfiqinə hərbi dəstək verərək, Qarabağ münaqişəsi ətrafındakı status-kvonu dəyişdirməsi istisnadır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]