Əsas Səhifə / Gündəm

“Rusiya-Türkiyə “iqtisadi müharibə”si başlayır”

30-11-2015, 20:43
“Rusiya-Türkiyə “iqtisadi müharibə”si başlayır”

Qubad İbadoğlu: “Yaranacaq böhranlı vəziyyətdən Türkiyənin daha az zərərlə və tez çıxmaq potensialı Rusiyadan yüksəkdir”


Noyabrın 28-də Rusiya prezidenti Vladimir Putin “Rusiya Federasiyasının milli təhlükəsizliyi və Rusiya vətəndaşlarının cinayətkar və ya digər hüquqazidd əməllərdən qorunmasının təmin edilməsi və Türkiyə Respublikasına qarşı xüsusi iqtisadi tədbirlərin tətbiq edilməsi üzrə tədbirlər haqqında” fərman imzalayıb. Bu fərmanın icrası iki ölkə arasında enerjidən turizmə, ticarətdən inşaat qədər bütün layihələrə mənfi təsir göstərəcək.

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu yaranmış bu Rusiya-Türkiyə “iqtisadi müharibəsi” kimi xarakterizə edib. O, Rusiya birtərəfli qaydada türk vətəndaşları üçün vizasız rejimi də ləğv etdiyini, yeni qaydalara görə türk vətəndaşlarının hətta viza alacağı halda Rusiyada 30 gündən çox qala bilməyəcəyini xatırladaraq qeyd edib ki, bu vəziyyət xüsusi ilə Rusiyanın inşaat bölməsində çalışan türklərin məşğulluğuna mənfi təsir göstərəcək: “Rəsmi məlumatlara görə, 2015-ci ildə 67 min türk vətəndaşı Rusiyada işləmək üçün çalışma vizası alıb. Qeyri-rəsmi məlumatlara görə isə, Rusiyada əsasən də inşaat bölməsində 90 min türk vətəndaşı işləyir. Digər qadağa rusiyalı turistlərinin Türkiyənin istirahət zonalarına gedişinin məhdudlaşdırılmasına yönəlib. Belə ki, rus turizm agentləri Türkiyəyə turların satışını, eyni zamanda çarter avia-reyslərini də dayandırıb. Türkiyə Statistik Kurumunun (TÜİK) açıqlamalarına görə, ötən il bu ölkənin turizmdən gəlirləri 34,3 milyard dollar olub ki, toplam gəlirlərin 3 milyard dollar və ya 8,75 faizə qədəri rus turistlərin sayəsində formalaşıb. Hazırda Misir və Türkiyəyə səyahət qadağası qoyan Rusiya bununla daxili turizm bölməsini inkişaf etdirəcəyini hədəfləyir. Fikrimizcə, Rusiyada həm yay iqlim və həm də infrastuktur problemlərinə malik olan daxili turizm obyektlərinin imkanlı ruslar üçün heç cəlbedici olacağı inandırıcı görsənmir”.

Rusiyanın Türkiyə ilə münasibətlərdə ziyan vurmaq istədiyi digər sahə enerji əməkdaşlığıdır. Ötən il Rusiya Türkiyənin təbii qaza olan tələbatının 54,7 faizini, İran 18,1 faizini, Azərbaycan isə 12,4 faizini təmin edib. 2014-cü ildə Türkiyə Rusiyaya təbii qaz satışına 16,5 milyard dollarlıq faktura ödəyib.

Göründüyü kimi, Rusiya və Türkiyə iqtisadi münasibətlərində başlıca önəm kəsb edən ticari əlaqələr, enerji və inşaat bölməsidir. Qubad İbadoğlu hesab edir ki, Rusiyanın iqtisadi münasibətləri zədələmək məqsədilə birtərəfli qaydada qərarlar qəbul etməsi beynəlxalq konvensiyalara və ticarət qaydalarına ziddir: “Həm Rusiya və həm də Türkiyə Dünya Ticarət Təşkilatının, eləcə də BMT-nin bir sıra institutlarının (UNCTAD, UNİDO, FAO və s.) üzvüdürlər. Onlar bu nüfuzlu beynəlxalq təşkilatlar qarşısında ticari əlaqələrdə qeyri-tarif baryerlərə, investisiya əməkdaşlığında diskriminasiyalara yol verməməklə bağlı öhdəliklərə malikdirlər. Odur ki, Türkiyənin ticarət və investisiya palataları, həmçinin iş adamları Rusiyanın birtərəfli qaydada qəbul etdiyi ticarətdə və investisiyada diskrimasiyaya gətirib çıxaran qərarlarına qarşı dövlətlərarası ticarət mübahisələrinin arbitraj yolu ilə həlli müstəvisində iddialar qaldırmalıdr. Onlar eyni zamanda BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası (UNCITRAL) və Kommersiya Arbitraj İnstitutlarının Beynəlxalq Federasiyasına şikayət etməli, iki ölkə arasında imzalanmış investisiya və ticarət tərəfdaşlığına dair müqavilələr əsasında hüquqi araşdırmaya başlamalıdırlar”.

Q.İbadoğlu sonda qeyd edib ki, iqtisadiyyatı 3,8 faiz, sənayesi 4,2 faiz geriləyən, büdcəsində ÜDM-in 2,8 faizi qədər kəsir yaranan və Qərbin sanksiyalarından, eləcə də enerji resurslarının qiymətlərinin ucuzlaşmasında əziyyət çəkən Rusiyanın eyni dövrdə 2,9 faiz iqtisadi, 8,4 faiz sənaye artımına malik olan və Qərbin dəstəyini qazanan Türkiyəyə qarşı aparacağı iqtisadi müharibə həmçinin Rusiyada mövcud iqtisadi və sosial böhranı dərinləşdirəcək, istehlak və əmlak qiymətlərini bahalaşadıracaq: “Bütün bunlar isə hər iki ölkənin iqtisadiyyatı üçün yaxşı perspektivlər vəd etmir, lakin qiymətləndirmələr göstərir ki, hazırkı vəziyyətdə və mövcud şərtlər daxilində yaranacaq böhranlı vəziyyətdən Türkiyənin daha az zərərlə çıxmaq potensialı Rusiyadan yüksəkdir. Çünki, Türkiyənin açıq ticarət və liberal investisiya siyasəti bu itkiləri daha tez kompensasiya edə biləcək”.
E.SEYİDAĞA
Musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]