Əsas Səhifə / Gündəm

Səni aləm tanımır hələ, “Zika”

5-02-2016, 19:35

Dünyanı cənginə alan qorxulu virus haqqında bilgilər

 

Adil Qeybulla: "Xəstəliyin yayıldığı ölkələrdən gələnlər müayinədən keçirilməlidir”

Donuz qripindən sonra dünya yeni bir virusla çalxalanır. Bu, "Zika” virusudur və hazırda daha çox Braziliyanı öz cənginə alıb. Bununla yanaşı, virus artıq dünyanın 21 ölkəsində yayılmağa başlayıb. Buna görə ABŞ-ın Florida ştatının 4 dairəsində fövqəladə vəziyyət elan edilib. Bildirilir ki, adı çəkilən ştatda bu günədək "Zika” virusuna 9 yoluxma halı qeydə alınıb. Həkimlərin rəyinə görə, xəstələnən insanlar virusa xaricdə səfərdə olduqları zaman yoluxublar. 

Çilidə də bu virusa yoluxma faktı aşkarlanıb. Bu dəfə virus  Kolumbiyaya səyahət edən kişidə aşkar olunub. 

Kanada da isə bu günədək "Zika” virusuna yoluxma ilə bağlı 3 hal qeydə alınıb. Məlumata görə, yoluxanların hər üçü Latın Amerikası ölkələrində - Kolumbiya və Salvadorda olub. İki yoluxma halı Britaniya Kolumbiyası əyalətində qeydə alınıb. Hər iki xəstə sağalıb. 
Üçüncü hal isə Albert əyalətində qeydə alınıb. Ölkənin Səhiyyə Nazirliyinin nümayəndələri əhalini sakitləşdirərək bildiriblər ki, virus iqlim xüsusiyyətlərinə görə Kanadada yaşaya bilməz, yalnız ölkə sərhədlərindən çölə çıxanlar bu virusa yoluxa bilər.

Danimarkalı turistdə də virusun aşkarlanması Avropada həyəcanın artmasına səbəb olub. Bu günlərdə isə İsvedə hamilə bir qadında adı çəkilən virusun tapılması daha ciddi tədbirlərin görülməsini sürətləndirib. 

Beləliklə, virusun yayılma təhlükəsi böyük olduğu üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstəliyin bütün Şimali və Cənubi Amerika ölkələrində yayılma ehtimalından narahat olduqlarını bəyan ediblər.

Təhlükəli virusun əlamətləri

Virusun ilk dəfə 1947-ci meymunlarda aşkarlandığı bildirilir. Daha sonra isə insanlar bu virusa yoluxub. Onun daşıyıcısı əsasən  "Aedes aegypti" adlı ağcaqanad növləridir. Ümumdünya Səhiyyə Təşkilatı "Zika” virusunu Ebola ilə eyni narahatlıq kateqoriyasına salır. 
Daha çox hamilə qadınlar üçün ciddi təhlükə yaratdığı deyilən bu virus hələ doğulmamış körpənin beynində kiçilmə və fəsadlara, hətta ölümə belə yol aça bilər. Xəstəliyin əlamətlərinə yüksək qızdırma, baş ağrısı, gözlərdə qızarma, qusma, səpmə, əzələ və oynaq ağrıları daxildir.

Təhlükəli virusun vaksini yoxdur

Artıq bir çox inkişaf etmiş ölkələrin liderləri virusla mübarizə aparmaq üçün müəyyən tədbirlər görməyə başlayıblar. Təhlükəli virusun vaksini olmadığı üçün mütəxəsislər ona qarşı xüsusi peyvəndi aşkarlamaq üçün baş sındırırlar. Buna görə hətta Braziliyada xüsusi fond da yaradılıb. Hamilə qadınlara isə Braziliya, Kolumbiya da daxil olmaqla 10-a yaxın ölkəyə səfərdən çəkinmək xəbərdarlığı edilib. 

Braziliya prezidenti ağcaqanadların məhv edilməsi üçün ölkənin sanitariya xidmətlərinə, lazım gəlsə, özəl mülkiyyətlərə daxil olmaq üçün zor tətbiq etmək hüququ verib. Müfəttişlər lazımi polis çağıra bilər. 200 mindən çox qoşun bu cür yoxlamalar üçün göndərilib.

ABŞ prezidenti Barak Obama isə virusun profilaktikası və müalicə üsullarına dair təcili tədbirlərin həyata keçirilməsinə çağırıb.

"Zika” virusu Azərbaycan üçün nə dərəcədə təhlükəlidir?

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva mətbuata açıqlamasında bildirib ki, adı çəkilən virusun Azərbaycanda yayılma ehtimalı yoxdur və məsələni şişirtməyə gərək duyulmur.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə bildirdi ki, virusun dünya ölkələrində sürətlə yayılmasını nəzərə alaraq xarici ölkələrdən Azərbaycan gələn şəxslərin səhhəti ciddi şəkildə yoxlanılmalıdır:
"Xüsusən də xəstəliyin yayıldığı ölkələrdən gələnlər müayinədən keçirilməli, xəstəliyin əlaməti aşkarlanarsa, dərhal sərhəddə karantində saxlanılmalı, ölkəyə buraxılmamalıdır. Bunun üçün aidiyyatı orqanlar öncədən təhlükəsizlik tədbirləri görməlidirlər. 
Bildiyiniz kimi, Ümumdünya Səhiyyə təşkilatı tərəfindən hələ ki, virusun vaksini yaradılmayıb. Ondan necə qorunmaq, hansı tədbirlər görmək haqda məlumat yoxdur.  Bunu nəzərə alaraq daha ehtiyatlı olmaq lazımdır”.


Musavat.com

 




Administratorla əlaqə

077 611-55-22

[email protected]