Əsas Səhifə / Gündəm / Media

Polad Aslanov cəzaçəkmə müəssisəsində təzyiqə məruz qaldığını bildirir

31-03-2021, 23:19
 
1 Saylı cəzaçəkmə müəssisəsində saxlanılan xeberman.com saytının redaktoru Polad Aslanov təzyiqə və böhtana məruz qalır. Bu barədə Turan agentliyinə jurnalistin həyat yoldaşı Gülmira Aslanova bildirib.
Onun sözlərinə görə, məhbuslar arasında guya İkinci Qarabağ müharibəsi zamanı Polad Aslanovun Tovuzda məlumat toplayıb İrana göndərdiyi, oradan bu məlumatların Ermənistana göndərildiyi barədə şaiyə yayılır. Bir çox məhbuslar buna görə Polad Aslanovla ünsiyyətdən imtina edir, ona saymazyana yanaşır.
“Yalnız Polad İkinci Qarabağ müharibəsindən bir il əvvəl həbs edildiyini sübut edən sənədləri göstərdikdən sonra bəzilərinin ona qarşı münasibəti dəyişib. Bununla belə, çoxları “İranla əlbirliyə” görə ona nifrətlə yanaşır”, deyə Gülmira Aslanova bildirib.
Bundan başqa, onun sözlərinə görə, Polad Aslanovla ünsiyyət quran məhbuslara təzyiq göstərilir, hətta onlardan biri karserə salınıb.
Aslanova qəzet vermirlər və onu çoxu terrorçuluğa görə həbs edilmiş 18 nəfərin olduğu kamerada saxlayırlar. Təzyiqə son qoyulmasa, o, yenidən aclığa başlayacaq.
Gülmira Aslanova bu barədə Ombudsman Aparatına, Beynəlxalq Qırmızı Xaç Komitəsinə, Penitensiar Xidmətə məlumat verib.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin dünən yaydığı dünyada insan hüquqlarının vəziyyəti haqqında hesabatın Azərbaycanla bağlı hissəsində Polad Aslanovun işi də əksini tapıb.
*2019-cu il noyabrın 16-da xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı onun 17 il həbsini istəyib.
Aslanov 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edib. Aslanov bütün ittihamları təkzib edib, korrupsiya faktlarını ifşa etdiyinə görə təqib edildiyini bildirib.
Beynəlxalq təşkilatlar Aslanovun həbsini pisləyiblər və onu azad etməyə çağırıblar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]