Əsas Səhifə / Siyasət / Media

Siyasi məhbus ailələri ABŞ səfirliyi qarşısında aksiya keçirib

10-02-2021, 11:46

Bu gün, fevralın 9-da hazırda həbsdə olan bəzi məhbusların yaxınları Amerika Birləşmiş Ştatlarının (ABŞ) Bakıdakı səfirliyi önündə toplaşıblar. Onlar əllərində müxtəlif plakatlar tutaraq ölkədə 150 civarında siyasi məhbusun olduğunu söyləyiblər.
Azel TV saytının hazırda həbsdə olan rəhbəri Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqovanın AzadlıqRadiosuna deməsinə görə, orada toplaşmalarına səbəb həbsdə olan yaxınları ilə bağlı müraciətlərinə Azərbaycanın hakimiyyət orqanlarının cavab verməməsidir.

Aksiyada xebermen.com saytının təsisçisi Polad Aslanovun xanımı və "Gəncə işi" üzrə həbs olunanların yaxınları da iştirak edib. Onlar iddia ediblər ki, ölkədə məhkəmə prosesləri ədalətsiz keçirilir və diplomatlar orada iştirak edərək bunu öz gözləri ilə görə bilərlər: "Biz təkcə öz yaxınlarımıza yox, həbsdə olan 150 siyasi məhbusa, şərlənərək həbsə alınan sıravi vətəndaşlara azadlıq tələb edirik. ABŞ səfirliyinin önünə ona görə toplaşmışıq ki, bu məsələləri onların da diqqətinə çatdıraq".

Onlar habelə vurğulayıblar ki, Ə.Sadıqov 90 gündən çoxdur, P.Aslanov isə 10 gündür həbslərinə etiraz olaraq aclıq aksiyası keçirirlər. "Hara baxır Azərbaycan hakimiyyəti? Niyə bu həbs olunmuş şəxslərin ana-bacılarını, yaxınlarını, övladlarını küçələrə salırsınız?", - onlar sual ediblər.

Polis aksiyaya müdaxilə edib, iştirakçıların bəzilərinin əllərindəki plakatlar alınıb, onlar ərazidən uzaqlaşdırılıblar.

Aksiyada səslənən fikirlərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma koronavirus pandemiyası ilə bağlı Azərbaycanda ötən ildən kütləvi toplantıların dayandırıldığı açıqlanıb.

Xatırlatma

xebermen.com saytının təsisçisi Polad Aslanov 2019-ci ilin iyununda saxlanıb. 2020-ci ilin noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində 16 il həbs cəzası alıb. O, dövlətə xəyanətdə ittiham olunub. Hərçənd, məhkəmədə ittihamı qəbul etməyib.
Əfqan Sadıqov isə 2020-ci ilin mayında həbs edilib. Həmin il noyabrın 3-də 7 il müddətinə azadlıqdan məhrum edilib. Noyabrın 4-dən aclıq aksiyası keçirdiyini açıqlayıb. İstər ötən ilin sonunda, istərsə də bu yaxınlarda səhhətində ciddi pisləşmə baş verdiyindən ona həkimlərin sistem köçürdüyü açıqlanıb. Apellyasiya şikayətindən sonra Ə.Sadıqovun cəzası 1 il azaldılıb. O, hədə yolu ilə pul tələb etməkdə günahlandırılıb.
"Gəncə işi" isə 2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd cəhdi və sonrakı proseslərdə həbs edilənlərlə bağlıdır. Həmin şəxslərin bir çoxuna hökm oxunub. Onların özləri və yaxınları hökmdən narazı qalıb.
Bəzi hüquq müdafiəçiləri Azərbaycanda 150 civarında siyasi məhbusun olduğunu deyirlər. Amma hökumət orqanları bunu qəbul etmirlər. Onlar bildirilər ki, Azərbaycanda siyasi məhbus yoxdur, belə siyahıda yer alanlar sırf törətdikləri əmələ görə həbs ediliblər.


Azadlıq Radiosu

Administratorla əlaqə

077 611-55-22

[email protected]