Əsas Səhifə / Ölkə

«Azpetrol»da dava salan şəxs «8-ci km» bazarının şefinin oğlu çıxdı

28-01-2016, 01:03

İsa Əzizovun atası Nadir Əzizov Məhərrəm Əliyevin yaxın qohumudur, o, generalın Pirşağıdakı bağ evini alıb quş saxlayır.

Xəbər verdiyimiz kimi, ötən gecə Tiflis prospektində yerləşən «Azpetrol» yanacaqdoldurma məntəqəsində insident baş verib. Məşhur adamlardan birinin qohumu 90-HN-999 dövlət nömrə nişanlı «Bentley» avtomobili ilə «zapravka»ya yaxınlaşır.

Həmin şəxs «Azpetrol» işçisinə maşının şüşəsindən 100 manatlıq uzadıb, qalıq pulun geri qaytarılmasını tələb edir. Bu zaman əməkdaş ondan gözləməyi xahiş edir. Amma bu, «Bentley» sərnişinlərinin xoşuna gəlmir və onlar həmin oğlanla mübahisə etməyə başlayırlar.

Nə baş verdiyini aydınlaşdırmaq üçün maşına yanacaqdoldurma məntəqəsinin mühafizəçisi Sadiq Bağırov gəlir və sərnişinlərə gözləməyi tövsiyə edir. Bu da ikinci qığılcıma səbəb olur. Maşından düşən «qoçular» S.Bağırovu mağaza tərəfə, təhlükəsizlik kameraları olmayan istiqamətdə sıxışdırırlar.

Bir neçə dəqiqə sonra isə hadisə yerinə ağ rəngli «Prado» daxil olub. Bu maşından da idmançılar düşərək məntəqənin işçilərinin üstünə gedib və dava etməyə başlayıblar.

Bundan sonra, «Bentley»in sürücüsü maşınından silah götürərək, «hamını güllələyəcəyəm» deyib. Amma dostu silahı onun əlindən almağa müvəffəq olub. Daha da hiddətlənən «Bentley» sürücüsü POS-terminalı götürərək Sadiq Bağırova başından zərbələr endirməyə başlayıb.

Haqqın.az saytı yazır ki, hadisələrin əsas qəhrəmanı azərbaycanlı generalın qardaşı oğlu İsa Əzizovdur. O İsa Əzizov ki, ötən ilin mayında dostları ilə birgə Bakının karaoke-klubu «Famous»da qızları döymüşdü. Həmin vaxt İsa Əzizov axtarışa verilib və onun axtarışları uğursuz nəticələnmişdi.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hazırda İsa Əzizov və onun dostları artıq həbs olunublar. İsa Əzizovu Nəsimi rayon polis idarəsi saxlayıb.

Öncə İsa Əzizovun kimliyini dəqiqləşdirməyə nail olduq. Dəqiqləşdirmələr nəticəsində məlum olub ki, İsa Əzizov «8-ci km» bazarının sahibi Nadir Əzizovun oğludur. Eyni zamanda, o, general Məhərrəm Əliyevin də qohumudur.

Jam.az-a daxil olan məlumatda qeyd edilir ki, Nadir Əzizov bir xeyli əvvəl Məhərrəm Əliyevin Pirşağıdakı bağ evini satın alıb. Orada bahalı quşlar saxlayır ki, onlara toxunmaq, hətta yaxınlaşmaq belə qadağandır. Əks təqdirdə, həmin şəxsin üzərinə Əzizovun «qoçu dəstəsi» göndərilir və məsələ «həll» edilir. (PIA)

Administratorla əlaqə

077 611-55-22

[email protected]