Əsas Səhifə / İqtisadiyyat

Cavid Qurbanovun bankı ləğv edildi - rəsmi

24-01-2016, 23:23
Cavid Qurbanovun bankı ləğv edildi - rəsmi
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 22 yanvar 2016-cı il tarixli, 05/5 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə "Gəncəbank” ASC-nin bank lisenziyası ləğv edilib.
 
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, "Banklar haqqında” qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 25.01.2016-cı il tarixdən banka müvəqqəti inzibatçı təyin edilib.
 
Mərkəzi Bank bildirir ki, "Gəncəbank” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.

İstiqlal.az bildirir ki, "Gəncəbank” ASC-nin səhmələrinin 33,3 faizi "Azərbaycan Dəmir Yolları" ASC-nin sədri  Cavid Qurbanovun atası Qurbanov Qənbər Şəmşir oğluna məxsusdur. Bu barədə bankın rəsmi saytında da (https://www.gandjabank.az/?/az/content/165/) məlumat verilib.

C.Qurbanovun atası Q.Qurbanov Sovet nomenklaturasına daxil olan bir şəxsdir. 1933-cü il təvəllüdlü Q.Qurbanov Ağdam Müəllimlər İnstitutunu, Azərbaycan Pedaqoji İnstitutunu, Sov. İKP MK yanında Ali Partiya Məktəbini bitirib. 1975-1989-cu illərdə Kəlbəcər rayon İcraiyyə Komitəsinin, 1989-cu ildən sonra isə Gədəbəy rayon İcraiyyə Komitəsinin sədri olub. İndi təqaüdçüdür. Təbii ki, 80 yaşlı Q.Qurbanovun bankın idarə etməsi ilə məşğul olması real deyil - bankın idarəetməsini onun oğlu Cavid Qurbanov həyata keçirir.

"Gəncəbank” ASC 28 fevral 1994-cü ildə yaradılıb. Azərbaycan ərazisində paytaxtdan kənarda - Gəncədə fəaliyyət göstərən yeganə bankdır (46 kommersiya bankının 45-i paytaxt Bakı şəhərində fəaliyyət göstərir). Bəzi məlumatlara görə, "Gəncəbank” elə şübhəli maliyyə əməliyyatlarının keçirilməsi üçün təsis edilib və buna görə də paytaxtdan kənarda fəaliyyət göstərməsi "məsləhət” bilinib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]