Əsas Səhifə / Ölkə

Uşağı öldürən klinika: «İşi yoluna qoyacağıq»

21-01-2016, 15:14
Uşağı öldürən klinika: «İşi yoluna qoyacağıq»

Bakının «Brizol» göz klinikası 5 yaşlı uşağın əməliyyat zamanı ölümünü ictimaiyyətdən gizlətməyə çalışır.

Axar.az olaraq klinikada Qusar sakini, 5 yaşlı Yusif İbrahimovun əməliyyat masasında ölməsinin səbəblərini araşdırdıq. Klinikanın qəbul şöbəsi suallarımızı cavablandırmaq üçün menecer Təranə xanıma yönəltdi.

Menecer isə əməkdaşımızın suallarına ətraflı cavab verməkdən yayınaraq, bu işin klinikanın daxili məsələsi olduğunu dedi. Hətta hadisəni «yoluna qoyacaqlarını» (?) da əlavə etdi.

Bizimlə söhbətdən yayınmağa çalışan klinika nümayəndəsi qısa şəkildə bildirdi ki, 5 yaşlı Yusif klinikaya daxil olarkən onun problemləri var imiş: «Həkim onu əməliyyat edib və evə yola salıb. Yəni, ölüm faktı burda qeydə alınmayıb».

Təranə xanım uşağı hansı həkimin əməliyyat etdiyini də açıqlamadı. Menecer öz soyadını belə təqdim etmədi.

Yenidən qəbul şöbəsinə müraciət etdik və baş həkimlə görüşmək istədiyimizi onların diqqətinə çatdırdıq.

Qəbul şöbəsindən bildirildi ki, nə mətbuatla əlaqəli şəxs, nə də baş həkim iş yerindədir. Odur ki, menecerdən başqa suallara kimsə cavab verə bilməz.

Nərimanov Rayon Prokurorluğunun növbətçi hissəsindən Axar.az-a bildirildi ki, ölüm faktını müstəntiq Orxan Rüstəmov araşdırır.

Qeyd edək ki, çəpgözlük səbəbindən əməliyyata qaldırılan uşaq həkim səhlənkarlığının qurbanı olub. Ona anesteziyanın düzgün verilmədiyi bildirilir. Hadisə iki gün əvvəl baş verib. (Axar.az)

Administratorla əlaqə

077 611-55-22

[email protected]