Əsas Səhifə / İqtisadiyyat

Banklar əmanətləri niyə qaytarmır? - Şərh

12-01-2016, 09:57

Əmanət də olduğu valyutada qaytarılmalıdır.

Son aylar əksər banklar əhalinin əmanətlərini verməkdən imtina edir. Bankların maliyyə durumunun yaxşı olmaması səbəbindən əmanətlərin qaytarılmasında problemlər yaranır. Ekspertlər detalları izah edirlər. Bildirilir ki, banklar əmanətçiləri aldadaraq müxtəlif ərizələr imzaladır.

«Qafqazinfo» xəbər verir ki, «Yeni Müsavat»a açıqlamasında ekspert Əkrəm Həsənov deyib ki, son vaxtlar artıq bir neçə bank əhalinin əmanətini tam və ya qismən qaytarmaqdan imtina edir, yaxud dollar əmanətini manatla qaytarmağı təklif edir: «Bu zaman əmanətçiləri müxtəlif bəhanələrlə aldadaraq özlərinə sərf edən ərizələrə imza atdırır. Məsələn, qorxudurlar ki, guya əmanət vaxtından əvvəl tələb edildikdə, lakin bank onu hələlik qaytara bilmədikdə, əmanət artıq sığortalanmış olmur».

Onun sözlərinə görə, Mülki Məcəllənin 947.2-ci maddəsinə əsasən əmanət müqaviləsinin şərtlərindən asılı olmayaraq, əmanətçinin ilk tələbi ilə bank əmanətin məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci 5 iş günü müddətində qaytarmalıdır. Vətəndaşın əmanəti ilk tələb üzrə almaq hüququndan imtina etməsi haqqında müqavilənin şərti əhəmiyyətsizdir. Əmanət də olduğu valyutada qaytarılmalıdır.

«Əmanətlərin sığortalanması haqqında» Qanunun 27.1-ci maddəsinə görə, hətta Əmanətlərin Sığortalanması Fondu da dollar və avroda olan əmanətləri həmin valyutada ödəməlidir. Əlbəttə, əmanətçinin istəyi ilə əmanət manatla da qaytarıla bilər. Lakin əmanətçi bunu istəmirsə, xarici valyutada olan əmanəti bank həmin valyutada qaytarmalıdır».

Ekspertin sözlərinə görə, buna görə də bankın əmanəti tam və ya qismən qaytarmaqdan, yaxud xarici valyutada olan əmanəti həmin valyutada qaytarmaqdan imtina etməsi kobud qanun pozuntusudur: «Bankın bu əməli ilə bağlı 2 dövlət orqanına, yəni Mərkəzi Banka və İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət edilə, həmçinin məhkəmədə iddia qaldırıla bilər. Yeri gəlmişkən, normal bank sistemində sağlam banklar da bu ifşada maraqlı olmalıdır. Axı bərbad banklar bütövlükdə bütün banklara etimadı sarsıdır, iqtisadiyyatımıza zərbə vurur. Müəyyən texniki səbəblərdən bankın uzağı 1 günlük likvidlik problemi yarana bilər. Yəni hansısa bank gün ərzində əmanətləri qaytara bilmədikdə, bu, hələ onun müflis olması demək deyil. Belə halda Mərkəzi Bankın borcudur ki, sonuncu instansiya kreditoru olaraq həmin banka kredit versin. Lakin Mərkəzi Bank hesab etsə ki, sözügedən bankın problemi daha ciddidir, yəni o, artıq müflisdir, dərhal onun lisenziyasını almalıdır».

Bundan sonra əmanətçi əmanətini artıq Əmanətlərin Sığortalanması Fondundan ala bilər.

Ə.Həsənov qeyd edib ki, hazırda həm Mərkəzi Bankın rəhbərliyi, həm də bankların sahibləri və rəhbərləri vaxt udmaq istəyir. (Qafqazinfo)

Administratorla əlaqə

077 611-55-22

[email protected]