Əsas Səhifə / Xəbərlər

Metrodakı qalmaqalın iştirakçısı olan gənc tapıldı: “Niyə söyürlər, öpüşməmişik axı…

1-04-2017, 22:50

Metroda jurnalistin qınağına tuş gələn gənclərdən biri Cebhe.info-ya müraciət edərək yaranmış vəziyyətdən ciddi narahatlığını çatdırıb. Adını müəyyən səbəblərdən açıqlamadığımız gənc yanındakı qızın da vəziyyətdən narahat ola biləcəyini deyib və onu qorumaq üçün internet imkanlarını məhdudlaşdırdığını vurğulayıb.

Eyni zamanda metroda öpüşdükləri barədə deyilənləri qətiyyətlə rədd edib: “Hər bir şey yazır, çoxu da söyür. Niyə söyürlər axi? Biz pis bir şey etməmişik. Heç öpüşməmişik də. O dayı da (Xaqani Səfəroğlunu nəzərdə tutur-red.) qarşımızda idi, bizə baxırdı, mən də qızın əlindən tutmuşdum. Gördüm ki, dediklərimi eşidir, qızın qulağına demək üçün əyildim. O da ayağını yerı çırpdı. Yazırlar ki, guya təpik atıb. Amma o jurnalist ayağını yerə çırpdı.

Qışqırdı ki, uşaqlar var, nə edirsiz? “Ay əmi” dedim. Amma susmadı. Mən rus bölməsində oxumuşam, danışanda da hiss edilir. Qız da qorxdu, istəmədim məsələ böyüsün. “28 May” stansiyasında qatardan çıxdıq. Mənə pis gəlir axı. Hamı da öz yanımda danışır, söyürlər ki, guya metroda öpüşmüşük. Amma axı o jurnalist də yazmayıb ki, öpüşmüşük. (Xatırladaq ki, X.Səfəroğlu da statusunda gənclərin öpüşdüyünü yazmayıb, ancaq müzakirələrdə məsələ belə hallanıb- red.)
Mən qızın qulağına söz deyirdim ki, bizi eşitməsin, birdən hay-küy saldı. Bizə də təpik vurmayıb, ayağını yerı çırpıb”.

Həmsöhbətimiz deyib ki, indi yeganə istəyi məsələnin müzakirəsinə son qoyulmasıdır: “İstəmirəm ki, bundan artıq müzakirə etsinlər. Söz-söhbət gedib çatsa, o qızın halını da düşünün”.

P.S. Qeyd edək ki, gəncin sosial şəbəkədəki ünvanı və digər əlaqə vasitələri redaksiyamızda var.

Administratorla əlaqə

077 611-55-22

[email protected]