Əsas Səhifə / Xəbərlər / Gündəm

Aprel şəhidinə üzünü görmədiyi oğlundan ürəkdağlayan məktub "Mən gəldim, sən getmişdin, Atam..."

30-03-2017, 16:37

Ötən ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş leytenant Qabil Orucəliyevə üzünü görmədiyi oğlunun adından məktub ünvanlanıb.

Moderator.az Şəhidimizin oğlunun adına açılmış İnstaqram səhifəsində paylaşılmış həmin ürəkdağlayan məktubu təqdim edir:

“Bir gün dünyaya gəldim, Sən yox idin Atam!!!
Mən gəldim, sən getmişdin Atam!
Mən iməkləyirdim, sən yox idin, Atam!
Mən yeridim, qollarını açıb, məni qucağına çağıran Atam yox idi...
Bax, şəklin əlimdə addımlayıram, yıxılsam tutasan deyə...
Məktəbə gedəcəm, sən olmayacaqsan...
İlk valideyn iclasımda olmayacaqsan...
İlk dəfə sevəcəm, yenə olmayacaqsan...
Evlənəcəm, toyum olacaq, yenə olmayacaqsan...
Amma qürur duyuram ki, mən həmişə ilk olacağam.
Sən mənə ilk sırada başı dik olmağı nəsib etdin.
Qürur duyaraq “MƏN ŞƏHİD OĞLUYAM, MƏN QABİLİN OĞLUYAM” deyəcəm.
Sən üzülmə, Atam, mən ikimizin yerinə üzülərəm.
Yetər ki, sən rahat uyu, CANIM ATAM!

Qabildən Qabilə məktub...”

Xatırladaq ki, şəhid Qabil Orucəliyevin oğlu atasının adını daşıyır, o da Qabil Orucəliyevdir. Şəhidimizin oğlu balaca Qabil atası şəhid olmamışdan 4 gün öncə, 29 martda dünyaya gəlmişdi. Şəhidimiz Qabil Orucəliyev ata olması xəbərini alsa da, oğlunun üzünü görmək qisməti olmadan şəhadətə qovuşmuşdu.
Şəhid Qabil Orucəliyev aprel ayının 11-də doğulduğu Naxçıvan şəhərində torpağa tapşırılmışdı.

Allah rəhmət eləsin!

Administratorla əlaqə

077 611-55-22

[email protected]