Əsas Səhifə / Yaşam

Baş həkim rüşvəti dollarla tələb edir? - İDDİA

30-12-2015, 09:40
Artıq bir neçə müddətdir ki, bizimdovr.az-a paytaxtın Zabrat qəsəbəsində yerləşən 21 saylı şəhər poliklinikasının fəaliyyətində müşahidə olunan neqativ hallara dair açıqlamalar daxil olmaqdadır. Maraqlıdır ki, bu tibb müəssisəsinin rəhbərliyi yalnız bircə dəfə qəzetimizdə dərc olunmuş materiallardan birinə münasibət bildirmişdi. Bu da elə halda baş vermişdi ki, qəbul etdiyi xəstələrə qarşı pul tələbi irəli sürdüyü iddia olunan həkim, əslində 21 saylı poliklinikanın deyil, başqa bir tibb müəssisəsinin işçisi olmuşdu. Həmin vaxt bizə açıqlama verən baş həkim Ulduz Hüseynova bildirmişdi ki, barəsində şikayət olunan həkim bu poliklinikada həftədə bir neçə saat xəstə qəbul edir. Əlbəttə, bu heç də məsuliyyətdən yaxa qurtarmaq üçün əsas deyil. Məsələ bundadır ki, əgər kənardan gələn həkim 21 saylı poliklinikada mövcud vəziyyətin belə bir əmələ zidd olduğuna əmin olsaydı, bu zaman o, heç kəsdən pul tələb etməyə cürət etməzdi. Elə həmin materialın dərcindən sonra redaksiyamıza ardıcıl daxil olan məlumatlarda da bu mülahizə öz təsdiqini tapmış oldu. Məlum oldu ki, 21 saylı poliklinikanın öz həkimləri heç də "legioner” həmkarlarından geri qalmırlar. Bu xüsusda aldığımız məlumatlardan birində vurğulanmışdı ki, 21 saylı poliklinikada şəkərli diabet xəstələrinin müayinəsi üzrə fəaliyyət göstərən tibb bacısı Nəzakət xanım xəstələrdən 5 manatdan başlayaraq müayinə haqqı tələb edir. Etiraz edən xəstələrə isə, bu tibb bacısı müayinə üçün lazım olan tibbi ləvazimatları guya ki, personalın öz şəxsi vəsaitləri hesabına aldıqlarını bəyan edir. Aldığımız digər bir məlumatda isə, 21 saylı poliklinikanın USM kabinetinin "qiyməti” açıqlanmışdı. Qeyd olunmuşdu ki, həkim Sevda xanım bu qiyməti 10 manat məbləğində müəyyən edib. Həmçinin mənbənin iddiasına görə, poliklinikanın həkim-ginekoloqu Tükəzban xanımın müayinəsindən keçməzdən əvvəl, onunla eyni kabinetdə oturan tibb bacısı pasientə "həkimə hörmət etmək yadınızdan çıxmasın” kimi xatırlatma verir. Həkim-pediatr Aynur xanımın tibb bacısı isə, daha konkret olaraq hər xəstədən əvvəlcədən 10 manat tələb edir. Həmçinin redaksiyamıza 21 saylı poliklinikanın stomatoloji kabinetində müəyyənləşdirilmiş qiymətlər barədə məlumat daxil olub. Mənbə bildirir ki, bu kabinetin stomatoloqları Ünvan həkim və Vəfa xanım bir dişin çəkilməyinə görə 10 manat, müalicə üçün isə 20 manat pul alırlar. Lakin məlumatı təqdim edən mənbə, bu özbaşınalıqlara nəticə etibarı ilə yenə də 21 saylı poliklinikanın rəhbərliyi tərəfindən rəvac verildiyini iddia edir. Belə ki, açıqlamada bildirilir ki, bu tibb müəssisənin bütün həkimləri baş həkim Ulduz Hüseynovaya hər ay müəyyən məbləğ ödəmək məcburiyyətindədirlər. Ay ərzində qəbul etdikləri xəstələrin sayından asılı olaraq, həkimlərin ödəməli olduqları bu məbləğin 100-200 manat civarında müəyyənləşdirildiyi qeyd olunur. Dünən bizimdovr.az-a gələn növbəti məlumatda isə, 21 saylı poliklinikanın "daxili tariflərində” müəyyən artımların olduğu vurğulanır. Bu xüsusda açıqlama verən mənbə bildirir ki, manatın məzənnəsinin düşməsi öz təsirini artıq bu poliklinikadakı qiymətlərə də göstərib. Belə ki, məlumata görə, 21 saylı poliklinikanın həkimləri xəstə qəbulu qiymətlərini 50-60% qaldırıblar. Bəziləri isə, hətta belə bir iddia da ortaya qoyurlar ki, guya baş həkim Ulduz Hüseynova artıq bundan sonra yığdığı aylıqları həkimlərdən xarici valyuta ilə tələb edəcək...

Məsələyə 21 saylı poliklinikanın rəhbərliyinin münasibətini də dərc etməyə hazırıq. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]