Əsas Səhifə / Yaşam

Baş həkimin “ginekoloji müqaviləsi”-Cəlilabadda

27-12-2015, 09:18
Cəlilabadda doğuş zamanı faciələr yaşanmasının səbəbi məlum olur Xeberinfo.com: Bir həftə öncə Kütləvi İnformasiya Vasitələrində daha bir faciə ilə nəticələnən doğuşla bağlı məlumat yayıldı. Məlumatda Cəlilabad rayon sakini 33 yaşlı Xanım Yusifovanın Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirməsi və az sonra qəfildən halının pisləşməsi qeyd olunurdu. Bu üzdən paytaxdan rayona həkim briqadası dəvət olunur və xəstə Respublika Klinik Xəstyəxanasına gətirilir. Təəssüf ki, həkimlərin səyi nəticə vermir və xəstə dünyasını dəyişir... Bu hadisə təkcə mərhumun qohumlarının deyil, rayon sakinlərinin də kəskin narazılığına səbəb olur. Bu haqda Cəlilabad rayonundan xeberinfo.com-a daxil olan məlumatda deyilir. Demək olar ki, 2 aydan bir bu hadisələr təkrarlanır. Rayon sakinləri artıq ənənəyə çevrilmiş doğuş zamanı ana və uşaq ölümü ilə bağlı aidiyyatı dövlət qurumlarının ölçü götürməsini tələb edir. Hətta bu faciələr səbəbindən rayon sakinlərinin doğuşla bağlı qonşu rayonlara üz tutmalı olduqları da deyilir. Baş həkimin "möhtəşəm yeniliyi” Cəlilabad rayonunda doğuş zamanı faciələrin ənənəyə çevrilməsi ilə bağlı xeberinfo.com-a maraqlı məlumatlar daxil olub. Məlumata görə bu faciələrin yaşanması rayon mərkəzi xəstəxanasının baş həkimi İlham Əliyevin "uzaqgörənliyi” ilə bağlıdır. Belə ki, baş həkimin paytaxtdan dəvət etdiyi ginekoloq Nigar Əliyeva ilə "ginekoloji müqavilə” bağladığı bildirilir. Altı ay öncəki bu anlaşmanın "50-nin 50-yə” şərti ilə baş tutduğu deyilir. Bu haqda Cəlilabadda demək olar ki, bilməyən yoxdur. İlham Əliyevin "həkim xidmətini yaxşılaşdırmaq” adı ilə atdığı bu addımının acı nəticələr verdiyi faktdır: bir-birini əvəzləyən ana və uşaq ölümləri qeyd etdiyimiz kimi kütləvi narazılığa səbəb olmaqdadır. Zərurət oldu-olmadı, ginekoloqun özəl maraqları səbəbindən xəstələri qeysəriyyə əməliyyatına sürüklədiyi rayonda dillər əzbəridir. Məlumatlardan belə görünür ki, kimlərsə şəxsi maraqları naiminə uşağı anasız, ananı uşaqsız qoymaqdan da çəkinmirlər... Baş həkimlə bağlı digər məlumatda Respublika Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində məsul vəzifədə işləyən tələbə yoldaşı ilə (Hələlik adını yazmırıq) "əməkdaşlıq”dan bəhs olunur. Məlumata görə bütün ölüm hadisələrində məlum ekspertiza rəyinin alınmasında İlham Əliyevə məhz bu tələbə yoldaşı yardımçı olur. Sonuncu hadisədə olduğu kimi... Biz hələlik toxunduğumuz bu və digər məlumatlarla bağlı geniş yaza bilmirik. Səbəb də adları hallanan tərəflərlə əlaqə yaratmaq cəhdlərimizin nəticəsiz qalmasıdır... Mövzunun davamı ola bilər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]