Əsas Səhifə / İqtisadiyyat

Dollardan manata daha bir “kəllə”...

27-01-2017, 12:03
Dollardan manata daha bir “kəllə”...Ekspertlər manatın sabitləşməsinin mümkünlüyünü bildirir, ancaq...

Milli valyuta olan manat sürətlə ucuzlaşır. Mərkəzi Bank artıq son hərraclarda dolların məzənnəsini ciddi şəkildə qaldırır. Bir müddət əvvəl Dövlət Neft Fondu tərəfindən Mərkəzi Banka 7,5 milyard manatlıq transfer barədə xəbərlər yayılsa da, hələ ki Mərkəzi Bank həmin vəsaiti necə xərcləyəcəyini açıqlamayıb. Ekspertlər bildirirlər ki, həmin vəsait hərraclara çıxarılarsa, bankların dollara tələbatı tam, yaxud qismən ödənilə bilər. Əks halda, manat ucuzlaşmaqda davam edəcək.

Ekspert Vüqar Bayramov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, 7,5 milyardın nə zaman hərraclara çıxarılacağını demək çətindir: “Dövlət Neft Fondu həmin vəsaiti Mərkəzi Banka transfer etməlidir. Amma Mərkəzi Bank həmin pulu hərraclarda istifadə edəcək, ya etməyəcək, bunu söyləmək çətindir. Əslində burada əsas məqsəd makroiqtisadi sabitliyin qorunmasıdır. Maliyyə sabitliyinin qorunması üçün ayrılan vəsaitdir. Bu da birbaşa manatın, milli valyutanın məzənnəsi ilə bağlıdır. Mərkəzi Bank onu hansı məqsədlə istifadə edəcək, bunu da demək çətindir. Mərkəzi Bankın hazırda manatın məzənnəsinin stabilləşməsi, ən azı cari vəziyyət üçün kifayət qədər maliyyə resursları var. Amma hələlik bu pul hərraclara çıxarılmır. Səbəbləri maliyyə ilinin yeni başlaması ilə bağlı ola bilər. Mərkəzi Bank tərəfindən bununla bağlı hər hansı bir açıqlama yoxdur. Amma bütövlükdə il ərzində bir milyard dollar xaricdən gözlənilən vəsaitlər var, qeyri-neft ixracatı var. O baxımdan, Mərkəzi Bank əslində mövcud resursları hərraca çıxararsa, o zaman tələbatın əhəmiyyətli hissəsini qarşılaya bilər.

Image result for Vuqar Bayramov

Son hərrac göstərdi ki, dollara tələbat qarşılanmır. Tam qarşılanmadığı halda da, manatın dollara nisbətən dəyəri azalır. Reallıq bundan ibarətdir ki, ya hələlik transfer olmayıb, ya da Mərkəzi Bank həmin vəsaitləri hərraca çıxarmağa tələsmir. Növbəti dövrlərdə məzənnənin necə dəyişməsi sanki birbaşa Mərkəzi Bankın hansı siyasəti həyata keçirməsindən asılı olacaq. Fikrilər var ki, Mərkəzi Bank bir dollar iki manata bərabər olan məzənnəni hədəfləyərək, sonra vəziyyəti nizamlamaq niyyətindədir. Mərkəzi Bank dollarla bağlı tələbi ən azı tarazlaşdıra bilər. MB transfer üçün nəzərdə tutulan vəsaiti optimal şəkildə, mərhələli olaraq hərraca çıxarmayacaqsa, o zaman yenə tələbin ödənilməsindəki çətinlik qalacaq. Dollara olan tələb tam ödənilməyəcək. Dövlət Neft Fondundan Mərkəzi Bank üçün ayrılan transferlərin hərrac vasitəsilə satılmasına ehtiyac var ki, hərraclar vasitəsilə artıq həmin xarici valtuya kütləsi bazara daxil olsun”.

Qeyd edək ki, neftin də dünya birjalarında bir barelinin 55 dollar ətrafında olduğunu nəzərə alsaq, Azərbaycan manatının sürətlə dəyər itirməsi təəccüb doğurur. Deputat Vahid Əhmədov qaynar.info-ya açıqlamasında bildirib ki, Azərbaycan manatının arxasında duran əsas neft və qazdır: “Bunların vasitəsilə Azərbaycana dollar idxal edirik. Son vaxtlar neftin ixracında müəyyən kvotalar, azalmalar var. Neftin qiyməti də elə yüksək deyil. Manatı saxlayan iki əsas amil var. Birincisi neftin qiymətidir. İkincisi isə idxal-ixrac əməliyyatlarıdır. Yəni tələb-təklif arasında olan proseslərdir. Bizdən fərqli olaraq Rusiyada, Qazaxıstanda çoxdan tələb və təklif eyniləşdirilib. Onların milli valyutasının məzənnəsini də bazar müəyyən edir. Bizdə də 2016-cı ildən etibarən idxalda müəyyən proseslər getdi. İdxalı azaltmağa başladılar. Ötən ilə nisbətən azaldı”.

Image result for Vahid Əhmədov

Deputat bildirib ki, bütün bunlara baxmayaraq manat hələ bazar qiymətini almayıb: “Ona görə də manatın ucuzlaşması davam edir. Manata çox pul xərcləməyin əhəmiyyəti yoxdur. Gec-tez bazar qiymətini tapmalıdır. Strateji yol xəritəsində də qəbul olunub ki, 2017-ci ildən manat tam üzən məzənnə siyasətinə keçəcək. Bu proses o vaxta qədər davam edəcək ki, idxal-ixrac prosesində, neftin qiymətində, tələb təklifdə müəyyən müsbət halqa yaransın”.

Vahid Əhmədov qeyd edib ki, yaxın iki ay müddətində məzənnənin 2 manat olacağı gözlənilir: “Hələlik manata Mərkəzi Bank tərəfindən müəyyən müdaxilələr var. Amma axıra qədər də müdaxilə etmək mümkün deyil. Yumşaq devalvasiya gedir. Bunu belə aparacaqlar ki, ciddi təsir hiss olunmasın”.

Röya RƏFİYEVA

Administratorla əlaqə

077 611-55-22

[email protected]