Əsas Səhifə / Xəbərlər

Dərmanların qiyməti ilə bağlı vacib – XƏBƏRDARLIQ

6-01-2017, 12:17

Dərmanların qiyməti ilə bağlı vacib – XƏBƏRDARLIQ
İdxalçıların xarici valyuta alışındakı çətinlikləri həllini tapdıqdan və Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli qərarı ilə dərman vasitələrinin qiymətləri manatın cari rəsmi məzənnəsinə uyğunlaşdırıldıqdan sonra aptek təşkilatlarının təchizatı ilə bağlı problem aradan qaldırılıb”.

Oxu.Az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində İqtisadiyyat naziri, Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev bildirib.

Nazir bəyan edib ki, Tarif Şurasının qərarı olmadan dərman vasitələrinin qiymətində hər-hansı dəyişiklik etmək qanunaziddir:

"Gələcəkdə manatın məzənnəsindəki dəyişikliklərin dərman təchizatına təsirinin neytrallaşdırılması və daha çevik tədbirlərin görülməsi məqsədilə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasında müvafiq dəyişikliklər edilib.

Qeyd olunmalıdır ki, tənzimləmədən sonra bu sahədə şəffaflıq təmin edilib, ictimai və dövlət nəzarəti güclənib, artıq hər bir vətəndaş hansı dərmanın hansı qiymətə olduğunu bilir və dərmanlar bütün apteklərdə eyni qiymətə satılmaqla, vətəndaşların ucuz aptek axtarmaq zərurəti tam aradan qalxır və süni qiymət artımının qarşısı alınır. 

Xüsusilə, uzun illər sabit məzənnə rejiminin tətbiq edildiyi ölkəmizdə dəyişən məzənnə rejimində dərman vasitələrinin qiymətləri ilə manipulyasiya etmək halları tam aradan qaldırılıb. Belə ki, Tarif (qiymət) Şurasının qərarı olmadan dərman vasitələrinin qiymətlərində hər hansı bir dəyişiklik, o cümlədən qiymətlərin bahalaşması qanunaziddir”.

Ş.Mustafayev onu da bildirib ki, əgər labüd tənzimləmələr aparılmasa idi bu gün "marketinq firmalar”ı dərmanların qiymətini dəfələrlə baha satacaqdılar:

"Təsəvvür edin ki, tənzimləmədən əvvəl məzənnənin sabit olduğu bir dövrdə dərman vasitələrini dəfələrlə baha satan "marketinq firmalar”ı tənzimləmə aparılmasaydı, məzənnənin belə dəyişməsindən istifadə edərək dərman vasitələrini hazırkı qiymətlərdən dəfələrlə baha qiymətə satacaqdılar.

Bir daha vurğulayım ki, tənzimləmənin məqsədi dərman vasitələri üzrə optimal qiymətlərin tətbiqinə nail olmaqdır. Aydındır ki, əczaçılıq subyektləri gəlirlərinin çox olması üçün əsasən yuxarı qiymətlərin, istehlakçılar isə xərclərinin az olması üçün aşağı qiymətlərin təsdiq olunmasını arzu edirlər.

Optimal qiymət mümkün olan qiymətdir, yəni, əhalinin dərman vasitələrilə etibarlı təchizatının mümkün olduğu minimal qiymətdir.

Ümumilikdə, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi davamlı prosesdir, həm yeni dövlət qeydiyyatından keçən dərman vasitələri üzrə qiymətlər müəyyən edilməlidir, həm də qiymətləri təsdiq edilən digər dərmanların istinad ölkələrindəki qiymət dəyişmələrinin mütəmadi monitorinqi aparılmalıdır”, - deyə nazir deyib. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]