Əsas Səhifə / Gündəm

Sumqayıt yol polisindən biabırçılıq

21-12-2015, 20:45
Sumqayıt yol polisindən biabırçılıqSumqayıtda yaşayan Əfqan adlı sosial şəbəkə istifadəçi yaşadığı şəhərdə «evakuasiya şousu» ilə bağlı gülməli və ağlamalı vəziyyətlə üzləşib.
O, başına gələnləri Avtosfer.az saytı ilə bölüşüb. Əfqanın yazdıqlarının doğruluğuna şübhə etmədiyimiz üçün olduğu kimi təqdim edirik. Ümid edirik ki, Sumqayıt şəhər Dövlət Yol Polisi İdarəsi də bu məsələyə aydınlıq gətirəcək:

«Elə gün olmur ki, bu ölkədə adamın durduğu yerdə başına nəsə bir hadisə gəlməsin. İnsan ha mərdiməzardan, xətadan uzaq durmağa çalışsa da, mərdiməzarın özü gəlib adamı tapmasa, dincəlmir. Təəssüf ki, belə mərdiməzarlığı indi dövlətin öz balaca qulluqçuları vətəndaşlara qarşı etməkdədir. Söhbət yol polisi və onların işbirlikçisi olan «Evakuasiya.az» MMC şirkətindən gedir. Özü də bu mərdiməzarlığı insana durduğu yerdə də yox, yatdığı yerdə edirlər. Belə ki, ötən gün səhəri açıb, pəncərəmdən baxanda görürəm ki, aylardır axşamlar saxladığım maşınım öz yerində deyil. Maşının kasko sığortası olduğundan oğurluq hadisəsi belə olsa, küçədə qoymaqdan heç vaxt narahat olmamışam.

Ayrıca, statistikalardan da görmək olur ki, əksərən sovet istehsalı maşınlar asan oğurlanır. Ağlıma bir versiya gəldi ki, maşın cərimə meydançasına aparılıb. Düzü, Sumqayıtda çox nadir hadisədir bu. Amma yəqin ki, «büdcəni doldurmaq lazımdır» dedi-qodularından sonra artıq Sumqayıtda da normallaşacaq. Yaxşı, aparıb, aparıb. Mən ki, maşını qadağan olunmuş yerdə saxlamamışam. Bu küçədə «parkinq yasaqdır» işarəsi yoxdur axı! Mərdiməzarlara dua edə-edə düşürəm yollara.

Bilməyənlərə deyim ki, Sumqayıtda cərimə meydançası «Əşya bazarı» tərəfdədir, hansı taksiyə yaxınlaşsanız, sizi aparacaq. Elə cərimə meydançasının qabağında yığılmış insanlardan başa düşmək olur ki, bu günə tərs başlayan təkcə mən deyiləm. Onlarla adam əsəblə, söyüşlə, qarğışla haqqını tələb edir. Dəmir hasarın qarşısındakı insan isə «evakuator pulunu» istəyir. Bilmirəm, o gün əmr kimdən, hansı ağlın sahibindən gəlmişdi, amma cibimizə girib qazancımızdan əyri yolla pay qoparmaq əməliyyatının təşkilatçı və iştirakçıları yol polisi və evakuasiya şirkəti idi.

Deməli, sistemi belə qurublar - harada gəldi, bəli, haqlı-haqsız yerdən yığdıqları maşınlar YPX inspektorunun sifarişi əsasında «Evakuasiya.az» MMC-nin (156 evakuasiya xidməti) maşını ilə cərimə meydançasına gətirilir. Əvvəlcə DYP-də məsələ aydınlaşdırılır. Daha sonra DYP-dən verilən kağızla cərimə meydançasına gedilir, ora da evakuasiya xidmət haqqı ödənilir və maşın götürülür.

Problem isə burada başlayır. Əgər sənin maşının haqsız yerə evakuasiya olunubsa, evakuator pulunu kim ödəməlidir? Pul məndən tələb olunduğu an, 156 qaynar xəttə zəng edərək məsələni dəqiqləşdirirəm və telefonda mənə Təranə, Nadir və s. kimi şəxslər qəti şəkildə bildirirlər ki, göstərilən xidmətin qarşılığı olan 20 AZN ödənilməlidir.

Sual isə budur ki, mən görmədiyim xidmətin qarşılığını niyə ödəməliyəm? Axı mən 156-dan evakuasiya xidməti tələb etməmişəm! Düşünün, gecə yatıb, səhər oyanırsız ki, kimsə sizin maşınınızı oğurlayıb aparıb hansısa bir yerə salıb, sonra deyir ki, bir səhvdir olub, gedin götürün maşınınızı və getdiyiniz yerdə, digər şəxs deyir ki, mən sizin maşınınızı götürüb gətirmişəm, mənə 20 manat ver. Bu korrupsiya deyilmi? Ümumiyyətlə, bu mövzuda özünü DYP-nin «Siqnal» İdarəsinin əməkdaşı kimi təqdim edən Aydın adlı şəxs deyir ki, hər gün eyni şeyləri yaşayır. Bütün günü söyüş, qarğış eşitməkdən evinə gec gedir ki, bütün bu mənfi enerjini ailəsinə aparmasın. Özü də and-aman edir ki, ona bir qəpik də çatmır. Bu qədər qarğışın da bir təsiri olmadığını deyib gülüşürük. Aydının dediyinə görə, ödənilən 20 AZN-in çeki də verilir və bu çek 156 xidmətinə aiddir.

Zatən, telefon danışıqlarımızda şirkət operatoru da təsdiq etmişdi. Məsələni isti-isti rəsmən şikayət etmək cəhdim də uğursuz alınır. Belə ki, 195-2 xidməti (İqtisadiyyat və Sənaye Nazirliyi) məsələyə Daxili İşlər Nazirliyinin baxdığını, 902 xidməti 102-yə şikayət etməli olduğumu bildirir. 102 xidməti isə ümumiyyətlə, dayanmadan məşğul olduğunu deyir avtomatik cavabda.

Mən, səbrli insanam, tutaq ki, dözdüm, tüpürdüm, söydüm, sakitləşdim, «it aparan olsun» dedim. Amma hər şeyin bir limiti var. Səbrli insanların da sayı tükənəcək və acıqlı insana çevriləcəklər».

Administratorla əlaqə

077 611-55-22

[email protected]