Ölkə

Şəhidin kəsilmiş başı azan oxudu - Balakəndə möcüzə

23-09-2016, 21:51
«Həbib Nəccar şəhid olduqdan sonra vurulmuş başını sol əli ilə yuxarı qaldırdı, sonra sağ əlinə alaraq üç gün üç gecə onun bədəni Antakiyanın küçə və bazarlarında gəzib dolaşdı; başı isə qışqıra-qışqıra belə deyirdi: «Kaş qövmüm biləyidi ki, Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi!» «Yasin» surəsi, 13-27-ci ayələr 

Azərbaycanda mövcud olan müqəddəs yerlərdən biri də Hürüley ziyarətgahıdır. Bu müqəddəs məkan Balakən rayonunun Salban kəndində, Salban çayının sahilində yerləşir. Ziyarətgahda dəfn olunan Şeyx Dağıstan Respublikasının Tlyarata rayonunun Hüruk kəndindən olduğundan və Şeyxin adı məlum olmadığından, ziyarətgahın adı da Hüruk kəndinin adıyla adlanır. Qeyd edim ki, Avar dilində «Hürüley» sözünün təcrüməsi «Hürüyə məxsus yer» mənasını verir. 

Qeyd edim ki, müqəddəs Şeyx burada kafirlərə qarşı döyüşdə müridləri ilə birilikdə şəhadət məqamına yetişiblər. Deyilənə görə o, döyüşdən qabaq şəhid olacağını duysa da, düşmənin qabağından qaçmayıb və İmam Hüseyn məktəbindən bəhrələnərək, əqidəsi yolunda, İslamın dirçəlişi naminə şəhadəti üstün tutub. Necə ki, Rəbbim Qurani-Kərimdə buyurur: «Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun. Kafirlərə qarşı döyüş (cihad) xoşunuza gəlmədiyi halda sizə vacib edildi. Bəzən xoşla-madığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Onu Allah bilir, siz bilməzsiniz». "Quran”, 2: 190-216

Hüruk kəndinin müqəddəs Şeyxi də Rəbbinin əmrinə uyğun olaraq öz müridləri ilə birlikdə çoxsaylı düşmənə qarşı döyüşə başladı. Bu qeyri bərabər döyüşdə düşmən macal tapıb, qılıncla Şeyxin boynunu vurdu. Şeyxin müqəddəsliyi və möcüzəsi də elə bu vaxt üzə çıxdı. Belə ki, onun mübarək başı bədənindən ayrılan kimi, yerdə diyirlənə-diyirlənə «Əşhədü ən lə İlahə İllallah, əşhədü ən Mühəmmədin Rəsul Allah» deyərək, ucadan azan verməyə başladı. Bu tükürpədici səsdən və heyratamiz möcüzədən vahimələnərək hər iki qoşun əl saxladı və donub qaldılar. Kafirlər gördükləri möcüzəni öz başçılarına xəbər verdikdə başı onun yanına gətirmələrini əmr etdi. Lakin, əsgərlər başa yaxınlaşdıqda necə tufan qopdusa, qorxudan geri çəkildilər.

Şeyxin vəsiyyətinə uyğun olaraq mübarək nəşi digər şəhidlərlə bərabər həmin yerdəcə dəfn olundu. Bu hadisənin üzərindən əsrlərlə vaxt kecməsinə baxmayaraq, mömünlər bu müqəddəs Şeyxin və onunla birlikdə şəhid olanların xatirəsini əziz tutir, pak məzarlarını sevə-sevə ziyarət edirlər.

Sovet dönəmində ziyarətgahda xidmətçi olmadığından, hökumət buradakı anti-sanitariyanı bəhanə edərək, ziyarətgahı dağıtmaq istəyir. Bunun qarşısını almaq üçün Balakən rayonunun cümə məscidinin imamı məscidə daim ibadətə gələn Pirdas adlı mömin qadını yanına çağırıb, ondan bu ziyarətgaha xidmətçi olmağı xahiş edir. Pirdas xala təklifi qəbut edərək, qızı Cənnətlə (Ona el arasında Fatimət deyirlər.) birlikdə ziyarətgaha gəlir və cani-dildən çalışaraq burada səliqə - sahman yaradır. 


Şeyxin qəbrindən hələ də azan səsi gəlir 

2007-ci ildə Pirdas xala müqəddəsləin xidmətində ömrünü şərəflə başa vurduqdan sonra bu haqq işi qızı Fatimət davam etdirir. Fatimət xanımla söhbət edərkən dəfələrlə burada möcüzəli hadisələrin şahidi olduğunun dedi:
- Bir gün cümə namazanının vaxtı idi, həyətdə (qeyd edim ki, müsahibim ziyarətgahdakı yardımçı tikilidə yaşayır.) paltar yuyurdum. Fikirləşdim ki, namazın vaxtı olsa da, iki dənə köynək qalıb, bunları da yuyum, sonra dəstamaz alıb, namaza gedərəm. Bu vaxt azan səsi eşitdim. Ətrafdakı bu evlər həmin vaxt hələ tikilməmişdi və buralarda insan yaşamırdı. Burada birinci dəfə idi ki, azan səsi eşidirdim deyə maraq məni götürdü. Ətrafı gəzib, azanın haradan verildiyini bilmək istədim. Nəhayət, Şeyxin məzarına yaxınlaşanda, səsin buradan gəldiyini görüb, heyrətdən donub qaldım. Azan bitən kimi, dəstamaz alıb, namazımı qıldım.


Qədr gecəsini görsəm də bəhrələnə bilmədim

-Bir gecə anam məni çağırdı ki, səhərdir, sübh namazının vaxtı keçib, dur namazımızı qılaq - deyə, Fatimət xanım söhbətini davam etdirir: - dedim ola bilməz, mən indi yatmışam. Gözümü açıb pəncərədən ziyarətgahın həyətinə baxanda hər tərəfi işıqlı gördüm, sanki Günəş çıxımışdı. Saata baxdım, gördüm 3-ə işləyib, təəcüb etdim. Həyətə çıxanda axşam yatarkən bağladığım darvazanı tayba - tay açıq gördüm. Qəribə idi ki, hasardan kənarda zülmət qaranlıq olmasına baxmayraq, Şeyxin qəbrinin ətrafı və həyət işıqlı idi. Heç nə başa düşə bilməyib, darvazanı bağladım və gedib yatdım. Bir neçə gündən sonra Ramazan bayramı idi, məscidə getdim və şahid olduğum hadisəni məscidin imamına danışdım. Dedi neçə gündür biz gecəni yatmırıq, məsciddə ibadət edirik ki, bəlkə Qədr gecəsini görək, sən isə bu mübarək gecəni gördüyün halda, ondan bəhrələnmədən, gedib yatmısan. Sonralar öz-özümə təssüfləndim ki, Qədr gecəsi olduğunu niyə bilməmişəm. 

Bir gün də Xatimət adlı bir qız məndən xahiş etdi ki, gecəni səninlə ziyarətgahda qalıb, ibadətlə, dualarla məşğul olmaq istəyirəm. Bir rəfiqəsilə gəlmişdi. Yorğun olduğumdan mən yatdım, onlar ibadət etdilər. Gecə yarı gördüm məni çağırır, pərncərədən bayıra baxıb, mənə dedi ki, Şeyxin qəbrinin üstündə işıq görürəm, görəsən bura maşın gəlmir ki? Dedim ay qız, buralarda insan yaşamır, dağlıq yerdir, yol yoxdur, burada maşın nə gəzir? Dedi iki dənə işıq zolağının Şeyxin qəbrinin üstündən göyə yüksəldiyini görürəm, sanki qəbrin yanında maşın dayanıb, işıqları göyə tuşlanıb.


Hamam bulağı

Balakəndə olarkən Yeni Şərif kəndində müalicəvi suya malik şəfalı bir bulaq olduğunu eşitdim və bu bulağın möcüzəsini görmək üçün deyilən ünvana yollandım. Qeyd edim ki, deyilən bulaq kəndin kənarında yerləşir. Ağsaqqaların dediyinə görə ovliyalardan birinin yolu bu kəndə düşür və həmin vaxt kənddə yayılmış xəstəliyin qarşısını almaq üçün, camaat ondan əlac istyir. (Ola bilsin həmin övliya bu kənddə yaşayıb.) Bu kəramət sahibi Rəbbinə dua edərək, əsasını yerə vurur, həmin yerdən qaynayan su ilə çimməyi məsləhət görür. Bununla da yerli əhali xəstəlikdən xilas olur.
Bu hadisədən bir neçə əsr keçməsinə baxmayraq bu günədək ətraf kəndlərin əhalisi müxtəlif xəstəliklərin müalicəsində həmin bulağın şəfalı suyundan bəhrələnirlər. Ələlxüsus da tibb eliminin inkişaf etmədiyi dövrlərdə bu bulaq insanların ümid yeri idi. Kənd ağsaqqalları bu mövzuda şahid olduqları əhvalatları danışdıqca, yadıma Əyyub Peygənbərin əhvalatı düşdü:

«Bəndəmiz Əyyubu da yad et! Bir zaman o, öz Rəbbinə müracətlə belə demişdi: «Şeytan mənə bəla və əzab toxundurmuşdur!»
«(Ona belə buyurduq:) «Ayağınla yerə vur! Bu yerdən çıxan bulaq yuyunacaq və içiləcək sərin sudur!» Əyyub o su ilə çimib, ondan içən kimi bütün xəstəlikləri getdi».
«Dərgahımızdan bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona ailəsini və üstəlik bir o qədər də (oğul-uşaq) bağışladıq» Quran, "Sad” surəsi, 41-43-cü ayələr.

Qeyd edim ki, Yeni Şərif kəndindəki bulağın başında təxminən 1 x 1 enində divar hörülərək, divarın ortasında daş kitabə yerləşdirilmişdir. Kitabə ərəb əlifbası ilə oyma üsulla yazılmışdır. Epiqrafiya üzrə mütəxəssis olmadığımdan, kitabəni oxuya bilməsəm də, guman olunur ki, burada bulağın yaranma tarixi və səbəbkar övliyanın adı həkk olunub. Bu kitabə ətrafında da maraqlı əhvalatlar baş vermişdir. Belə ki, sovet hökümətinin ilk dövrlərində kolxoz sədri (müxtəlif səbəblərdən sədrin adını qeyd etmirəm-müəllif) camaatın bura ziyarətə gəlməsinin qarşısını almaq üçün həmin kitabəni qopararaq aparıb kənarda torpağa basdırıb. Səhər yuxudan oyananda ağzını əyilmiş gördüyündən, kitabəni qaytarıb, yerinə bərkidib.

Yeni Şərif kəndinin 85 yaşlı sakini Səhmir Rəcəb oğlu söhbət edir ki, mənim yaşımdan bu yana dəfələrlə şahid olmuşam ki, yay aylarında quraqlıq baş verəndə ağsaqqallar bu bulağın başına toplaşıb ehsan verilib, Qruan oxunub, zikir edilib və yağış üçün Allaha dua edilib. Allah burada edilən duanı qəbul edərək, həmin gecədən başlayaraq, bir neçə gün yağış yağdırıb.

Hamam bulağından bir şədər kənarda, Gürcüstanla sərhəd zolağında «Qotur bulaq» deyilən bir bulaq da mövcuddur ki, dəri xəstəliyindən əziyyət çəkənlər burada çimərək, şəfa tapırlar.


Paşa Yaqub – tədqiqatçı-yazıçı

Balakən – Bakı 

Müəllifin arxivi:
//www.moderator.az/search?q=pa%C5%9Fa%20yaqub

Administratorla əlaqə

077 611-55-22

[email protected]