Elm

Azərbaycanlı alim Harvard Universitetinə dəvət aldı

1-09-2016, 11:39
Azərbaycanlı alim Harvard Universitetinə dəvət aldı

Qərb Unviersitetinin professoru, siyasi elmlər doktoru Vəsilə Hacıyeva ABŞ-ın və dünyanın ən məşhur universitetlərindən olan Harvard Universitetinə dəvət alıb.

Xeberman.com xəbər verir ki, o, 2016-2017-ci tədris ilində universitetin Rusiya və Avrasiya Mərkəzində dəvətli alim kimi fəaliyyət göstərəcək. Həmyerlimizin tədqiqat mövzusu "Dəyişən regional-qlobal situasiya kontekstində ABŞ-ın Azərbaycan siyasəti”dir.

Qeyd edək ki, Harvard Universitetinin əsası 1636-cı ilin 8 sentyabrında qoyulub. Ali məktəbin kampusu Massaçusets ştatının Kembric şəhərində yerləşir və 154 hektarlıq ərazini əhatə edir. 

Təhsil ocağının adı ingilis xeyriyyəçisi Con Harvardın şərəfinə adlandırılıb. Övladları olmayan Harvard 1638-ci ildə ölümündən sonra öz mülkünün yarısını (779 funt) və kitabxanasının 400 kitabını yeni yaranmış təhsil müəssisəsinə vəsiyyət edib.

Universitetdə 9 fakültə fəaliyyət göstərir.

Harvard Universitetini dünya şöhrətli məzunları olub: ABŞ-ın 7 prezidenti (Con Adams, Con Kinsi Adams, Teodor və Franklin Delano Ruzvelt, Ruterford Heys, Con Fitsjerald Kennedi və kiçik Corc Buş), Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri xanım Qro Harlem Brutland, Avropa Komissiyasının keçmiş sədri və İtaliyanın keçmiş baş naziri Romano Prodi; Meksikanın hazırkı prezidenti Vinsent Foks və eks-prezidenti Karlos Salinas.

Bu universitetin məzunlarından biri də "Microsoft” şirkətinin yaradıcısı Bill Qeytsdir. O, Harvardın diplomunu universiteti 2 il oxuyub yarımçıq qoyduqdan düz 32 il sonra - 7 iyun 2007-ci ildə alıb. Bill Qeyts Harvard Universitetinə 1973-cü ildə daxil olub və 1975-ci ildə öz uşaqlıq dostu Pol Allenlə "Microsoft” şirkətini yaratmaq üçün təhsilini yarımçıq dayandırmalı olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]