Gündəm
Ənvər Seyidovun hakimliyindən qan qoxuyan “güllər”
27-08-2016, 13:32
BACM-nin hakiminin Eldar Mahmudova yazdığı məktubun üzə çıxması barəsində hökm çıxaran Rəhim Qazıyevi də dilə gətirib; sabiq nazir: "Qanunsuz sifarişli hökmlərdən xəcalət çəkməyən bir adamı ifşa etməyə söz verirəm”
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun Eldar Mahmudova məktub yazması onu diqqət mərkəzinə çəkib. 2007-ci ildə Ə.Seyidovun sədrliyi ilə İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, qanunsuz silah və narkotik saxlamaqda ittiham olunan Səid Dadaşbəyli və daha 15 nəfərin məhkəməsi keçirilib.
Proses zamanı ittihamın saxta olması sübut olunsa da, bu, hakimi günahsız gəncləri uzun müddətlərə azadlıqdan məhrum etməyə mane olmayıb. Hakim Ənvər Seyidov ittihamın gözgörəsi saxta olduğunu bildiyindən prosesi qapalı elan edərək bunu qonşu dövlətlə münasibətləri korlamamaq istəyilə bağlayıb.
Ənvər Seyidovun hökmünə görə Səid Dadaşbəyli prezident olub!
İttihamda isə elə məqamlar olub ki, hakim sadəcə, həmin məqamların üzərindən sükutla keçib. Ənvər Seyidovun iş üzrə hökmdə yazdıqlarından belə çıxır ki, 2006-cı ilin sonundan 2007-ci il yanvarın 13-dək ölkə prezidenti məhz Səid Dadaşbəyli olub. Bu haqda "Yeni Müsavat”ın 27 aprel tarixli sayında "Hakim Ənvər Seyidovun görənək səhvi” sərlövhəli yazıda qeydlər var və maraqlananlar bu linkə https://musavat.com/news/siyaset/hakim-enver-seyidovun-gorenek-sehvi_99422.html tıklamaqla tanış ola bilərlər. Ə.Seyidovun saxtalığına kimsənin şübhə etmədiyi ittihama əsaslanaraq 16 Azərbaycan gəncini, savadlı və ölkəni xaricdə təmsil etmək iqtidarında olan vətəndaşları həbsə yolladı. Ötən illər həmin gənclərin valideynləri üçün dəhşətli olmaqla yanaşı, bir çoxları üçün də faciəvi oldu - ən müxtəlif xəstəliklər tapıb dünyadan köçdülər. Üstəlik, Ənvər Seyidov ittihamın saxtalığını bilə-bilə milli təhlükəsizlik naziri Eldar Mahmudova məktub yazıb və xahiş edib ki, gəncləri həbsə alan Anti-Terror Mərkəzinin rəhbərliyi də daxil olmaqla əməkdaşları mükafatlandırılsınlar. Hakim belə bir məktub yazması qanunda nəzərdə tutulmayıb. Əslində Ənvər Seyidov Eldar Mahmudova gəncləri qanunsuz həbs edərək işgəncələrə məruz qoymuş əlaltılarının cəzalandırılması, gələcəkdə belə hallarının qarşısının alınması üçün məktub yazmalı, prokurorluğa isə cinayət işi başlanması üçün təqdimat göndərməli idi.
Mənsur İbayev ölməmiş onun yaxınlarına verilən başsağlığıdan çıxan nəticə
Amma bunları etməyib. Əvəzində bəh-bəhlə bir məktub yazıb. Bu gün isə həmin məktub fakta çevrilib. Ənvər Seyidov əvvəlcə belə bir məktub yazdığını danıb, amma əlahəzrət faktın ortada olduğunu bilincə məsələnin 10 il əvvəl olduğunu deməklə vəziyyətdən çıxmağa çalışıb. Amma ondan başqa cavab da gözləmək olardı. Məsələn, 2011-ci ilin bu günlərində o, dövlət qəzetlərində özü kimi neqativ ad çıxarmış hakim Mənsur İbayevin yaxınlarına başsağlığı vermişdi. M.İbayev əksər sifarişli işlərə baxır, yuxarıdan verilmiş direktivlərə əsasən hökmlər çıxarırdı. 2003-cü ildə həbs olunan siyasi liderlərin məhkəmə prosesində də məhz M.İbayev sədrlik etmişdi. Avropa İnsan Haqları Məhkəməsində baxılan və Azərbaycan dövlətinin təzminat ödəməsinə səbəb olan işlərin ən çoxu Mənsur İbayevin verdiyi hökmlərdən şikayətlərlə bağlıdır.
Lakin sonradan M.İbayevin ölmədiyi, yayılan xəbərin düzgün olmadığı üzə çıxdı. Ənvər Seyidov çıxıb dedi ki, başsağlığı elanını qəzetə verərkən səhvə yol verib və nəticədə belə bir xoşagəlməz situasiya yaşanıb. Görəsən, Ənvər Seyidov hökm çıxardanda da belə səhvlərə yol verdiyini etiraf edərmi?
Onun neqativ, ədalət mühakiməsi adına yamaq olan əməllərindən uzun-uzadı yazmaq olar. Məsələn, 2015-ci ilin martında sabiq müdafiə naziri Rəhim Qazıyev mətbuatda Ənvər Seyidov haqda fikirlərini açıqlamışdı.
Ənvər Seyidov bu günə qədər də anlamayıb ki...
Moderator.az-ın yayımladığı həmin yazının qısaldılmış şəkildə təqdim edirik.
Sitat: "Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun müsahibəsini oxudum. Oxucularınızın yadına salmaq istəyirəm ki, müsahibədə özünü az qala peyğəmbər kimi təqdim etməyə çalışan və hətta bir az da qabağa gedərək cızmaqaralarını "Allahın göstərişi" kimi qələmə verən həmin bu Ənvər Seyidov 1994-cü ildə Şuşa və Laçının işğalıyla bağlı gedən məhkəmə prosesində hakim kimi çıxış edirdi və mənə qiyabi ölüm hökmü çıxarmışdı. Onun necə bir hakim olduğunu və xarakterini, təfəkkürünü, hansı mənəvi dəyərlərin daşıyıcısı olduğunu çox gözəl bilirəm. Amma onun böyük istedad sahibi, yazıçı, şair olduğunu öz müsahibəsindən oxuyub agah oldum. Müsahibədə diqqətimi cəlb edən bir məqam onun gənc yazarları aşağılaması, onları təcrübəsizlikdən, maraqsız və yorucu yazmaqda ittiham etməsi oldu. Məni qıcıqlandıran ən vacib məqamsa onun Allahın göstərişi ilə yazı yazmasını dilinə gətirməsidir. Allahın adıyla danışan bir adam, Ağır Cinayətlər Məhkəməsində hakimlik edən Ənvər Seyidov bu günə qədər də anlamayıb ki, əslində hakimlər konstitusiyadan əlavə həm də elə Allahın göstərdiyi ən ali insani keyfiyyətləri - ədalətli olmağı və haqqı nahaqqa verməməyi, vicdanının səsinə qulaq asaraq Allaha xoş gedən hökm çıxarmaqda görəvləndiriliblər. Yəni Allah başqa peşə sahiblərindən fərqli olaraq insan taleyini həll etdikləri üçün hakimlərə tamam fərqli bir missiya həvalə edib. Amma təəssüf ki, Ənvər Seyidov mən tanıyandan hələ bir dəfə də ədalətli mövqeyi ilə seçilməyib".
Çıxardığı qanunsuz sifarişli hökmlərdən xəcalət çəkməyən bir adam...
Sabiq nazir Ə.Seyidovun barəsində fikirini davam etdirərək onu debata çağırmışdı: "Bu günə qədər çıxardığı qanunsuz sifarişli hökmlərdən xəcalət çəkməyən bir adamı onların gözləri önündə ifşa etməyə söz verirəm. Əgər bu adam vicdandan, namusdan dəm vurursa, buyurub gəlsin. Axı o özündə olmayan şeyi başqalarından necə və hansı haqla uma bilər? Bu adam haqqın, ədalətin nə olduğunu hardan bilər?”
"Ənvər Seyidov bildirdi ki, görərsən necə ədalətli mövqedə dayanacam... barəmdə sifarişli hökm çıxardı”
Sabiq nazir Ə.Seyidovun şəxsiyyətini xarakterizə edən çox maraqlı bir məqamı da açmışdı: "Məhkəmə başlayanda məni zala gətirib dəmir qəfəsə saldılar və fasilədə Ənvər Seyidov şəxsən mənə yaxınlaşaraq dedi ki, Rəhim müəllim, bax, əlimdəki bu məktubu sənin anan yazıb və mənim varlığımı yerindən oynadıb. Bunu deyib məktubu mənə uzatdı. Oxudum, anam yazmışdı ki, ay Ənvər Seyidov, Allah anana rəhmət eləsin, sən çox ağır bir yükün altına girmisən, bu işi ədalətli həll edə biləcəksənmi? Mənim bu məktubun yazılmasından qətiyyən xəbərim yox idi. Çünki MTN-də saxlanılırdım və heç bir görüş-filan da verilmirdi. Ənvər Seyidov mənə bildirdi ki, Rəhim müəllim, indi görərsən necə ədalətli mövqedə dayanacam. Onda anamın 74 yaşı vardı, indi 94 yaşı var və şükr Allaha ki, sağdır. İndi siz təsəvvür edin ki, anamın məktubunu oxuyub mənə and içən bir adam sifarişlə barəmdə ölüm hökmü çıxardı. Təsəvvür edirsinizmi? Ona görə də mən bu adam haqda fikir bildirməyi oxucuların mühakiməsinə buraxıram”.
P.S. Hakimin cavab haqqını tanıyırıq.
E.MƏMMƏDƏLİYEV