Ucqar kəndin dahi filosofu (hekayə)
İnternet səhifələrinin birində gördüyüm xəbər məni dəhşətə gətirdi. Daha doğrusu xəbərin başlığı və xəbərin şəklində olan şəxs… "Ucqar kəndin dahi filosofu” adlandırılan şəkildəki şəxs mənim illər öncə tanış olduğum, dostum Zahir idi. Bir müddət əlaqəmiz kəsilmiş, ondan xəbər ala bilməmişdim. Dünyanın işləri, çörək pulu dalınca ora qaç, bura qaç, işdən baş qaldıra bilməməklər, son zamanlar səngiyən görüşlərimizi, telefon danışıqları və yazışmalarla əvəzləmişdi. Bir müddət sonra isə sosial şəbəkədəndə yoxa çıxdı və ona edilən zənglərə telefon operatorları cavab verirdi… "Zəng etdiyiniz şəxsə zəng çatmır…” – bu hissəyə qədər qulaq asıb, zəngi sonlandırırdım… Amma bugün illər sonra dostum Zahirdən xəbər var idi, sayılıb-seçilən internet səhifələrinin birindən.. Şəkildəki Zahir idisə çox dəyişilib. Görəsən Zahirin zahiri görkəmi ilə yanaşı xasiyyəti, davranışları da dəyişilibmi? Hər işi, sözü zarafata salıb gülən, dünyanın 3 günlük olduğunu deyən Zahir, yenə də 3 günlük dünyanı əyləncəyəmi həsr edir? Gözlərim parladı, qəribə bir təbəssüm qondu üzümə. Bir yandanda bərkdən gülmək istədim, "ay dünyaaaa, Zahirə də filosof deyən olarmış, ay səniiii, sən haraaa filosofluq hara….” -deyərək şakanaq çəkib güldüm. Bəlkə də, yenə nəsə əylənmək üçün kimlərləsə zarafat edib, ələ salmaq üçün də belə yazıblar – "Ucqar kəndin dahi filosofu….”. Hə, nöqtələr yenə düzülüb, bir istehza sezilir.
Xəbəri oxuyanda isə nəsə mənə qəribə gəldi şəkildəki Zahirlə, mənim tanıdığım Zahirin eyni olması.. Bəlkə, məzələnir millətlə? Axı diqqət mərkəzində olmağı çox sevir Zahir? Hərşey bir kənara, axı yer tapmadı, gedib çıxıb ucqar kəndlərin birinə? Zalımın balası camaat oralardan qaçıb gəlir şəhərə, sən şəhərdəki evini-eşiyinə atıb hara qaçmısan? Bəlkə nəsə olub? Hə, yoxsa Zahir durduq yerdə oralara gedməz. Həftəsonu gəlsə idi, gedib bu Zahiri tapardım, yüz faiz nələrsə olub….
Həftənin şənbə günü səhər xəbər yazan jurnalistlə əlaqə saxlayıb, Zahirin olduğu ucqar kəndi və ora necə gedəcəyimi öyrəndim. 9 saata gedib ora çatacağımı eşidəndə bir anlıq fikrimdən daşınmışdım ki, maraq üstələdi tənbəlliyimi. Həftənin bazar ertəsi günü işdə olmalıydım, şənbə günü gedib axşam ora çatsam, bazar günü də gərək günortaya qədər ordan çıxmalı idim ki, gəlib şəhərə çatam və bazarertəsi işə çıxa bilim deyə. Bu isə mənə haqsızlıq kimi gəlirdi. Zahirlə mənim hələ yatmasam belə, təxminən 6-7 saatım qalacaqdı görüşməyə, dərdləşmməyə… Bilmirəm, bəlkə də bəs edərdi, artıq da qalardı. Birdən yolda problem çıxar deyə, işimi ehtiyyatlı tutdum. İşlətmədiyim məzuniyyətim var idi deyə 10 günlük məzuniyyət götürdüm. Şənbə günü olmağına baxmayaraq müdürümə zəng edib məzuniyyət istəyimi bildirdim, amma bazarertəsi günü artıq şəhərdə olmayacağımı bildirdim. Bir qonaqlığa işə gedib ərizə yazmadan məzuniyyəti aldım. Yəqin ki, hansısa iş yoldaşlarımdan birinə yazdıracaqdı, mənim adımdan. Müdir adamdı o yaz deyəndən sonra kim boyun qaçıra bilər ki? Nə isə. Nə qədər çox qalsam 1-2 gün orda qalaram, Zahirlə görüşəndən sonra gəlib bir müddətdə istirahət edərəm. Yəqin ki, Nabrana gedərəm dincəlməyə… Telefonuma və Planşetimə çoxlu mahnı yüklədim, o boyda yolu neyləyəcəm bəs? 9 saateeee.. Mahnısız keçməz o yollar. Hazırlıqları edib evdən çıxdım, istiqamət bəllidir. Ucqar kəndin dahi filosofu adlanan Zahirlə görüşə. Görəsən nə hoqqadır bu yenə çıxardıb…
Kəndin
astanasına ayağımı basmaqla, sanki sivilyasiyadan bir-iki əsr keçmişə səyahətin
başlanğıcını etdim. Burdakı mənzərə heç gördüyüm adi kəndlərə də bənzəmirdi.
Şansımın tək gətirdiyi hissə isə kəndin girəcəyində Famil adlı oğlanın rastıma
çıxmağı və Zahir hatərəfdə qalır? – soruşmağımla mənə yol göstərərək evə qədər
ötürməyi idi. Sən demə Familin 16 yaşı var imiş. Məktəbə gedmirəm demişdi. Axı
ucqar kənddə kimdie məktəbə gedən, guya gedib lap universitetə girsə nolacaq
ki? Hər il yüzlərlə şəxs universitetə qəbul olur, bir o qədəri də məzun…
Məktəbə getməyən Famil, Zahir müəlliminin nəyi olduğumu soruşdu? Baxha, Zahir
müəllim də olubmuş xəbərimiz yoxdur. Filosof, sonra müəllim, bəs daha sonra nə
çıxacaq bu? Elmlər namizədi? Maraq bütün vücudumu bürüdü, heç tərəddüd
eləmədən, bir qədər də təəccüblü şəkildə soruşdum. Zahir müəllimin? Məktəbdə
işləyir? Nə dərsi keçir ki, sizə? Təəccübümü gizlədə bilməmişdim. Uşağa ağzını
açmağa icazə verməmiş elə özüm də dilləndim. Hə, yadıma düşdü, axı o rəssam
idi. Daha doğrusu hələ peşəkar deyildi, çatışmayan cəhətləri çox idi. Sən də
rəssam olmaq istəyirsən? Mənim təəccüblənməyim, Familin təəccüb dolu baxışları
yanında toya getməli imiş ki? Uşaqda olan təəccüb dolu, bir qədər də sevincli
səslə "Zahir müəllim rəssamdı həm də?” söylədi… Həm də… Bu həm də sözü elə bil
qəsdən deyilmiş və məni daha da Zahir haqqında bilmədiklərimin üstünə birini də
əlavə etmişdi. Yolun yarısından qayıtmaq istədim. Yox, bu Zahir o Zahir deyil
deyəsən. Artıq çatmışdıq Zahirin evinə. Məni qapıdan ötürüb sağollaşdı Famil.
Sağollaşarkən onu da əlavə etdi ki, Zahir müəllimi narahat eləməsin, saba onsuz
da gələcək. Sağollaşıb məndən ayrılmaq istəyəndə dedi, axı demədiz adınız nədi
və Zahir müəllimin nəyisiniz? Adım Elnurdur. Zahir müəllimin dostuyam. Evin
həyəti ilə evin qapısı üç addımlıq yol olmasına və sualların beynimdən
çıxmamasına baxmayaraq, biri də əlavə olundu. Ucqar kənddə bu uşaq mənimlə
sizlə danışdı? Heç şəhərdəkilər çox vaxt belə danışmır, tanıdı-tanımadı sən,
qaqaş, brat, ataş deyə müraciət edirlər, bu uşaq hardan öyrənib? Yəqin hansısa
ziyalı, təhsil görmüş şəxsin nəslindəndi, ya şəhərdən qonaq gəlib. Hə, elə
şəhərdən gəlib, yoxsa bizim bu Zahirə kimdie müəllim deyən. Hörmət əlaməti kimi
deyib də yəqin. Qapını döyüb səslədim, Zahir, Zahir, ay Zahiiir….
Qapını açan Zahir məni görcək sevincli halda, qardaşım deyib bağrına basdı.
Qucaqlaşdıq, yalan olmasın iki dəqiqəyə yaxın qapının ağzında bir-birimizə
sarılı vəziyyətdə qalmışıq, əlbəttə ki hal-əhval tuta-tuta. Gəldiyim üçün, məni
burda gördüyünə çox sevinmişdi. Xoş gəlmisən, nə əcəb gəlmisən-deyib, xoş-beş
edəndən sonra evə dəvət etdi. Ucqar kəndin üç otaqdan ibarət, kasıb bir daxması
mənə şəhərdəki evimdən daha əziz gəldi. Bilmirəm, bəlkə də fərqli idi deyə, ya
Zahirlə idim deyə, bunu dəqiq deyə bilməyəcəm. Əlbəttə bu ilk baxış idi. Hələ
görəcək bəzi günlərim qabaq imişki? Mən hələ sonradan biləcək imişəm ki, burada
qaz yoxdu, odun soba qurulub və ayaqyoluda ki, həyətin qutaracağında… Bunlar
bilinənə qədər Zahir məni əyləşdirib, çay süzdü. Oturub odun sobasının
ətrafında çay içə-içə Zahirlə zarafatlaşmağa başladım.
-Aə, haralara yoxa çıxdın? Nolub? Səs-sorağın birdən kəsildi.
– Əşi, uzun söhbətdir. Danışaram sonra. Bura dünyanın axırıdır, sanki.
Yorulmusan yəqin ki, dincələrsən bu gecə səhər çoxlu – çoxlu dərdləşərik,
hamısını da danışaram.
– Nə deyirəm ki, elə olsun! Bir yer tapmadın? Gəlib çıxmısan cəhənnəmin isti
bucağına, gəl ki, yayın bilmirəm qışı elə dəə yaxşı olmaze buralar. Palçıqzad.
– Uzun söhbətdir, danışaram. Sadəcə insanlardan bezmişdim, hamıdan uzaqlara
qaçmaq istədim. Bu evin yiyəsi ilə tanış oldum və evlərimizi dəyişdik.
– Nə? Sənin başın işləyir? Gicsən, ya məni gic yerinə qoyursan? Şəhərdəki
evinlə bu daxmanı dəyişmisən? Başa-baş?
– Əsəbləşmə, qardaşım. Bir qədər üstündə pul verib, həm həyətdə mal-qara,
toyuq-cücə, atda var. Əslində, bunlar yadıma belə düşmürdü,sadəcə uzaqlara
qaçmaq istəyirdim və qaçdım.
Nə qədər söhbətin əsasını öyrənməyə çalışsam da, Zahirdən bir söz ala
bilmirdim.
Səhəri
xoruzun banlamağı ilə ömrümdə ilk dəfə idi açırdım. Yarıyuxulu halda yerimdə
oyan-buyana çevrilirdim. Xoruz da elə bil qəsdimə durub, elə hey banlayır. Lap
yadıma "Xoruz” şeiri düşdü. Yata bilmədim. Onsuz gecəni də elə rahat
yatmamışdım. Bir murdar xasiyyətim vardı, yerim dəyişiləndə narahat oluram,
yata bilmirəm. Dedim bəlkə durum biraz həyətdə gəzişim, görüm nə var, nə yox?
Həm buraların səhəri necə olur görüm. Dünən Zahir elə danışırdı elə bildim
Allah buranı cənnətə nümunə kimi yaradıb…. Yerimdən qalxıb o biri otağa
keçmişdim ki, özümü Zahirdən tez durmağa elə alışdırmışdım ki, gördüklərim
fikirlərimi alt-üst etdi. Otaqda sobanın yanında bir qədər odun var idi,
halbuki dünən odun qutarmışdı sobanın yanında. Xatirimdədi. Üç otağa da nəzər
edəndən sonra Zahirin evdə olmadığını və məndən də əvvəl oyandığını bildim. Kim
ha? Zahir? Özüm ölüm, deyəsən burda at ilxısı var və başına bir dənə zərbə
yaxşı tutuzdurublar. Zahiri günortadan tez durğuzana eşq olsun, gecəni də üçdən
tez yatmazdı. Maraqlısı budur ki, onsuz da gecənin yarısına qədər söhbət
etmişdilər. Düşdüm həyətə ki, bir qədər qabaq da samavar qaynadır, həm də vaxt
edib odun da qırır. Toyuq cücəsini də buraxıb həyətin canına.
-Sabahın xeyirli olsun, Elnur. Gecəni rahat yata bildinmi?
-Belə də, Şükür. Öyrəşməmişəm, yerimin dəyişilməsinə. Amma yuxumu götürmüşəm,
gümraham.
– Yaxşı olar, çayımız hazırdı. Gedək səhər yeməyimizi yeyək.
-Gedək…
Səhər bir qədər sadə olan, amma sanki çatışmayan nəyisə olmayan süfrədə səhər
yeməyimizi yedik. Çayın dadı isə çox xoş gəlirdi mənə, sonradan Zahir dedi ki,
bu odunla qaynadığı üçün qoxusu, tamı belə fərqlidir…
Nə isə, əşi. Həngamə hələ ayaqyolundan gələndən sonra oldu. Hər nə qədər qonaq
olduğumu özümə aşılasam da, dayana bilmədim. Sanki bir gündə illərin həsrəti
yadıma düşmədi də Ayaqyolu, qaz, şərait yadıma düşüb, əlimə icra nümayəndəsi
düşmüş kimi şikayətlənməyə başladım.
– A kişi, sən burda necə yaşayırsan? Ayaqyolu da dünyanın o başında olar? Su da
buz kimi səhər tezdən. Adam xəstələnəre. Mən burda bir həftə qalsam,
böyrəklərdən başlayaraq, ağciyərlərə, ürəyə doğru orqanlarım sıradan çıxar. –
Zahir isə sadəcə səbrli, arada isə təbəssüm edərək dinləyirdi – Hələ qazı
demirəm, hər gün samavar qaynatmaq, odun qırmaq, nəm vallah. Biz də kəndəzada
gedmişik də, qonaq ya istirahət məqasədi ilə amma artıq hər yerdə qaz vare, a
kişi, hər yerdə. Hələ gördüyüm bu ikisidir. Bəlkə o qədər çətinliklər var ki,
gördükcə dəhşətə gələcəm. Yer tapmadın sən? Burda adam yaşayar?
Zahir isə elə bil bunu yıxıb- sürüməyimi kənara qoyub, xəfif təbəssümlə:
– Mən yaşayıram. -dedi- ya mən adam deyiləm, ya da adam elə varlıqdır ki,
istənilən şəraiti özü üçün cənnətə çevirə bilər.
Açığı biraz utandım. Gərək elə sərt şəkildə adamdan, yaşamaqdan söz açmazdım.
Amma yox, düz deyirlər bu artıq filosofluğa da başlayıb. Qurduğu cümləyə, göstərdiyi
səbrə bax, a kişi. Hanı əvvəl ki, Zahir? Sözümü yarımçıq kəsmələr? "Niyə elə
deyirsəne? Başa düşmədim mən adam deyiləm?”- deyib coşmalar, məni səhv
çıxartmaq üçün hər an dəridən qabıqdan çıxan və məqsədinə çatanda da, şikarını
yaxalayıb ağzında aparan tülki kimi kinayəli gülüşləri? Əşi.
– Zahir, qardaş nolub sənə? Çox dəyişilmisəne? Qorxma danış, kişinin başına iş
gələr -deyib, əvvəl etdiyimiz kimi gülüşdük. Nəsə olanda, ya da çox vaxt kimisə
ələ salıb, gic-gic zarafatlar edəndə belə deyirdik. Zahir isə uzun müddətin
görüşündən sonra birinci dəfə idi ki, boğazını çayla yaşlayıb, bu qədər uzun
danışdı…
– Bilirsən necədi, qardaşım? Başa düşürəm ki, çaşqınlıqlar içindəsən. Gördüyün
Zahirlə, tanıdığın Zahir arasında yer ilə göy qədər fərq var. Desəm ki, əslində
çox şey bir anın içində dəyişdi, yanılmaram. O ki, deyirləre hər kəsin həyatını
dəyişən an yetişir, sadəcə olaraq sən o zamanı vaxtında tutasan və o andan
yararlanıb, həyatını dəyişərsən. Məndə də belə olub yəqin. Tanıdıqlarım
arasında normal çıxan sən və səndən başqa bir-iki nəfər qalmışdı. İnsanlar çox
saxtadırlar sanki. Daha doğrusu, özləri elə deyillər. Ya özlərini elə
aparırlar, ya da hansısa bir vasitə ilə sanki elə olmağa vadar ediliblər, idarə
olunurlar. Bir dəfə eşitmişdim ki, bir toplumda dəyişikliklər etmək istəyəndə
mühit də əsas rol oynayan amillərdəndir. Bir mühit yaradıblar ki, səmimilik,
yardımsevərlik, kompleksizlik və s. hamsı itib sanki. Kompleksizlik deyirəmsə
də, o cahillərin hərşeyin, əxlaqsızlığın, ədalətsizliyin, hörmətsizliyin,
tərbiyədən uzaq hər hərəkətlərinin adını kompleksizlik, sərbəstlik qoymaları
kimi kompleksizlik yox! Kişinin oğlu özünü kompleksiz adlandırır, etdiyi
əməllərə sərbəstlik donu geyindirir, amma valideynin fəhləliklə qazandığı, alın
təri ilə ərsəyə gətirdiyi pulu sağa-sola, qızlara milyonçu balası kimi
xərcləyir, fəhlə oğlu olmaqdan utandığı, bunu özünə kompleks hesab etdiyi üçün
bunu hərkəsdən gizlədir. Həyatını yalanlar idarə edən insan, heçvaxt
səmimilikdən dəm buda bilməz! Bir bu deyil ki, qardaşım? Nə qədər yalanlar
olar? Dost dediyi insanın arxasından bıcaqlayanlar, ona-buna ata-ata həyat
quranlar, on üç- onda dörd yaşlı qızları belə soruşdursan azı bir sevgili olub
həyatında. Guya erkən nigahlara qarşı çıxırlar, tez evliliklərin əleyhinə
şüarlar səsləndirirlər, amma baxırsan ki, həmin şəxslərdir ki, hərəsi onda
səkkiz yaşına çatmamış qızla fırlanır,bəziləri də məqsədlərinə çatıb. Hərdən
mənə elə gəlir ki, bu qədər evliliklərin əleyhinə çıxmaq özü də bir məqsəd
güdür. Ailəli şəxslər az olsun, bunlar da istədikləri qızlarla fırlansınlar. O
deyil də, hələ ailəli kişilərin çoxunun başqa qadınlara göz dikdiklərini sən
məndən də yaxşı bilirsən axı? Bəs ailəli qadınların etdiklərindən danışmağa
ehtiyacım var? Təbii ki, hamıya aid deyil bu dediklərim. İnan qardaşım, hər iki
halda ən çox günahkar kişilər olur. Kişilər öz ailələri ilə məşğul olarsa,
başqa ailələrə zaman, sevgi ayırarsa, ailələri də onu başqa yerdə axtarmazlar…
Erkən nigahlardan çox, mən istərdim ki, məcburi nikahların və sevgisiz
nikahların üstünə düşsünlər. Çünki bir ailədə ki sevgi, hörmət, məhəbbət olmadı
o ailə elüzünə qalacaq. O da ki, qədimdə idi. İndi bilirsən nə qədər boşanmalar
var? Səbəblərin araşdırsaq dəhşətə gələrik. Bir zaman zinakarlıq barmaqla
sayılan həddə və çox gizli idisə, indi hər addımbaşı zinaya, eyş-işrətə aparan
yoldu sanki… Yadındadı, bir dəfə parkda bir müəllim söz demişdi, ” başqasının
namusuna baxanın, öz namusunu qorumağa vaxtı olmaz”- biz də bir qədər qarşı
çıxmışdıq, bir qədər müəllim izah edəndən sonra əhsən demişdik. Bir müddət
sonra hərşeydən bezib qaçmaq istəyəndə, o müəllimlə yenə rastlaşdıq.
Salamlaşdıq. Bir qədər söhbətdən sonra o sözlərin Əli ibni Əbu Talib deyə
birinə aid olduğunu öyrəndim. Sən demə bu bizim İmam Əli(ə) dediyimiz şəxsdir.
Müəllim rus olduğu üçün, xristian olduğu üçün İmam Əli(ə) deməmişdi. Bax, a
kişi, söhbətə. Xristian bizim şəxsiyyəti tanıyır, ondan ağız dolusu danışır,
biz isə heç ondan iki dəqiqə danışa bilməzdik. Bir qədər vəziyyətimdən,
insanlardan bezdiyimiz, hərşeyi atıb qaçmaq istədiyimi ona deyən də isə, İmam
Əli(ə)-nin başqa bir kəlamını mənə dedi, "İnsanları tanımağa başladıqca, tək
qalıram”. Sən demə insanlar yaxşı və ya pis olmalarını özləri seçirlər. Amma
yönləndirmələr də mühümdür. Yaxşıya yönləndirməyə çalışan kimi, pisə, pisliklərə
yönləndirənlər də var və təəssüf ki, onlar daha çox iş görürlər, sanki… Mən
təkliyə qapılmaq istəyən də isə, o dedi ki, mənim fikirləşdiyim onların dinin
də mümkünmüş. Amma bunu müsəlmanların peyğəmbəri(s) qəbul etmirmiş. O deyirmiş
ki, "rahiblik bizim dində qadağan olunub”. Əlbəttə bir xristianın, öz dini
qala-qala, niyə belə canfəşanlıqla müsəlmançılıqdan danışması diqqəyimi çəkdi.
Dediyinə görə sadəcə bu şəxsiyyətləri çox sevir və sözlərinin yanlışlığı hələ
rastına çıxmayıbmış. O, mənə sadəcə tanıdığım insanlardan və məkandan uzaqlara
qaçmağı məsləhət gördü, təkliyə qapılmağımı yox… Gördüyün bu ev də əvvəllər
onun qaldığı ev idi. Bir-iki gün qonağı olandan sonra təklifi də mən etmişdim…
Həqiqətən elə bil Zahirin danışdıqları kino idi. Mən də sinemaya gedib, ödənişi
edib sakitcə, sualzad vermədən baxırdım. Bir müddət sonra isə Famil də
qonağımız oldu. Zahir onun üçün də çay süzdü və Famil haqqında ağız dolu tərif
dedi. Ədəbindən, əxlaqından, çalışqanlığından, məsuliyyətindən və nədən, nədən.
Famil isə başını aşağı salıb təvazökarcasına minnətdarlıq edib və Zahirə
təşəkkürünü bildirirdi. Bir müddət sonra Zahirin Familə yönəlik, ” Hə Famil,
qalxaq. Bekarçılıq bir çox avaraçılıq və pis işlərin başlanğıcıdır. Gərək insan
bekar qalmaya müəyyən işlərlə başını qata, məşğul ola, zəhmətkeş ola. Duraq
bizim axı işimiz var.” Mən də sizinlə gəlirəm deyib, onlarla aşağı düşdüm.
Gəldik bağdakı meyvə ağaclarının yanına. Bağdakı bağ. Hiss olunur yaxşı qulluq
olunub ki, meyvələr bol-bəhrəlidir. Zahirə zarafata, "bu qədər meyvəni ye-ye
bitirmərsən, bari sat pula çevir” – demişdim ki, Famil sözümü bitirən kimi
dilləndi.
-Zahir müəllimlə biz bu meyvələrdən yığıb kəndin aşağısında yoxsul on iki ailə
var. Onların hərəsinə müəyyən qədər pay aparırıq. Onlarda yediklərin yeyirlər,
bəzilərindən də qış azuqəsi hazırlayırlar. Sağolsun Zahir müəllim, ondan sonra
kənddə yardımlaşma, köməkləşmə, birgə iş görmə kimi xüsusiyyətlər inkişaf etdi.
Artıq kənd camaatı bir ailə kimi hərəkət edə, bir-birinə dayaq dura bilir.
İnanırsınız, əvvəllər gələrkən gördüyünüz ümumi arx yox idi. Zahir müəllim
üç-beş nəfərlə qazmağa başladı, sonra bir-iki ailə də qoşuldu. Sonra bütün kənd
bir arada işlədi və çaydan kənd üçün çox gözəl bir suvarma kanalı çəkdik. İndi
bağlarımızı suvarmağımız həddindən artıq asanlaşıb. Zahir müəllim təklif edir
ki, bir qədər aralıda bəzi torpaq sahələri var, üç-beş ailənin. Onlarla danışıb
kənd əhalisi üçün lazımlı nələrsə edə bilərik. Bir ailə razıdır. Digərləri ilə
də danışıb, nə edəcəyimizi düşünüb etmək qalır birdənə…
Elə mat-məətəl halda, "sağol Zahir” – demişdim ki, Familin də bizlə olduğunun
fərqinə vardım və sözümü bir qədər dəyişdim. "Əhsən, əvvəlki işlərindən geri
qalmırsan”. Zahir isə üzümə baxıb, gülümsəməklə kifayətləndi sadəcə. Bağ
işlərində elə də yaxşı olmasam da meyvə yığmaq o qədər də çətin iş deyilmiş.
Günortaya qədər bağda meyvə yığdıq, biraz da ağaclara qulluq elədik. Famil
yığdıqlarımızı at arabasına yığıb, yollandı əmanətləri sahiblərinə çatdırmağa.
Biz isə axşam Zahirgildə on-on beş nəfərin yığışıb dərdləşmələrinə,
söhbətləşmələrinə hazırlıq işləri görməli idik. Sən demə, Zahir hər həftənin
bazar günü dostları yığır öz evinə, çay süzür onlar üçün və bir araya gələn
dostlar hər dəfə bir mövzu açıb danışıb, fikir mübadilələri aparırlarmış.
Bir-birlərinin dərdlərinə həyan olmağa çalışırlarmış. Zahirin dili ilə desək,
"insan cəmiyyət halında yaşayan varlıq olduğu üçün, bir-birinin qeydinə
qalmalı, köməyə ehtiyacı olanda kömək etməli və bacardıqları qədər əl-ələ verib
çətinliklərin öhdəsindən gəlməyi bacarmalıdırlar”. Hə, mən hələ indi anlayıram
ki, bu kənd əhli niyə Zahiri sevir. A kişi, niyə sevməsinlər? Kim belə insanı
sevməz? Kaş hər kənddə bir Zahir olaydı. Vallah heç şübhəm yoxdur ki, hər
kəndimizdə bir Zahir olsa bu respublika günü-gündən inkişafın pik nöqtəsinə
doğru sürətlə irəliləyər. Müəllimlərimiz, elm adamlarımız, rəhmətlik nənəmin
dili ilə desək, "hır ilə zırı qananlar” belə insanlarla bir araya gəlsə, onlara
yol göstərsə nələr etmək olar, nələr. Nə olar ki, indi biraz elm adamlarının,
fikir sahiblərinin, müəllimlərin maaşları az olur? Onlar xalq üçün yanar şam
olsalar, xalq benzin olar özün yandırar, amma şamına xələl gəlməsinə izn
verməz!… Maraq bürüdü məni, söz bilməyib səbr etmədən axşam nə haqqında
danışacaqlarını soruşdum. Zahir isə hər dəfə mövzunu elə orda bir nəfər müəyyən
edir və əslində müzakirələr müəyyən bir sistemli plan, praqram əsasında davam
edir. Çünki hədəfsiz və praqramsız nəyəsə çatmaq qeyri mümkündür deyirdi Zahir.
Zahirdən əlavə birşey öyrənə bilməyəcəyimi anladığım üçün, ürəyim
partlaya-partlaya, səbrsizlikdən dırnaqlarımı yeyib qutarmağıma baxmayaraq,
yenə də dırnaqlarımı gəmirə-gəmirə axşamın gəlməsini gözləyirdim… Hərgün
sürətlə axan zaman isə bugün çox yavaş gedirdi. İnsan nəyisə gözləyəndə, zaman
təkərinin havası az olan maşın kimi sürünə-sürünə gedirdi… Axı insan ancaq
gözlədiyinə fokuslanır və keçən zamanın hər saniyəsini hiss edərək yaşayır…
Axşam qonaqlar yavaş-yavaş gəlməyə başlamışdılar. Zahir də samavara od vurub,
çay süfrəsini hazır vəziyyətə gətirməyə başlamışdı. Qonaqların gəlişi sona
çatdıqdan sonra mən və Zahirlə birgə sayımız doqquz nəfər oldu. Famil isə
qonaqlara qulluq məsələsini, sanki Zahirdən təhvil almış və dostların
qulluğunda durmuşdu. Açığı çox dostlarımızla bir-araya yığışmışıq,
zarafat-zarafat dalınca dayanmadan deyib-gülmüşük. Eh, o günlər. Burda da öz
aralarında nələrsə deyib gülürdülər, amma bizim kimi qəh-qəhələr çəkmirdilər.
Bir müddət sonra isə Famil hərkəsin çayın təzələdi və Zahir yığışdıqları
məclisi, əgər belə demək olardısa, açıq elan elədi. Salamlaşdı dostlarla,
hal-əhval tutduqdan sonra məni təqdim elədi. Haqqımda xoş sözlər dedikdən
sonra, bugün dostluq və dostluğun mahiyyəti, dəyəri haqqında söhbət etməyi
təklif etdi. Dostlarda mövzunun lazımlığını, seçiminə olan məmnunluqlarını
bildirdikdən sonra, Zahir nitqi başladı. Sizə desəm ki, Zahir bu ucqar kəndə
gələndən dəyişilib akademik olub, deyəssiz ay Elnur, bəsdi də, qadan alım Zahir
hara, akademiklik hara.
– Ya Allah. Hə, dostlar. Dostluq, dost olmaq, dostluqda vəfa və dostuna, onun
arzularına, dəyərlərinə hörmətlə yanaşmaq və yaşatmaq. Nəbilim, əslində o qədər
hissəsi, o qədər incə nüansları var ki, hansından danışaq, dərdləşək? Bugün
zaman elə gətirib bir yerə çıxardıb ki, bizi salam-sağol elədiyimiz, iki dəfə
görüşüb, uzaqdan-uzağa xoş-beş etdiyimiz şəxslərə də dost münasibəti
göstəririk, hər zaman, pis və yaxşı anlarımızda yanımızda olanlara da. Bu o
anlama gəlməməlidir ki, yeni-yeni insanlar tanımamalıyıq, yeni dostluqlar
qazanmamalıyıq və ya bizlə xoş olan insanların xoş rəftarından şübhələnməliyik
və ya bunlara bənzəyən başqa hallar. Xeyr. Əsla belə deyil. Düşünün ki, canımız
qədər sevdiyimiz dostlarımızla da ilk tanışlığımız olmayıbmı? Məsələ dostluğun
nəyin üzərində möhkəmlənməsi, hansı meyarlara əsaslanmasıdır. Biri ilə dostluq
ediriksə, mütləq bir və ya bir neçə xüsusiyyətini bəyənirik, ya da
dəstəkləyirik demək ki. Bir insan düşünün, sizi qane edən heç bir xüsusiyyəti,
ya onu sizə bağlayan heçbir cəhət yoxdur. O şəxslə dost ola bilərsiniz?
Tanışlıqla, dostluğu gərək ki, bir-birinə qatmayaq. Dostlarımızın seçiminə,
onlarla olan ünsiyyətimizə, bizi bağlayan dəyərlərə xüsusi fikir verməliyik. Nə
deyir, imam Əli(ə)? "Sən dostunun dinindəsən”. Bu cümlənin üzərində
fikirləşsək, bir çox məsələlər ki var, bizim üçün öz aydınlığını tapar. Dost
elə bir varlıqdır ki, sənin düşüncələrinə, hərəkətlərinə öz təsirini qoymaq
gücünə malikdir. Dostunla nə qədər zidd fikirlərə maliksənsə, əslində ondan bir
o qədər uzaqsan. Sadəcə olaraq sizi birləşdirən ortaq cəhətlər var və bu
cəhətlər nisbətən də olsa güclüdür… Mən istəməzdim dostluğun xüsusi bir
tərifini verim. Çünki bu kənardan kiminsə fikirlərinə təsir etmək kimi görünə
bilər. Amma zənnimcə dostluqlar əsas olaraq mənəvi rahatlıq, aşırı güvən, eyni
məqsəd və hədəflərə uyğunluq dərəcəsi kimi bəzi xüsusiyyətlərlə
sərhədlənməlidir. Bəzi insanlar var ki, bir çox məsələlərdə onlara aşırı dərəcə
də çox güvənərik, yanlarında hər zaman özümüzü rahat və güvəndə hiss edərik, ən
əsası isə bu insanlarla bizim hədəfimiz, arzularımız demək olar ki, ortaq olar,
eyni olar. Bu insanlar bizim əsl dostlarımızdır. Bu göstəricilər bəzi insanlara
münasibətdə nisbətən az da ola bilər. Bu göstəricilər azaldıqca, onlarla olan
dostluğumuz da tanışlığa doğru irəliləyir… Biz adətən çox şeyin qədrini
itirəndən sonra anlayırıq. Gəlin çalışaq dostlarımızın qədrini sağ ikən
anlayaq. Sağ ikən o dostlarımıza dəyər verək. Hər xırda incikliklərə,
anlaşılmazlıqlara görə dostumuzu incitməyək, aramızdakı dostluq bağlarını
sarsıtmayaq. Səhvsiz insan yoxdur və heçbirimiz səhvdən siğortalanmamışıq,
əzizlərim. Odur ki, dostlarımızla ehtiyatla və yüksək ehtiramla davrandığım
kimi, kiçik anlaşmazlıqları da gözardına vurmağa və dostumuzda gördüyümüz
səhvləri uyğun şəkildə əzizimizə izah etmək və düzəltməsinə yardımçı olmalıyıq.
Dostluqda fikir verməli olduğumuz nüanslardan biri də dostumuzu hər kiçik səhvə
görə özümüzdən uzaq tutmaq və əlaqələrimizi kəsməkdir. Bugün həbsdə olan
insanların həyatlarını təhlil etsək, əksərinin yenidən həbsə düşmələrinin əsas
səbəblərindən biri insanların, xüsusən əzizlərinin onları özlərindən kənar
etməsidir. Bir dostumuz, əzizimiz olmaz bir iş görübsə, yanlış addım atıbsa o
dostumuzu özümüzdən kənarlaşdırmaq ən son addım olmalıdır. Onu yenidən öz
aramıza qazandırmaq üçün əlimizdən gələni əsirgəməməliyik. Dostluğumuzun, xüsusən
insanlığımızın mahiyyəti də bundan ibarətdir… Sizi yormamaq məqsədi ilə nitqimi
çox da uzatmıram, əzizlərim. Məndən bu qədər. Gəlin birazda müzakirə edək.
Müzakirə, fikir mübadiləsi aparmaq çox gözəl işdir və bunu hər adam bacarmır.
Zahir sözünü qutarandan sonra qarşındakı çaydan bir neçə qurtum götürməyə
başladı. Zahir danışdıqca dedikləri qəlbimə yağ kimi yayılırdı. Görəsən
həqiqətənmi biz dostluğun nə olduğunu anlasaq və ona əməl etsək hərşey
düzələrmi? Xülasə. Zahir sözünü bitirəndən sonra bir qədər fikirlərdə səsləndi,
sonra isə yavaş-yavaş hər kəs dağılışmağa başladı. Mən isə dahi filosofla tək
qaldım. Dahi ha, bizim dahi Zahirimiz… Nəzərimə əsasən sabah, yəni bazarertəsi
günü Bakıya qayıtmalıyam. Amma belə tez getmək istəmirəm. Bura mənə nə isə bir
başqa, ayrıca bir özəl gəldi. Bilmirəm bunu Zahir elədi, ya illərdi şəhərdə
işləməyin yorğunluğunu bu kəndin təmiz havası aldı. Amma bildiyim tək birşey
vardı, Zahirlə ünsiyyət, burda qalmaq mənə xoş təsir bağışlamışdı. Gedmək
istəmirdim sanki. Zahirlə danışdım və bazarertəsi də qalıb, çərşənbə axşamı
Bakıya qayıtmağı qərara aldım.
Qonaqların gedişindən sonra yatmaq üçün hazırlaşarkən sadəcə Zahirdən bircə
sual soruşmaq imkanım oldu.
– Necə? Axı necə oldu bütün bunlar?
Zahir gülümsəyərək, elə cavab verdi ki. Sanki "adın nədi?” – deyə soruşmuşdum,
o da çox qısa və mülayim şəkildə cavab verdi.
– Özümü tapdım. Özüm olmaq qərarına gəldim və özüm oldum…. – Sonra isə – Gecdi,
artıq. Yataq.- dedi.
Bu sözləri elə şəkildə deyib, yatmaq üçün uzandı ki, daha ikinci sualımı
ünvanlaya bilmədim. Bbbb deyə mızıldanaraq sualımın ağzımdan çıxmağına mane
oldum. "Bəs özün kimsən? Bunu necə bildin? Necə tapdın? Özünü tapdıqdan sonra
belə oldunsa, bəs əvvəl yaşadıqların kimin yaşayışı idi?” – və daha onlarla
suallar… Gəl indi bu suallarla yat. Bir anlıq Zahir yadımdan çıxdı. Dayan, a
kişi. Bəs mən kömək? Bu nə gic-gicə tapmacadır? Özümün daxilində başqa da bir
özüm var? A kişi, Zahirdi də, kəlləni at yat. Danışır, özü üçün filosofluq
edir…
Ömrümdə ən çox suallarla beynimə zülm etdiyim gecə idi, keçən bu gecə. Mənə elə
gəlmişdi ki, düşünməkdən beynimin qırışları və şırımları iki dəfə artmış və
beynim başıma sığmırdı. Ağrılar var idi. Zahir isə yenə də məndən əvvəl qalxmış
və samavara od vurmuşdu. Samavarı bilmirəm, amma Zahirin mənə bu iki gündə
vurduğu odun axıırı necə olacaq bilmirəm. Özümü hər yerdən doğma burda hiss
edirəm, Zahir də mənə doğmalığını hiss elətdirir. Amma gəl ki, bəzən də yad bir
insanlayam hissi yaşadır mənə Zahir və onun hərəkətləri. İndi necə olacaq? Nə edəcək?
Əvvəlki Zahir deyil ki, çıxım çölə başlayım ” Aəəə Zahir, sabahooon xeyir,
bala. Nağayrsanəəə?”. Belə desəm, yəqin ki, tərs-tərs baxacaq, sonra isə
gülərüz şəkildə -” Sabahın xeyir, Elnur. Şükür yavaş-yavaş gedir” – deyəcək.
Əşii, mən bu Zahiri analiz-sintez etsəm, gərək yerimdən qalxmayım, gecə də
"kəlləni atıb” yatım.
Yenə samavar çayı ilə səhər yeməyimizi yedik. Bakıda yəqin ki, bu vaxtlar mən
yuxum şirin yerində oluram, qəhrəmanı olduğum hansısa yuxunu ya heyrət və qorxu
ilə, ya da sevincdən "gözləri bərəlmiş” şəkildə izləyirəm. İki gündü yuxunu bu
cür götürməyim, mənə bir qədər yaxşı gəlib sanki. Həm səhər tezdən duranda gün
daha uzun gəlir sanki. Düşüncələrimdən, Zahirin səsi ayırdı məni.
– Hə, Elnur. Deyəsən çox danışmağı, düşünməklə əvəzləmisən. Nə məsələdir?
– Yoxe, sadəcə bugün nələr edəcik maraqlıdır…- deyərək kifayətləndim. Özümdə
birinci dəfə idi ki, hər ağlımdan keçəni, düşündüyümü ağzımdan çıxartmadım..
-Bugün xüsusi işimiz yoxdu. Səninlə sabahki səfərinə hazırlaşacıq, bağdan sənə
bir qədər pay yığacıq, biraz kəndi gəzəcik vəssalam.
Yeməyimizi yeyəndən sonra Famil bizi səslədi. Bir dostu ilə at belində gəlib.
Zahir deyəndə ki, getdik kəndi gəzək, mən əvvəlcə piyada gəzəcəyimizi təsəvvür
eləmişdim. Amma bir müddət sonra isə özümü Familin belindən yapışmış halda atın
belində tapdım. Etiraf edim ki, birinci dəfə ata minməyimə baxmayaraq çox xoşum
gəldi, həm də dəhşət dərəcədə qorxmuşdum. Nətər yapışmışdımsa, Familin belindən
yazıq uşağın az qala belin qıram. Kənddəki evlər, yaşayış tam ürəkaçan olmasa
da, o qədər mənzərəli yerlər gördüm ki, hələ o qədər şəkillər çəkdirdim ki, gəl
görəsən. Hər yerə çatanda Zahir maraqlı hadisələr, xatirələr danışırdı. Amma nə
qədər xoş olsa da bu mənzərələri görmək, bir o qədər də yorucu idi. Dəhşət
yorulmuşdum. Evə qayıdan da Zahir yorğunluğumu hiss etmiş olmalı ki, mənə ged
evdə biraz uzan mən də gəlirəm demişdi. Yorğunluq məni öz ağuşuna elə alıb
yuxuya aparmışdı ki, birdə axşam yuxudan ayılmışdım. Bəlkə də məni ən çox atın
belində atılıb-düşmək bu qədər yormuşdu. Duranda isə Zahirin məni evə
göndərərək, özünün bağa girdiyini və mənim üçün bir qədər pay, meyvə yığdığı
anladım. Tək heyfsləndiyim ondan ibarət idi ki, yuxu məni aparıb və mən
yatmışam. Günü güdaza verdiyim üçün çox heyfslənirdim. Axı saba yola çıxırdım?
-Deyəsən, atları sevdin. Saba səni atlarla yola qədər yola salarıq, narahat
olma – deyib gülümsündü. Yazıq necə gülümsəməsin? Tək atla, görməmiş kimi yüzə
yaxın şəkil çəkdirmişdim. Atın belində, yanında, orda at belində, burda at
belində, at üstə ayağa qalxmağa çalışdığımda yadımdadı… Zahirlə yenə xoş-beş
etdik, dedik-güldük. Zənn etdimki, gecəni yatmayıb, Zahirlə səhərə qədər
danışacıq. Adətən biz belə edirdik. Gəzməyə gedəndə, kamplarda olanda, adətən
son gecəni yatmırdıq. Deyirdik,gülürdük, əylənirdik. Zahir isə gecdi, yataq
artıq deyəndə isə biraz məyus oldum açığı. Amma neylək. Zahirdi də, üstəgəldə
ev sahibi. O gecədən tək yadımda qalan düz bir saat yatağımda o yana, bu yana
qurcuxmağım oldu. Öz-özümə deyirdim – "Zalımın balası, yatıb yuxumu götürmüşəm
də, günorta. Mən indi necə yatım?”
Yenə
səhər, yenə samavar çayı və yenə xüdmani səhər yeməyi. Famil, Zahir və mən.
Üçmüzdə səhər yeməyimiz yedik. Atlar isə aşağıda hazır idi. Famil zarafatyana
üç at gətirdiyini dedi, mən də sərbəst at sürüb gedə biləcəm yola qədər. Gözüm
kəlləmə çıxdı. Açığı amma istəyirdim, maraqlı olardı. Yeməyi tələm-tələsik
yeyib, çantaları götürüb atların yanına düşdüm. Belə tələsdiyimi görən Zahir:
-Elnur, qardaş. Bizi atıb qaçmağa nə maraqlı imişsən sən? Hələ bir sağollaşaq da.
Gülüşdük hər üçümüz. Köməkləşib mindim ata. Amma təhlükəsizliyə görə ata
nəzarəti Familə tapşırdım, bu sürücü başqa olan bir maşının sükanında sənin
oturmağına bənzəyir. Qəribə amma maraqlı hisslərdi. Yarısın dünən gəzdiyimiz
yolları keçdikdən sonra yola çatdıq. Burda Bakıdakı kimi şütüyən maşınlar çox
deyildi. Taksi tapdıq, çantaları yükyerinə qoyduq. Sağollaşmaq vaxtı idi. Uzun
həyat yolumun qısa, ikigünümü əhatə edən, amma olduqca maraqlı və həyatımda
dərin izqoyan bu kiçik həyat hekayəmində sonuna gəlmişdim. Famillə sağollaşmaq
elə də çətin olmadı, amma asan oldu desəm də ədalətsizlik olardı. Zahir.
Özümdən də özümə doğma bildiyim qardaşıma çevrildi. Vədləşdik. O da arada
Bakıya gələcək, mən də ildə iki- üç dəfə Zahirin qonağı olacaq. Əslində məzuniyyətdə
idim. Götürdüyüm günləri də burda qalmaq istəyirdim. Amma qonaqlığın qısası
dedim. Həm xəbərsiz yaxalamışdım Zahiri axı Gələn dəfə xəbər edib, lap bir
həftə də, on gün də qalaram. Sağollaşanda Zahir mənə bir məktub verdi. Bunu
oxuyarsan onda axtardığın "özümdə özüm necə gizli olur” -sualına cavab
taparsan. Bilmədim məktubu oxumaq üçün tələsim yola çıxım Bakıya, ya Zahirlə
bir neçə dəqiqə artıq qalmaq üçün ləngiyim… Çox qəribə hissdir. İki yerinə
yetirmək istədiyin işin arasında qalmaq. Sağollaşarkən isə sanki Zahir dediyi
sözlə cavabını vermişdi sualımın.
-Xudahafiz. Əsas olan lazımı vaxtda, lazımı yerdə olmaq və lazımı anda lazımı
addımı atmağı bacarmaqdır…