Ölkə

Suraxanı icra başçısının gəlir sahələri – SİYAHI

22-02-2016, 16:23

İcra başçısı İlqar Abbasov nədən necə qazanır?

 


İcra başçıslarının rəhbərlik etdiyi rayonlara qazanc mənbəyi kimi baxması, onlara həvalə olunmuş mühüm dövlət qulluğundan isə varlanmaq fürsəti kimi istifadə etməsi yalnız təəssüf doğurur. Bu baxımdan durumun acınacaqlı olduğu, narazılıqların durmadan artdığı rayonlardan biri də Suraxanıdır.

Savash.org-un əldə etdiyi məlumata görə, Suraxanı RİH başçısı İlqar Abbasov rəhbərlik etdiyi rayonun torpaqları hesabına respublika səviyyəli oliqarx səviyyəsinə yüksəlib. Belə ki, icra başçısının kəramətindən indi rayonun Bülbülə, Əmircan, Hövsan, Zığ və Qaraçuxur qəsəbələrində boş torpaq sahəsi tapmaq olmur. Torpağın satışından sonra həmin torpaq üzərindəki tikintiyə icazənin verilməsi isə ayrıca yazının mövzusu ola bilər. Bununla bağlı yalnız onu qeyd edək ki, Suraxanıda tikinti üçün verilən sərəncamlara görə qeyri-rəsmi ödənişlər 3000 manatdan yuxarıdır. Eyni zamanda icra başçısı İlqar Abbasovun qeyri-qanuni küçə ticarətindən də küllü miqdarda vəsait əldə etdiyi bildirilir. Belə ki, İlqar Abbasovun icra nümayəndələri küçə ticarəti ilə məşğul olan vətəndaşlardan aylıq hesab alırlar. Bu hesabın adı isə "yer pulu”dur. Şikayətçilər bildirirlər ki, Surxanı rayonu ərazisində 400-dən yuxarı qeyri-qanuni küçə ticarəti mövcuddur.

İcazəsiz, lisenziyasız ticarətlə məşğul olan vətəndaşlardan həmçinin rayon polisi də aylıq "haqq” alır. O da qeyd olunur ki, Suraxanı rayon polis idarəsinin keçmiş rəisi Etibar Qazıbəyov vəzifəsini məhz küçə ticarətinə görə itirib: "Təzə polis rəisi bəzi yerlərdə küçə ticarətini yığışdırsa da, hələ xeyli sayda küçə ticarəti ilə məşğul olanlar var. Bu şəxslərə isə birbaşa icra başçısı İlqar Abbasovun adamları havadarlıq edirlər”.

İddiaya görə, küçə ticarətindən təkcə icra hakimyyətinin aylıq qazancı 50 min manatdan çoxdur. 

Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, Qaraçuxur qəsəbəsi İlqar Abbasovun "qazanc mənbələri” siyahısında önəmli yerlərdən birini tutur. Bu qəsəbədə bələdiyyə sədri İxtiyar Nəcəfov torpağın 1 sotunu 10 və 12 min manat arasında satır. Son 2 ildə qəsəbənin mərkəzi parklarının ətrafında 50 dən çox sahibkar obyektləri tikilib. Bu obyektlərin tikliməsi üçün verilən torpağın 1 kvadratmetri isə 2000 manatdan aşağı olmayıb. Bundan başqa Hövsan qəsəbəsində "koneçni” deyilən ərazidə 5 hektar ərazi sotlara bölünərək hazırda 2500-3000 manata satılır. Amma Hövsanda icra başçısının əsas gəlirli biznesi dəniz yaxınlığında torpaqlarda 30 yaxın villa tipli evlərin tikilərək satılmasıdır. Bu biznesə icra başçısının ən yaxın adamı nəzarət edir. Son 5 ildə Hövsan qəsəbəsində dənizə yaxın ərazidə 80-dən çox ev tikilərək satılıb. Həmin evlərin qiyməti isə 80 min manatdan başlayaraq müxtəlif qiymətlərə qədərdir”.

Bundan başqa, Bülbülə bələdiyyəsinin sədri Natiq Həsənov, Əmircan bələdiyyəsinin sədri Rəfael Cəfərov, Hövsan bələdiyyəsinin sədri Elbrus Xəlilov, Yeni Suraxanı bələdiyyəsinin sədri Rəşad Mirzəyev və Zığ bələdiyyəsinin sədri Kənan Nəsrullayevin də adı torpaq alverində və müxtəlif qanunsuzluqlarda hallanır. 
Mövzuya qayıdacağıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]