Həbsdə olan blogger Rəşad Ramazanovun səhhəti ilə bağlı şikayətləri olduğu bildirilir.
Azərbaycanda həbsdə olan blogger Rəşad Ramazanovun səhhəti ilə bağlı şikayətləri olduğu bildirilir. Bu barədə martın 4-də onun həyat yoldaşı Könül Ramazanova Facebook səhifəsində yazıb.
"Rəşadın yüksək dərəcədə hərarəti var və ona ancaq parasetamol dərmanı verməklə kifayətləniblər.
Dünən həyat yoldaşım siyasi məhbus Rəşad Ramazanov zəng etmişdi. Olduqca pis xəstə olduğu səsindən hiss olunurdu. Bədən hərarəti 39-40 dərəcə olsa da ona parasetamol dərmanı verməklə kifayətləniblər. Rəşad onu tibbi sanitar hissəyə köçürmələrini tələb etsə də ona məhəl qoymayıblar. Üstəlik 39 dərəcə temperaturda çöldə saxlayaraq içəri buraxmayıblar.
Sonra da bəziləri hər şeyin yaxşı olduğunu söyləyib adama dağ çəkirlər. Rəşad Ramazanov 15 saylı cəzaçəkmə müəssisəsində şəraitin tamamilə natəmiz olması ilə bağlı hələ də bir dəyişiklik olmadığını dedi."
Könül Ramazanova Azərbaycan Respublikasının Ombudsman Aparatına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinə ''Rəşad Ramazanov bu ölkədə doğulub. O, düşmən deyil, Azərbaycan Respublikasının vətəndaşıdır. ''deyə müraciət edib.
Rəşad Ramazanov 2022-ci il mayın 20-də saxlanılıb, ertəsi gün onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) ilə həbs qətimkan tədbiri seçilib.
Ramazanov sosial şəbəkələrdə kəskin tənqidi çıxışları ilə tanınır.
O, 2013-cü ilin mayında da həbs edilib və külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ilin martında Rəşad Ramazanov prezidentin əfv sərəncamı ilə vaxtından əvvəl həbsdən azad edilib.
Yerli hüquq-müdafiə təşkilatları bildirir ki, blogerin həbsinin əsl səbəbi sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsidir. Onlar Ramazanovu siyasi məhbus kimi tanıyıb.