"Əvvəllər şəraitli otaqları satırdım, indi isə satış yoxdur. Məhbus göydə yatır ya yerdə yatır mənə fərqi yoxdur"
Jurnalist Polad Aslanov COP29 tədbiri zamanı 1 saylı cəzaçəkmə müəssisəsində siyasi məhbusların vəziyyətinə diqqət çəkmək üçün aclıq aksiyasına başlayıb və bundan sonra ona təzyiqlər başlayıb.
Polad Aslanov daha sonra səhhəti pisləşdiyi üçün aclıq aksiyasını dayandırıb. Bu barədə həyat yoldaşı Gülmirə Aslanova Yoldaş Mediaya müsahibəsi zamanı söyləyib.
Gülmirə Aslanova deyir ki, həyat yoldaşını cəzalandırmaq üçün onu daha pis vəziyyətdə olan 15 saylı cəzaçəkmə müəssisəsinə köçürüblər.
Polad Aslanov hazırda saxlanıldığı cəzaçəkmə müəssisəsinin şəraitsizliyindən narazılıq edir. O bildirir ki, məhbusların çoxalıb və qaldığı kameralar isə adekvat durumda deyil.
Kameralarda istilik təminatı olmadığı üçün qaz peçi yandırılır, bu da məhbusların səhhətinə mənfi təsir göstərir. Yəni məhbuslar dəm qazı ilə zəhərlənmək təhlükəsi ilə üz-üzədir.
Jurnalistin problemləri ictimailəşdirməməsi üçün onun telefon danışıqlarına nəzarət edilir.
Gülmirə Aslanova müsahibəsində qeyd edir ki, Polad Aslanova qarşı siyasi ayrı-seçkilik var.
Hazırda həyat yoldaşının səhhətində ciddi problemlər olduğu halda onu öz həkiminin müayinə etməsinə imkan verilmədiyini, cəzaçəkmə müəssisəsinin özünün də tibbi xidmət göstərmədiyini deyir.
"Poladın bütün dişləri çürüyüb, bu da böyrəklərinə zərər verir" deyə Aslanova əlavə edib.
Rejim rəisi Gülmirə Aslanovanın müraciətlərinə cavab olaraq deyib ki : "Əvvəllər şəraitli otaqları satırdım, indi isə satış yoxdur. Məhbus göydə yatır ya yerdə yatır mənə fərqi yoxdur"