"Jurnalist Polad Aslanov həbsinin 5illiyi ilə bağlı həbsxanadan müraciət ünvanlayıb"
"Biz ölkəmizdə məhbus deyil,əsirik"
Əziz dostlar, həmkarlar, Hüquq müdafiəçiləri,Beynəlxalq təşkilatların nümayəndələri, sizə bu məktubu qanunsuz və əsassız həbsimin 5illiyi ilə bağlı həbsxanadan yazıram.
Ötən il 12iyun tarixində həyat yoldaşımın təşəbbüsü ilə Müsavat partiyasının qərargahında sizlərin iştiraki ilə həbsimin 4illiyi ilə əlaqədar olaraq tədbir təşkil olunmuşdur.
Keçən ildən bu günə ölkədə vəziyyət mənfiyə doğru çox dəyişib.
Hakimiyyət həmin tədbirdə iştirak edən Tofiq Yaqublu bəyi və digər dostlarımızı şərləyib həbsə atıb.
Bu il isə ölkədə olan anormal vəziyyəti nəzərə alaraq həbsxanadan ictimaiyyətə,yerli və beynəlxalq təşkilatlara məktub yazmalı oluram.
Demək olar ki,ölkədə hər gün yüzlərlə vətəndaşın hüququ pozulur, günahsız insanlar şərlənir,hətta cinayət törətmiş şəxslərin belə cəzası adekvat olmur.
Günü gündən siyasi məhbusların sayı artır.
Həbsxanalarda günahsız ,heç bir siyasi fəaliyyəti olmayan insanların sayı-hesabı bilinmir.Buna səbəb isə əllərində olan Konstitusiya adlı kitabdan istifadə edib günahsız insanları, jurnalistləri, hüquq müdafiəçilərini, dindarları,siyasətlə məşğul olan vətəndaşları, sosial şəbəkələrdə hakimiyyətin fəaliyyətini tənqid edən şəxsləri şərləməklə susdururlar.Bu yazını yazarkən fikirləşirəm ki, görəsən dünyanın harasında qazisinə, şəhid ailəsinə, müharibə iştirakçısına, jurnalistinə, hüquq müdafiəçisinə,dindarına,əlilinə, sosial durumu aşağı olan vətəndaşlarının taleyinə biganə olan belə bir hakimiyyət var?
Bu iqtidarın başında oturanları, məxsus da İlham Əliyevi inandırıblar və yaxud da özü inanır ki, günahsız vətəndaşlara bu qədər zülm, işgəncə verməklə o öz iqtidarını gücləndirə biləcək və ayaqda saxlayacaq.Mən isə deyirəm ki, alınmayacaq, mümkün deyil.
Əgər İlham Əliyev və onun komandası inanmırsa tarixə,dini kitablara nəzər yetirsin.
Vaxtilə BMT-də və s yerlərdə bir masanı paylaşdığı prezidentlərin taleyinə nəzər etsin.
Misal üçün Qəddafinin,Səddam Hüseynin etdiyi zülmlərə baxsın və nəticə çıxartsın.
Nə qədər gec deyil bu zülmləri durdurun.
Vallah ,billah bu zülm sizin hakimiyyətinizin axırına çıxacaq.
Özünüzü ,öz hakimiyyətinizi düşünüb bu zülmləri durdurun,Siyasi məhbusları, günahsız insanları azad edin.
Mənə və bizə sizin əfviniz lazım deyil, İlham Əliyev.
Biz cinayətkar deyilik,hakimiyyət tərəfindən ölkəsində əsir götürülmüş günahsız insanlarıq.
Nə qədər gec deyil,Siyasi məhbusları azad et.Ən azından bunu öz hakimiyyətini qorumaq, ömrünün uzatmaq üçün et.
Əks halda bu sizin və hakimiyyətinizin biz tənqidi jurnalistlərdən,ictimai fəallardan, dindarlardan qorxduğunuz anlamına gəlir və bu isə bir prezidentə üstünlük vermir, başucalığı gətirmir.
Həbsxanada olan siyasi məhbusların burada belə apardığı mübarizə çöldəki insanlara ruh yüksəkliyi verir, stimul verir.Onların içində zalıma qarşı nifrət yaradir.Və bu nifrət qiyama, etiraza, mitinqə səbəb olur.Biz günahsız insanların həbsi Allahın qəzəbinə gəlir və Adil olan Allah bizim qisasımızı Qiyamət gününə saxlamayacaq.
İlham Əliyev,sən və komandan məni şərləyib həbsə atmaqla,susdurmaqla nəyə nail oldunuz bilmirəm,amma yürütdüyünüz yanlış siyasətinizlə dünyada biabır olduğunuzu çox yaxşı bilirəm.
Sonda özümə və həbsdə olan bütün günahsiz məhbuslara Uca Yaradandan izzətli azadlıq diləyirəm.
Bütün Beynəlxalq İnsan Haqqları təşkilatlarını, Jurnalist təşkilatlarını,Azərbaycanda yerləşən xarici ölkənin səfirliklərinin nümayəndələrini Azərbaycanda günü gündən artan siyasi həbsləri durdurmaq üçün sadəcə bəyanatla kifayətlənməməyə,qarışdan gələn "COP 29"tədbirini baykot etməyə çağırıram.
Cənablar,insanlara, insanlığa,insan haqqlarına dəyər verməyən İlham Əliyevdən heç nə gözləməyin.