Əsas Səhifə / Yazarlar

Bu dünyada ədaləti özümüz bərqərar elədiyimiz müddətcə var!

24-02-2020, 12:46
Dünyanın heç bir yerində ədalətin kifayət qədər olmadıgını yəqin ki, hamımız bilirik, əks halda Allah cənnət və cəhənnəmi yaratmazdı, elə bu dünyada da hər kəsin haqqını verərdi. Təbii bu fikirlə hər kəs razılaşmaya bilər. Amma düşünürəm ki, heç kəs haqqın, ədalətin bir gün təcəlli eləyəcəyinə şübhə eləməz. Və düşünəndə ki, uca tanrı haqlının da, haqsızın da hesabını o dünyada kəsir, demək ki, ədaləti bu dünyada özümüz bərqərar etməliyik.“Ağlamayana pəpə yoxdu“ prinsipi ile yanaşsaq ən azından buna cəhd eləməliyik. Bizim ölkədə isə „ədalət“ mövhumunun özü ədalətsizliyə məruz qalıb. Hər şeyin adı var özü yoxdur. Məhkəməmiz var, ədalətimiz yoxdur, mediyamız var, söz azadlığımız yoxdur, səhiyyəmiz var, sağlamlığımız yoxdur, polisimiz var, təhlükəsizliyimiz, can güvənliyimiz yoxdur, nəhayət konstitusiyamız, qanunlarımız var, amma bu qanunlara əməl eləyən vətəndaşın sosial haqlarından tutmuş bütün haqlarına kimi məsul olan məmurlarımız yoxdur. Çinli yazar Lin Yutanqın da dediyi kimi: „ harda çox sayda polis varsa orda azadlıq yoxdur. harda çox sayda əsgər varsa orda sülh yoxdur. harda çox sayda hüquqşünas varsa orda ədalət yoxdur „ Uzun sözün qısası qanunun şah yox, şahın qanun olduğu olkədə yaşayırıq. Yuxarıda qeyd elediyim kimi, adı olub özü olmayan sahələrimizdən biri də mediyadı ki, adı var özü olan söz azadlığı isə yoxdur. Yəni sözün düzünü deyən, həqiqəti olduğu kimi çatdıran ən yaxşı halda özünü müxtəlif saxta və qurama ittihamlarla dörd divar arasında tapır. Elə bu səbəbdən də beynəlxalq təşkilatlar tərəfindən tanınmış və təsdiq olunmuş 100 dən çox siyasi ve vicdan məhbusumuz var. Bunlardan biri də „Xeberman.com“ ve „Press-az.com“ saytının yaradıcısı və baş redaktoru siyasi məhbus Polad Aslanovdur. Bizim bu jurnalistimiz də söz azadlıgı olmayan mediyadan və ədaləti olmayan məhkəmədən öz nəsibini alıb, həm də ən ağır şəkildə, konstitusiyanin 274-cü maddəsi ilə dövlətə xəyanətdə ittiham olunaraq. Bele ki, baş redaktoru olduğu internet saytında ölkədə baş verən qanunsuzluqları o da şərəfli ve peşəsinin haqqını misli ilə verən jurnalist kimi yazıb xalqın və oxucularının diqqətinə çatdırırdı. Sual yaranır ki, niyə keçmiş zamanda qeyd edirəm, çünki artıq bütün haqqı deyənlər kimi həbsdədi. Yoldaşı Gülmirə Aslanovanın dediklərinə görə 2019-cu ilin iyun ayının 12-də ailəsi ilə Naxçıvana toya gedən Polad Aslanov Biləsuvar Sərhəd Məntəqəsində DTX əməkdaşları tərəfindən saxlanılır, sənədlərinin qaydasında olmadığı bəhanəsilə və müxtəlif təzyiqlərlə DTX- nin Biləsuvar rayon şöbəsinə gətirilir. 2019-cu il 14 iyun tarixində isə Səbail rayon məhkəməsində Polad Aslanova 4 ay həbs qətimkan tədbiri seçilir və yuxarıda da qeyd elədiyim kimi konstitusiyanin 274-cü maddəsi ilə dövlətə xəyanət etməkdə ittiham olunur. Əslində isə hər şey Polad Aslanovun Iraqa, Kərbəla ziyarətinə getdiyində sərhəddə DTX əməkdaşlarının ziyarətə gedən vətəndaşlardan müəyyən məbləğdə qeyri qanuni yolla pul almaqlarını müşahidə edib, bu barədə prezidentə açıq müraciət yaymasindan sonra başlayıb. Butun bunlar barədə ətraflı məlumat yoldasi Gülmirə Aslanovanın xəbər portallarına verdiyi müsahibələrdə və yazdıgı yazılarda var. (https://youtu.be/-iFvgvI6kb0) Müxtəlif təklif və təzyiqlərdən sonra hərbi xidmətə yararsız bileti olmasına rəğmən Naxçıvan şəhərinin N saylı hərbi hissəsinə xidmətə göndərilir. Xidmətini başa vurub gəldikdən sonra isə Polad Aslanovun yolundan dönməyəcəyini anlayan DTX biraz əvvəl də qeyd elədiyim kimi dovlete xəyanətdə ittiham eləyərək həbsə saldırır. Bucür hallar isə nə birinci deyil, nə də axırıncı olmayacaq. Bundan sonra da Poladların, Fuadların, Orxanların, Babəklərin, Əfqanların və neçəneçə bu vətənin mərd oğullarının iradəsini, əzmini sındırmağa cəhd edəcəklər. Nə qədər ki, toplum olaraq, cəmiyyət olaraq bucür hallara hamılıqla, kütləvi olaraq etiraz bildirməyəcəyik, səsimizi qaldırmayacağıq, o qədər də davam edəcək, döyülməyən bütün qapılar döyüləcək. Qorxuram ki, o zaman gəldiyində həqiqətən gec olsun və ucalda biləcəyimiz bir səsimiz belə qalmasın. Əvvəldə də dediyim kimi ədaləti uzaqlarda axtarmaq gərəksizdi. Bu dünyada ədalət özümüz bərqərar elədiyimiz müddətcə var, əks halda o biri dünyanı gözləməkdən başqa çarəmiz yoxdur…

Siyasi mühacir ,AXCP-nın üzvü Pünhan Kərimli

Administratorla əlaqə

077 611-55-22

[email protected]