Xəbərlər / Tibb
Soğan bu xəstəlikləri də müalicə edir
9-04-2019, 17:50
Hələ qədim zamanlarda soğan həm ərzaq məhsulu, həm də dərman vasitəsi kimi istifadə olunub.
Enerji, güc və cəsarət verən tərəvəz kimi onu döyüşçülərin qidasına əlavə ediblər. Bir sıra xəstəliklərin müalicəsində soğanı tətbiq edən böyük loğman İbn Sina onun haqqında yazıb: "Soğan orqanizmi təmizləyir və zərərli şirələri xaric edir".
Azərtac bildirir ki, müasir tibb soğanın faydalı təsirlərinin səbəbini aşkar edib. Soğanın təsir xüsusiyyətlərinin əksər hissəsi onun tərkibində olan fitonsidlərlə əlaqədardır. Uçucu birləşmələr olan fitonsidlər nəinki patogen bakteriyalara, həmçinin göbələk və ibtidailərə də antimikrob təsiri göstərir.
Soğanın təzadlı təsir xüsusiyyətləri var: az yeyiləndə salatların içində ağız qoxusunu aparır, çox yeyiləndə isə xoşagəlməz qoxu yaradır. Az yeyəndə iştaha gətirir, çox yeyiləndə iştahakəsici təsir göstərir. Onun daha bir xüsusiyyəti damar mənfəzini genişləndirməsidir. Kapilyar damarlarda onun təsiri xüsusilə özünü daha tez göstərir. Ona görə də soğan dərinin qidalanması üçün çox faydalı, bütün dəri xəstəliklərinə şəfaverici təsir göstərir.
Qida zamanı ondan bol istifadə edənlərdə sellülit, çiban, komedon səpgilər, damarların varikoz genişlənməsi, dəri çatlamaları kimi hallar demək olar ki, müşahidə olunmur.
Sağalmayan və ya gec sağalan furunkul və çibanlar zamanı bişmiş soğanım çiban nahiyəsinə qoyulması və yeyilməsi tövsiyə edilir. Onun tərkibində olan antibakterial maddələr furunkulun sağalmasını sürətləndirir və yenidən əmələ gəlməsinin qarşısını alır.
Bronxial astma xəstələrinin soğan yeməsi tənəffüsün yaxşılaşmasına səbəb olur. Hər gün qidada soğandan istifadə edilməsi həzmi yaxşılaşdırır, köpü və qəbizliyi aradan qaldırır.
Qrip, haymorit və frontit kimi xəstəliklərdə buruna soğan suyu tökülür.
1 ədəd əzilmiş soğan yarım çay qaşığı soda ilə qarışdırılıb saç diblərinə sürüləndə yatmış folikulların oyanmasına və yeni saçların çıxmasına səbəb olur. Qulaqda iltihab, ağrı və küy olanda gündə iki dəfə soğan suyu tökmək məsləhətdir.
Angina və faringitlərdə 50 qram soğan suyu ilə 100 qram balın qarışdırılaraq gündə 3 xörək qaşığı kiçik qurtumlarla içilməsi xəstəliyin sağalmasını sürətləndirir.
Artroz, artrit və oynaq ağrıları zamanı soğan ətçəkən maşından keçirilir, oynağın üstünə qoyularaq pambıq parça ilə bağlanır. Bir saatdan sonra təpitmə yenisi ilə əvəz olunur. Ağrılar keçənə qədər prosedur davam etdirilir.
Əl və ayaq dərisinin göbələk zədələnməsində 1 ovuc soğan qabığı 2 litr suda 5 dəqiqə qaynadılır, soyudulur, əl və ya ayaqlar gündə yarım saat bişirmənin içində saxlanılır. Müalicənin iki həftə aparılması sağalmaya səbəb olur.
Üz dərisindəki səpgiləri sağaltmaq üçün dərini gündə iki dəfə soğan suyu ilə silmək lazımdır. Dəridəki irinli yaraların müalicəsi zamanı közdə bişmiş soğan yara üzərinə qoyularaq bağlanılır. Dəriyə tikan və ya hər hansı bir yad cismin batması zamanı soğan közün üstündə bişirilərək ortadan kəsilir, dərinin zədəli nahiyəsi zeytun yağı ilə yağlanıb üstünə bişmiş soğan qoyulur. Ağız boşluğunun iltihabı - stomatitləri sağaltmaq üçün soğan çeynənilir və udulmadan ağızda uzun müddət saxlanılır. Tərkibində kalium, kalsium, dəmir və mis kimi mineralların çoxluğuna görə osteoporoz - sümük əriməsi xəstəliyinin müalicəsində əvəzolunmazdır.
Bəzi mədə-bağırsaq xəstəlikləri zamanı soğan çiy halda yeyilməməli və yalnız bişmiş halda istifadə edilməlidir.