Layihə
Suraxanı rayon gənclər evində "Qaraxanlı Tarix Klubu"nun açılışı oldu
22-11-2018, 18:13
21 noyabr 2018-ci il tarixində Suraxanı Rayon Gənclər Mərkəzində görkəmli tarixçi və alimlərin, ictimai xadim və jurnalistlərin iştirakı ilə "Qaraxanlı Tarix Klubu”nun açılış mərasimi keçirilmişdir.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra "Tarix klubu"nun sədri və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Kənan Məmmədov tədbiri giriş sözü ilə açaraq iştirakçıları və qonaqları salamlamış, tədbirdə iştiraklarından dolayı onlara minnətdarlığını bildirmişdir."Qaraxanlı Tarix Klubu"nun sədri öz çıxışında qurumun məqsədi və qarşıya qoyduğu vəzifələrdən danışaraq qeyd etmişdir ki, məqsədimiz Azərbaycan tarixini, mədəniyyətini, mənəvi dəyərlərimizi araşdırmaq və gənclərimiz arasında təbliğ etməkdir.
Tədbirdə çıxış edən Suraxanı Rayonu Gənclər mərkəzinin direktoru Natavan xanım Rüstəmova yeni yaradılan klubun nəzərdə tutulan fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verərərək, kluba hər cür dəstək verəcəklərini vurğulamışdır.
Suraxanı Gənclər Mərkəzinin metodisti Kamil Yagubov "Qaraxanlı Tarix Klubu"nun sədri Kənan Məmmədovu təbrik edərək çıxışını dövlətimizin hər zaman gənclərin yanında olduğunu və onlara dəstək verdiyi söyləməklə tamamlayıb.
Geniş məruzə ilə çıxış edən tarixçi-alim Dilavər Əzimli tarix elminin əhəmiyyəti və bu fənnin öyrənilməsinin vacibliyi barədə çox önəmli nüanslara toxunmuş və tariximizin öyrənilməsinin vacibliyini qeyd etmişdir.
Azərbaycan Dövlət Pedaqoji Universiteti "Azərbaycan tarixi" kafedrasının müəllimi Dos.Dr. Mübariz Ağalarlı öz çıxışı zamanı tariximizin parlaq səhifələrindən bəhs edərək azərbaycan xalqının qədim mədəniyyətə və sivilizasiyaya sahib olan xalqlar arasında ön sıralarda olduğunu vurğulamışdır.Natiq həmçinin ADPU rəhbərliyinin ictimai fəaliyyətlə və elm-təhsilin təbliği ilə məşğul olan tələbələrə daima dəstək olduğunu bildirmiş, "Qaraxanlı Tarix Klubu"nun sədri Kənan Məmmədovun ADPU-nun tələbəsi olduğunu qürurverici bir hal kimi dəyərləndirmişdir.Mübariz Ağalarlı eyni zamanda Suraxanı Rayon Gənclər Evi ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında mümkün əməkdaşlığın əhəmiyyətindən və zəruriliyindən də bəhs etmişdir.
ADPU-nun gənc müəllimi Oğuz Məmmədli isə öz növbəsində Otto fon Bismarkın "Paramparça olmuş Almaniyamızın əsl qurucuları, tarixi öyrədən müəllimlərimiz və öyrənən tələbələrimizdir" fikirlərini qeyd edərək bu elmin öyrənilməsinin vacibliyinə diqqət çəkərək sonda Kənan Məmmədovu təbrik etmişdir.
Daha sonra tədbirin xüsusi qonaqlarından biri, məşhur jurnalist Savalan Talıblı klub haqqında öz dəyərli fikirlərini səsləndirib "Qaraxanlı Tarix Klubu"na fəaliyyəti ilə bağlı müvəffəqiyyət arzulayıb.Ən sonda qonaqlar və tədbir iştirakçıları ilə xatirə şəkili çəkdirilib.