Xəbərlər / Şikayət
Sabiq deputat qanunsuz torpaq zəbt edib- Şikayət
11-03-2018, 11:28
Beyləqan rayonundan keçmiş deputat Ayaz Orucov vəzifə səlahiyyətindən sui-istifadə edərək bir ailəyə məxsus əmlakı zəbt edib. Bu haqda əmlakı zəbt olunan vətəndaş Ruhid Məhəmməd oğlu Əliyev "Yeni Müsavat”a ünvanladığı müraciətdə qeyd edib.
Vətəndaş bildirir ki, Beyləqan rayonunun mərkəzində qanuni sənədləri olan 20 sot torpağını qanunsuz olaraq zəbt edərək məcburi şəkildə əllərindən alıblar: "Hakimiyyətin ona olan etimadından istifadə edərək başqalarının malını, mülkünü qanunsuz zəbt edib özününkiləşdirən Ayaz Orucov və onun tərəfdarları barəsində heç bir tədbir görülməyib. Bu barədə müvafiq hüquq-mühafizə orqanlarına şikayət etsək də, Ayaz Orucovun yüksək vəzifəli dostlarının hesabına şikayətimiz baxılmamış saxlanılıb. Məlumat üçün nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ, qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Cinayət Məcəlləsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama torpaq sahəsini başqa üsullarla özbaşına tutma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti işlərini aparma 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Buna baxmayaraq hələ də Ayaz Orucov və onun tərəfdarları barədə cinayət işi açılmayıb və cinayət məsuliyyətinə cəlb olunmayıblar. Beyləqan rayonunda bizim ailəyə məxsus əmlakı zəbt edən, düşmənimiz mənfur erməni qəsbkarlarından fərqi olmayan Ayaz Orucova qarşı olan şikayətimizi öz nəzarətinizə götürməyinizi sizdən artıq dərəcədə xahiş edirəm. Ümid edirik Ayaz Orucov və onun tərəfdarları törətdikləri cinayət əməllərinə görə layiqli cəzalarını alacaqlar. Vətəndaşların müraciəti haqqında qanuna əsasən mənim şikayət ərizəmi aidiyyəti orqanlara göndərməyinizi xahiş edirəm”.