Siyasət

Rusiyadan Azərbaycana zərbə

30-12-2016, 00:31
Rusiyadan Azərbaycana zərbə

"Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının (KTMT) Katibliyində Ermənistan Respublikasının Çinari kəndi yaxınlığında silahlı insident haqqında məlumatı xüsusi narahatlıqla qarşılayıblar. KTMT üzvü olan dövlətin ərazisində, xüsusən, bu ilin aprel ayında Dağlıq Qarabağ Respublikasında ağır silah və zirehli texnikadan istifadə ilə kifayət qədər ağır insident fonunda bu cür addımları təxribat kimi dəyərləndiririk”. Bu barədə KTMT baş katibi Nikolay Bordyujanın bəyanatında deyilir.

"Hər iki tərəfin, habelə bir sıra dövlət liderlərinin göstərdiyi səyləri nəzərə alaraq, Dağlıq Qarabağ probleminin nizamlanması prosesinin nəhayət daha fəal gedəcəyini düşünürdük. Amma son vaxtlar regiondan daxil olan atəşkəs razılaşmalarının müntəzəm olaraq pozulması haqqında məlumatlar, xüsusən dekabrın 29-da hərbi qulluqçuların ölümünə gətirib çıxaran növbəti insident ciddi narahatlıq doğurur”, deyə bəyanatda qeyd edilib.

Öz növbəsində, Azərbaycan Xarici İşlər Nazirliyi bəynatında Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının Baş katibinin fikirlərinə münasibət bildirib.

Sənəddə deyilir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun 29 dekabrda Ermənistan-Azərbaycan dövlət sərhədində törətdiyi növbəti təxribatını və qəsdən vəziyyəti gərginləşdirməyə yönəlmiş əməllərini kəskin şəkildə pisləyir.

"Ermənistan və Azərbaycan Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində aparılmış müzakirələrə uyğun olaraq, münaqişənin həlli istiqamətində konkret addımlar atmaq və substantiv danışıqlarda iştirak etmək əvəzinə Ermənistan müxtəlif təxribatçı əməlləri ilə danışıqları pozmağa, Azərbaycana qarşı təcavüzünü davam etdirməyə, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində öz mövcudluğunu gücləndirməyə, üçüncü tərəfi münaqişəyə cəlb etməyə cəhd göstərərək mövcud status-kvonu saxlamağa çalışır.

Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünü davam etdirməsi və Ermənistan qoşunlarının Azərbaycanın suveren ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdiddir, atəşkəsin pozulmasının və insidentlərin baş verməsinin əsas səbəbidir. Ermənistanın təxribat və təhriki ilə apreldə yaranmış gərginlik bunun bariz nümunəsidir”.

Xarici İşlər Nazirliyi Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının Baş katibinin məsələ ilə əlaqədar şərhini birtərəfli hesab edir.

"KTMT-nin Baş katibinin təşkilatın üzv dövlətlərinin rəsmi mövqeyinə və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin mahiyyətinə zidd olaraq, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə "Dağlıq Qarabağ Respublikası” kimi müraciət etməsi qəbuledilməzdir. KTMT-nin Baş katibi hər hansı açıqlama və şərhlə çıxış etməzdən öncə vəziyyəti düzgün təhlil etməli və qiymətləndirməlidir. Ermənistanın KTMT-nin sonuncu Sankt-Peterburq zirvə görüşündən sonra növbəti məyusluğa uğrayaraq, belə bir növbəti təxribata əl atması istisna edilməməlidir”, sənəddə qeyd edilir.

Bəyanatda bildirilir ki, Azərbaycan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktı əsasında həll edilməsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalının nəticələrinin aradan qaldırılması, ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə səylərini və substantiv danışıqları davam etdirəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]