Texnologiya

«Bakinternet» Bakı sakinlərinə internet verir, yoxsa əziyyət?

10-11-2016, 22:28

Son günlər Bakıda «Bakinternet» provayderinin xidmətlərindən xeyli narazılıq yaranıb. Gün ərzində saytımızın onlarla oxucusu redaksiyamıza müraciət edərək, paytaxtın əsas internet provayderinin işindən şikayət edirlər.

Virtualaz.org xəbər verir ki, ilk narazılıq dalğası noyabrın 7-də, bazar ertəsi günü qeydə alındı. Həmin gün «Bakinternet», heç bir xəbərdarlıq etmədən, noyabr ayı üçün (!) internetə görə ödəniş etməmiş bütün abunəçilərə xidməti dayandırdı. Halbuki, həmin vaxta kimi ödəniş «post-faktum» qəbul edilirdi və oktyabr ayının ödənişi elə oktyabrın sonuna kimi ödənilmək şərtilə qəbul edilmişdi. Nəticədə, minlərlə paytaxt sakini həftəni internet problemi ilə açdı.

Lakin problemlər bununla bitmədi. Ödənişi etdikdən sonra belə internet xidməti bərpa edilmiş abunəçilər çətinliklərlə üzləşməli oldular. Bu gün səhər saatlarından başlayaraq «Bakinternet» öz xidmətlərini, belə demək mümkünsə, böyük fasilələrlə təqdim edir. 15 dəqiqə internet normal işləyirsə, sonrakı 15 dəqiqəni «dincəlmək» olar.

Hazırda bu xəbəri yazan virtualaz.org müxbiri «Bakinternet»in təqdim etdiyi internet xidmətinin bərpasını gözləməkdədir ki, yazını növbətçi redaktora yollaya bilsin.

Yeri gəlmişkən, problemlərdən biri də «Bakinternet»in «qaynar xətt»inin (155) operatorsuz xidmət göstərməsidir. Bu nömrəyə zəng edən abunəçilər robotun «dərdi» olan nömrənin daxil edilməsi xahişi ilə üzləşirlər, başqa sözlə, danışmaq üçün kimsəni tapa bilmirsən.

Budur, «Bakinternet» yenidən xətti açdı və yazını redaktora yollaya bilmək üçün onu elə buradaca bitirməliyəm. Çünki az sonra xətt yenidən bağlanacaq.

Bu arada, «Bakinternet»in məsələyə dair şərhini eşitmək istərdik. (Virtualaz.org)

Administratorla əlaqə

077 611-55-22

[email protected]