Gündəm / İslam

Dini qadağalar çıxış yoludurmu...

6-11-2016, 16:23

Dini sahədə məhdudiyyətlərin artması bizə nə vəd edir?

 

Ötən sayımızda ölkədəki dini vəziyyət barədə yazı təqdim etmişdik. Yazıda din-dövlət münasibətləri, xüsusilə də Qafqaz Müsəlmanları İdarəsi ətrafında vəziyyət, idarənin səlahiyyətlərinin məhdudlaşdırılması və ən əsası Şeyxin rəhbərlik etdiyi qurumun dini proseslərə təsir imkanlarını itirməsi, demək olar ki, prosesdən kənarda qalmasına toxunmuşduq.

Birinci yazıda dini vəziyyətlə bağlı bir sıra detalları, faktları qeyd etsək də, dini maarifçilik, dini təhsil məsələlərinin durumu və çıxış yolu haqda qeydlər yox idi. Əslində vəziyyətin xeyli dərəcədə narahatlıq doğurduğunu nəzərə alaraq bir sıra əlavələri etmək qərarına gəldik.

Məlum olduğu kimi, bir müddətdir dövlət orqanları Azərbaycanda dini radikalizm və xurafata qarşı kampaniya başladıb. Prosesin mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dayanır. Komitə əməkdaşları polis və digər dövlət orqanları xətti ilə ölkə ərazisində həm inzibati yollarla (qadağa, məhdudiyyət, cərimə və sair), həm də maarifçilik, yəni konfranslar, seminarlar vasitəsilə xurafat və radikalizmə qarşı mübarizə aparır. 

Bu proses artıq iki ilə yaxındır aparılır və DQİDK sədri Mübariz Qurbanlı mətbuata müsahibəsində tədbirlərin təsirini yüksək qiymətləndirib, qeyd edib ki, son bir ildə Azərbaycandan xaricə bir nəfə də olsun Suriya və ya İraqa savaşa getməyib.

Əlbəttə, bu faktın özü təqdirəlayiqdir. Ancaq bütün bunlar ənənəvi bir sualın cavabını vermir:Azərbaycanda dini təhsil və maarifçilik yetərlidirmi? Çünki hər kəsə aydındır ki, radikalizm və ya xurafat təhsilin, xüsusən də dini təhsilin olmadığı və ya bu işlərin lazımı ünvanlar tərəfindən aparılmadığı təqdirdə genişlənir. 

Azərbaycanda uzun müddət dini təhsil dəstəklənmədiyi və necə deyərlər sahibsiz buraxıldığı üçün radikal dini cərəyanlar Azərbaycanda yerləşərək gizli şəkildə dini təhsil fəaliyyətləri apararaq özlərinə tərəfdar topladılar. Çünki insanlar, xüsusən də gənclər dini öyrənmək ehtiyacını qarşılamaq üçün axtarışlar edirlər və bu zaman leqal qurumlar olmadıqda qeyri-leqal, gizli dini təhsil mərkəzlərinin toruna düşürlər.

Məsələ ondadır ki, bu mövzu yalnız Azərbaycan deyil, bütövlükdə müsəlman ölkələri, ümumilikdə dünyanın bütün ölkələri üçün aktualdır. Çünki son illərdə məlum oldu ki, radikal dini qrupların təsiri altına düşən insanlar bütün ölkələrdə var. Bunun qarşısını almaq isə demək olar ki, mümkünsüzdür. Bunu Azərbaycan dövlət orqanının bacarması fövqəladə hadisədir.

Yuxarıda da qeyd etdiyimiz kimi, hazırda Azərbaycanda dini sahədə hiss olunan əsas tendensiya dövlət qurumlarının davamlı olaraq radikalizm və xurafat əleyhinə tədbirlər və paralel olaraq polis və DQİDK rəsmilərinin apardığı reydlərdir. Məsələn, son olaraq Komitənin yaydığı rəsmi məlumatda qeyd olunur ki, müvafiq razılığı olmayan və nəzarət markası ilə markalanmamış 421 dini təyinatlı ədəbiyyat aşkarlanıb. Noyabrın 3-də DQİDK, DİN və digər hüquq-mühafizə orqanları ilə birgə Bakıda dini təyinatlı ədəbiyyatın, habelə mal və məmulatların satışı ilə məşğul olan 9 mağazada daha bir reyd keçirib.

Monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatların və məmulatların satışı ilə məşğul olan məntəqələrin fəaliyyətinin, həmin ədəbiyyatların istehsal və satışı, eləcə də onların nəzarət markası ilə markalanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyənləşdirilməsindən ibarət olub. Bu proses artıq davamlı olaraq aparılır.

Xatırladım ki, Azərbaycanda bir neçə il əvvəl dəyişdirilmiş qanunvericiliyə əsasən ölkə ərazisində dini təyinatlı məhsulların və dini ədəbiyyatın satışına razılığı DQİDK verir. "Yeni Müsavat”ın dövlət komitəsinə verdiyi yazılı sorğuya cavab olaraq bildirdilər ki, "Dini etiqad azadlığı haqqında” Qanunun 22-ci maddəsinə əsasən, nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir. Rəsmi məlumatdan belə aydın olur ki, Azərbaycan paytaxtında hazırda yalnız 23 mağazanın dini kitab və əşyaları satmaq hüququ var. Bizə çatan son məlumata görə, hazırda Bakı ilə yanaşı ölkənin bütün bölgələrində dini məzmunlu əşya və ədəbiyyatlar demək olar ki, satılmır. Satanlar isə ifşa olunaraq əşyaları müsadirə edilir.

Müsəlman ölkəsinin paytaxtında dini əşya və kitabların satış nöqtələrinin bu qədər məhdudlaşması istər-istəməz adamın ağlına sovet zamanını xatırladır. Yəni artıq faktiki olaraq məhdudlaşdırma var və bunun bir nəticəsi gözlənilir: Ümumiyyətlə, 21-ci əsrdə dini kitab satışının yasaqlanmasının effekti özü də şübhəlidir. Amma istənilən halda, təcrübəyə əsasən bir fəaliyyət tamamən qadağan ediləndə onu yox etmək olmur, əksinə, gizli şəkildə davam edir.

Daha bir ağrılı məsələ isə dini təbliğat mövzusudur. Azərbaycanda dini təhsilin müxtəlif pilələrini həyata keçirən çoxlu sayda təhsil müəssisələri mövcuddur. Bakı İslam Universiteti, BDU İlahiyyat Fakültəsi ali dini təhsil verir, eyni zamanda mədrəsələr, kurslar fəaliyyət göstərir. Hər kəsə bəllidir ki, dini təhsilin ilkin mərhələsi, necə deyərlər, əlifbası Quran öyrənməkdir. Adətən yeniyetmə gənclər və uşaqlar Quran kurslarına gedir, ilkin dini biliklərini və əsas müqəddəs kitabı oxumağa öyrənir.

Sonuncu dəfə 2007-ci ildə Azərbaycan hökuməti dini icmaların yenidən qeydiyyatdan keçməsi ilə əlaqədar onların qeydiyyatları ləğv olunub. Ləğv olunan icmalarla yanaşı, icmaların tərkibində fəaliyyət göstərən 19 Quran kursu da bağlanmışdı. O kursların taleyi dəqiq bilinməsə də, onların çoxunun yenidən qeydiyyata alınmadığı məlumdur.
Hazırda Azərbaycanda 600-dən artıq müsəlman dini icması dövlət qeydiyyatına alınıb. Ancaq ölkə üzrə nə qədər Quran öyrənmə mərkəzinin olduğu haqda sualımıza cavab olaraq DQİDK-dən bildirdilər ki, "Dini etiqad azadlığı haqqında” qanununun 6-cı maddəsinə əsasən, dini qurumlar tərəfindən gənclərin və yaşlıların müqəddəs kitabları öyrənmə kursları (qrupları) həmin dini qurumların nizamnamələrinə uyğun olaraq, tabe olduqları dini mərkəz və idarələrin razılığı ilə yaradılır. Qanuna görə, İslam dini icmaları Qafqaz Müsəlmanları İdarəsinə tabe olduqları üçün Quran kursları yalnız həmin dini idarənin razılığı ilə yaradıla bilər. Eyni zamanda qanunvericiliyə əsasən kurslar yaradılarkən dövlət qurumu məlumatlandırılır.

Yəni göründüyü kimi, son illərdə qanunların dəyişdirilməsi nəticəsində həm də din öyrənmək faktiki olaraq ciddi şəkildə məhdudlaşdırılıb. Ancaq bu məhdudlaşdırma effektli olacaqmı? Hazırda kitabların internet üzərindən sürətlə yayılması imkanları mövcuddur, üstəlik açıq satışı qadağan edilən ədəbiyyatların gizli satışı artacaq ki. bu da sahə ilə bağlı dəqiq məlumata malik olmaq yollarını bağlayacaq.

Və ən əsası bu cür məhdudlaşdırma dini təhsilin yenidən gizliləşməsinə, qeyri-leqal fəaliyyətə çevrilməsinə səbəb olacaq. Nəticədə isə ən pis variant, yəni dini fəaliyyətin yenidən radikal qrupların, gizli camaatların əlində keçməsi deməkdir. Bunun daha uyğun yolu bu fəaliyyətlərin nəzarət altında, açıq şəkildə olması onun qanunlarla nizamlanmasını daha asan edir, nəinki məhdudiyyətlərlə olanda.

Ötən yazıda da qeyd etdik ki, QMİ-nin bir qurum olaraq həddən artıq passiv olması son nəticədə dövlət orqanlarının bu prosesdə müdaxiləsini şərtləndirdi. Çünki dövlətin uzun illər din sahəsini QMİ-yə verməsinə baxmayaraq bu qurumun faktiki olaraq din sahəsində ciddi fəaliyyəti olmadı. Nəticədə dövlət orqanları indi dini proseslərin əsas idarəçisinə çevrilib. Bu məsələnin konstitusiyamızdakı dinin dövlətdən ayrı olması müddəası ilə uyğun gəlmədiyini qeyd etmişik. Bu məsələnin mənfi tərəfi odur ki, dövlət orqanlarının bir qayda olaraq müdaxiləsi məhdudiyyətlər üzərindən olur, çünki alternativin hazırlanması daha uzun müddətli və uzun bir prosesdir.

Davam edən bu prosesin nə qədər effektiv olacağını zaman göstərəcək. Ancaq yaşanılmış təcrübə göstərir ki, din sahəsi yalnız məhdudiyyətlərlə idarə oluna bilməz. İnsanların inanc ehtiyacları var və bunu təmin etmək, dini bilikləri əldə etmək bir mənada fitrətdən gələn tələbdir. Bunu qadağan etməklə deyil, əksinə, daha yaxşı, sağlam alternativ təklif etməklə problemi həll etmək olar. Unutmaq olmaz ki, bu gün ortaya çıxan bütün radikal, terrorçu dini qruplar zamanında gizli şəkildə fəaliyyət göstərib, qadağalar, məhdudiyyətlər dövründə yaranaraq formalaşıb.

KƏNAN

Administratorla əlaqə

077 611-55-22

[email protected]